Auksiona çıxarılan Ermənistanın başlanğıc qiyməti – 357 milyon dollar
Siyasət

Auksiona çıxarılan Ermənistanın başlanğıc qiyməti – 357 milyon dollar

Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün başa çatmasından sonra düşmən ölkənin atəşkəsi pozması xəbis niyyəti büruzə verdi. Qərbin dəstəyinin arxasında gizlənən haylar dərhal təxribata əl atdılar. Lakin Ermənistan hökumətindən fərqli olaraq erməni xalqı dünənki görüşü rüsvayçılıq hesab edib. Haylara məxsus KİV-lər müştərək konfransın Qərb üçün "soyuq duş", Rusiya üçün isə məsxərə mövzusuna çevrildiyini yazır. Görüşdə Avropa İttifaqının Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro (292 milyon dollar), ABŞ-ın isə 65 milyon dollar yardım ayırması barədə razılığa gəlinib. Boyunduruğundan çıxmaq istədiyi Rusiya ilə təkcə bu ilin ilk 2 ayında ticarət dövriyyəsinin miqdarı 2,4 milyard dollar olan Ermənistan üçün Qərbin bu yardımı, sözsüz ki, "cibxərcliyi" hesab oluna bilər. Bəs hayların yol ayrımında qaldığı bu məsələdə Ermənistan hökuməti niyə Qərbin marioneti olmaq həvəsindən əl çəkmək istəmir?

Müştərək konfransdan əvvəl Ermənistan hökumətinin qərbyönümlü nümayəndələri Brüsseldə ölkəsinin adına böyük dəyişikliklərin baş verəcəyi, Ermənistanla təhlükəsizlik paktının imzalanacağı və Aİ-yə üzv olmaq üçün danışıqların başlayacağı fonu yaratsalar da, bütün bu məsələlər gizli formada müzakirə edildi, mətbuata isə bu barədə heç bir açıqlama verilmədi. Viza rejiminin liberallaşdırılmasında və ya Ermənistana silah verilməsində irəliləyiş əldə olunacağına dair gözləntilər də var idi, lakin bu da özünü doğrultmadı. Ermənistan hakimiyyəti görüşdən bir müddət əvvəl Rusiya, Türkiyə və Azərbaycanın Brüssel müzakirələrinin hərbi əməkdaşlıqla bağlı mövcud narahatlıqlarını əsassız hesab edərək, onun sırf iqtisadi məsələləri əhatə edəcəyinə işarə vurmuşdu. Lakin aprelin 4-də Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsselə səfəri bu fikirlərin əsassız olmadığını göstərdi. Daha sonra məsələdən duyuq düşən erməni xalqına açıqlama məqsədilə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan görüşün əsasən iqtisadi və humanitar məsələlərlə bağlı olacağını bildirdi və hətta bunu böyük geosiyasi hadisəyə çevirməməyə çağırdı. Yaxşı, bu zaman ortaya bir sual çıxır - Armen Qriqoryanın ölkəsinin iqtisadi məsələləri müzakirə etdiyi Brüsseldə nə işi var?

Brüssel görüşündə demək olar ki, hərraca çıxarılan Ermənistanın başlanğıc qiyməti də göstərildi - 357 milyon dollar. Bu pul isə təbii ki, Ermənistana baha başa gələcək. Erməni mediası bildirir ki, Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən sonra vəd etdiyi 2,6 milyard avronun indiyə kimi sadəcə 1 faizini ödəyib. Belə olan halda Qərbin Ermənistanla bağlı qaranlıq planları üzə çıxır. Maliyyə yardımlarının "bədəl"i bir müddət sonra bəlli olacaq. Hələlik isə Ermənistanın baş naziri Nikol Paşinyan Avropanı su yoluna döndərməyə davam edir. Bəlkə də heç Nikol özü də bu "yol əhvalatı"nın acı nəticələrindən xəbərsizdir, köləsi olduğu dövlətlərin "nə ...iski" olacağını bilmir. Əks halda, ABŞ və Fransa kimi qanlı tarixi olan zəngin imperialist ölkələrin boyunduruğu altına keçmək heç də məntiqli görünmür.

Avropa Birliyi və ABŞ görüşdə bölgə ilə əlaqəli məkrli məqsədlərini də gizlətməyiblər: İran, Rusiya və Çinin bölgədəki təsirini azaltmaq. Bütün addımlar bu məqsədə çatmaq üçün hesablanıb. Bu ucuz piar aksiyasından ibarət idi. ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, dəstəyin böyük hissəsi informasiya axınlarının diversifikasiyası üçün Ermənistana yönəldiləcək. Bu isə LGBT mövzusundan başlayaraq anti-Rusiya, anti-İran və anti-Azərbaycan gündəliyinin təbliği deməkdir. Qərb bu yolla erməni KİV-lərini də nəzarəti altına almaq istəyir. Ölkədə cinsi azlığın da təbliğ olunması hiyləgər planın bir parçasıdır. Erməni xalqı bu yolla "müasirləşdiyi"ni düşünəcək və haylar regiondan təcrid ediləcək.

