Ölkəmiz regionda təhlükəsizliyi və əmin-amanlığı təşviq edir
Siyasət

Ölkəmiz regionda təhlükəsizliyi və əmin-amanlığı təşviq edir

Bu gün yenidən formalaşan, qütbləşən dünya nizamında münaqişələr, toqquşmalar, terror hadisələri artır, hərbi təhdidlərin miqyası genişlənir. Beynəlxalq təhlükəsizlik sisteminin zəiflədiyi, hüququn işləmədiyi bir dövrdə dünyanın yenidən bölüşdürülməsi prosesi baş verir.

Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə gedən Rusiya-Ukrayna müharibəsi, İran-İsrail qarşıdurması regionda sabitliyə, təhlükəsizliyə təhdid yaradır. Qərb digər bir münaqişə ocağını isə Cənubi Qafqazda alovlandırmağa davamlı cəhd göstərir və bu məqsədini reallaşdırmaq üçün Ermənistandan istifadə edir.

Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın təcavüzkarlığı nəticəsində Cənubi Qafqazda münaqişələr səngimir, regionda qeyri-sabitlik hökm sürürdü. Ərazilərinin 20 faizdən çox hissəsi işğal olunan Azərbaycan münaqişənin sülh yolu ilə həllinə səy göstərsə də, qarşı tərəfin destruktiv mövqeyi, eyni zamanda havadarlarının dəstəyi ilə Qarabağ münaqişəsi 30 il davam etdi. 2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsi və ötən il keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regionda təhlükəsizliyin, əmin-amanlığın bərqərar olması üçün əlverişli zəmin yarandı. 44 günlük müharibədə qalib tərəf olsa da, düşmən ölkəyə sülh təklif edən Azərbaycan 23 saatlıq antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının ölkəmizin qanunları altında yaşaya biləcəklərini, azərbaycanlılarla eyni hüquqa malik olacaqlarını bildirdi, onlara inteqrasiya üçün hər cür imkan və şərait yaradıldı. Lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciətində ölkə başçımız bu barədə demişdir: "İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır... Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır".

Yalnız yerləşdiyi regionda deyil, bütün dünyada sülhün təminatçısı kimi tanınan Azərbaycan üçün öz vətəndaşlarının təhlükəsizliyi hər zaman prioritet olub və dövlətimiz qonşu ölkələrlə mehriban şəraitdə birgəyaşayışa böyük önəm verib. Humanist ideyalara sadiq qalan Azərbaycanın ərazilərini işğal edib, vətəndaşlarını soyqırımına, deportasiyalara məruz qoyan düşmən ölkəyə sülh təklif etməsi də məhz bu amildən qaynaqlanır. Ölkəmizin regionda sülhün təmin olunması naminə atdığı addımlara məhəl qoymayan Ermənistan isə hələ də manipulyasiyadan əl çəkmir, sülh prosesini məqsədli şəkildə ləngidir. Qərb blokunun Cənubi Qafqaza müdaxilə cəhdi, şirnikləndirilən Ermənistan onların fitvasına getməklə müharibəyə, münaqişəyə sürüklənir.

Havadarlarına bel bağlayan Hayastan regionun lider dövləti olan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaqla iki ölkə arasında münasibətləri normallaşdırmaq əvəzinə, bəzi dövlətlərlə hərbi əməkdaşlığı genişləndirərək yeni müharibəyə hazırlaşır. Hər vəchlə sülh müqaviləsini imzalamaqdan yayınaraq təlimat aldığı Qərbin məkrli planlarını reallaşdırmasına rəvac verən Ermənistan regionda faciələrin baş verəcəyini anlamaq istəmir. Ölkəmizə qarşı beynəlxalq təsir mexanizmini gücləndirmək niyyəti ilə hər vasitəyə əl atan düşmən ölkə son aqibətinin necə olacağını dərk etmir. Və unudur ki, "əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir", - sözləri Azərbaycanın dövlət başçısının qəti mövqeyini əks etdirir. Odur ki, havadarlarının yalan vədlərinə uyub regionda sabitliyi təhdid edən siyasət yürüdən Ermənistanın çıxış yolu yalnız sülh sazişinin imzalanmasından keçir. Əks təqdirdə, öz maraqları üçün onu hədəf seçən dövlətlərin "ipi üstünə odun yığan" Hayastan üçün gələcək heç də aydın görünmür. Çünki həm iqtisadi, həm hərbi cəhətdən, ən əsası isə ordunun mənəvi ruh yüksəkliyi baxımından üstün olan Azərbaycan regionda diktə edən tərəfdir və ölkəmizin daxili işlərinə heç bir ölkə qarışa bilməz. Müstəqil siyasət yürüdən Azərbaycan heç bir ölkənin ya istəyi, ya da təhriki ilə hərəkət etmir. Regional sabitliyin təmin olunmasını istəməyən, aranı qarışdırmaqla iki ölkə arasında münasibətləri gərgin saxlamağa çalışan Qərb bloku bunu çox yaxşı anladığından Ermənistanı əlindən buraxmaq istəmir. Lakin Cənubi Qafqazı Ermənistan vasitəsilə "qan çanağına" çevirmək, nəyin bahasına olursa-olsun bölgəyə yerləşmək və burada ölkəmizə qarşı koalisiya formalaşdıraraq regionda öz dominantlığını təmin etmək istəyən Qərb yeni təhlükə mənbəyi yaratmaq arzusunu həyata keçirə bilməyəcək. Çünki Azərbaycan regionda sülhü, əmin-amanlığı, təhlükəsizliyi təşviq edir və bunu qorumaq üçün qətiyyət göstərir.

Mehparə ƏLİYEVA,

"Respublika".