Erməni xalqının ümidlərini doğrultmayan Nikol Paşinyan ölkəsinin plasdarma çevrilməsinə imza atdı. Vizanın liberallaşdırılması və Aİ-yə üzvlük məsələlərinin müzakirə olunacağını gözləyən haylara Brüssel auksion (hərrac) məbləğini bildirib. Çətin ki, Ermənistan gələcək illərdə bu boyunduruğu çıxara bilsin. Viza və Aİ-yə üzvlük məsələləri müsbət gedişata qədəm qoysa belə bunun erməni xalqına xoşbəxtlik ya bədbəxtlik gətirəcəyi müəmmalıdır. Avropa İttifaqına daxil olmaq üçün işğal etdiyi kəndləri qaytarmalı olan Ermənistan hökuməti beləcə çətin dilemma qarşısında qalacaq. Azərbaycan isə öz istədiyinə nail olacaq, haqq bərqərar olunacaq. Deməli, haylar Qərbin başlatdığı oyunda həmişəki kimi erkən "dəsmal atma"ğa məcbur qalacaqlar.

Qərb bloku ilk olaraq Gürcüstanda rəngli inqilab ssenarisi hazırlamaqla Ermənistanın Qara dənizə çıxışını təmin etmək istəyirdi. Lakin ölkəmizin sürətlə inkişafı, öz haqqını özü bərpa etməsi nəticəsində 44 günlük müharibədə qazanılan Qələbə Qərbi yeni plan cızmağa vadar etdi. Ölkə başçısı İlham Əliyevin Antoni Blinkenlə telefon danışığı əsnasında qeyd etdiyi ayırıcı xətlər məsələsinin kökü də məhz buradan başlayır. Qərbin yeni məqsədi Ermənistanın tam olaraq nəzarətə götürülməsidir. İtaliyanın nüfuzlu "Politico" nəşri də bu məsələ barəsində geniş material dərc edib. Yazıda Avropa İttifaqı və ABŞ-ın Ermənistanı Qərbə sürükləmək üçün "əlini cibinə atdı"ğından bəhs olunub. "Politico" həmçinin müştərək konfransda Ermənistanın Azərbaycanın silahlanmasına dair "sənədlər"i Aİ və ABŞ-a təqdim etdiyi də qeyd olunub. Bu isə onu göstərir ki, görüş təkcə iqtisadi ab-havada baş tutmayıb, hərbi məsələlər də müzakirə olunub. Sözügedən məqamı qüvvətləndirən digər bir məsələ isə ondan ibarətdir ki, Avropa İttifaqı və ABŞ belə cüzi miqdarda yardım üçün kifayət qədər dəbdəbəli görüş təşkil etməzdi.

Qərbin Ermənistanı hədəf kimi seçməsi isə bir neçə il əvvəldən başlayıb. 2019-cu ildə ABŞ-ın "Rand Corporation" kəşfiyyat analitik mərkəzinin Cənubi Qafqazla bağlı hesabatında regionda ən böyük səfirliyin məhz Ermənistanda olması qeyd olunub. Bu gün faktiki olaraq ABŞ-ın Ermənistandakı səfirliyində 2 min nəfər işçi var. Düşmən ölkədə amerikalı hərbi işçilərin bir qrupu, Pentaqonun nəzarət etdiyi xüsusi qurumlar və USAİD-in olması bu ölkənin ABŞ tərəfindən çıxılmaz tunelə salındığını göstərir. Məhz Birləşmiş Ştatların Vudro Vilsonla başlatdığı "böyük Ermənistan" xülyasının yerlə-yeksan edilməsindən sonra yarımçıq qalan işin tamamlanmasına başlanılıb. Lakin yəqin ki ermənilər üçün tarix bu dəfə də təkərrür edəcək. Ötən əsrin 20-ci illərində də Osmanlılara qarşı silahlandırılan ermənilər məğlubiyyətə düçar oldu. 1920-ci ildə imzalanan "Sevr" müqaviləsində ABŞ-ın 28-ci prezidenti Vudro Vilson Ermənistana geniş ərazilər vəd etmişdi. Ümumiyyətlə Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Lakin ABŞ sona kimi "Vilson Ermənistanı" adlandırılan təxribatçı ünsürlərin arxasında dura bilmədi və qaçdı. Tarix boyu strategiyasını dəyişməyən iki dövlət - aranı qızışdırıb qaçan Amerika və fitnələrə uyub təxribat törədən Ermənistan bu dəfə də yeni planlar üzərində "baş sındırır". Lakin nəticə yenə eyni olacaq. ABŞ vəziyyəti gərginləşdirib aradan çıxacaq, Ermənistanı isə Ukrayna, Suriya və Livanın aqibəti gözləyir. Bu baxımdan, rəsmi İrəvan bu kimi hiyləgərliklərə uymamalı, Azərbaycanın sülh və sabitlik modelinə dəstək verməlidir.

Tacir SADIQOV,

"Respublika".