Növbəti ilin dövlət büdcəsi nələr vəd edir?
İQTİSADİYYAT

Növbəti ilin dövlət büdcəsi nələr vəd edir?

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və Təhsil, Ailə, Qadın və Uşaq Məsələləri, Səhiyyə Komitəsinin və Mədəniyyət Komitəsinin noyabr ayının 10-da birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub. 2023-cü il üçün 33 milyard 300 milyon manat (ÜDM-in 31,5 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22 milyard 635,7 milyon manatı və ya 68 faizi cari xərclər, 9 milyard 659,3 milyon manatı və ya 29 faizi əsaslı xərclər, 1 milyard 5 milyon manatı və ya 3 faizi dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclər üçün nəzərdə tutulmuşdur.

2023-cü ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməklə gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-in 29 faizi həcmində, yəni 30 milyard 720,7 milyon manat nəzərdə tutulur ki, bunun da 53 faizi və ya 16 milyard 297 milyon manatı neft sektorunun, 47 faizi və ya 14 milyard 423,7 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Ölkəmizin dövlət büdcəsinin ildən-ilə artırılması onun iqtisadi cəhətdən daha da güclənməsindən, inkişafından xəbər verir. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət və müəyyənləşdirilmiş strategiya Azərbaycan iqtisadiyyatını dünyada baş verən siyasi-iqtisadi böhranlardan qorumağa imkan verib. Belə ki, hazırkı böhranlı və çağırışlarla dolu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur. Eyni zamanda, dövlət büdcəsi daha çox sosialyönümlü tədbirlərin həyata keçirilməsinə hesablanıb. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpası məqsədilə dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Ötən illərdə isə bu sahəyə 2.5 milyard manat ayrılmışdır.

2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin miqyası olduqca genişdir. Azad olunmuş ərazilərdə yolların yenidən qurulması, dayanıqlı enerji təchizatının təmin olunması, o cümlədən Şuşa şəhərinin bərpası istiqamətində layihələrin icrasına başlanılmış, bu dövr ərzində bir sıra iri layihələr reallaşdırılmışdır. Zəngilan rayonunun Ağalı kəndinə bir qrup sakinin köçürülməsi, kənd orta məktəbinin fəaliyyətə başlaması dövlətin həyata keçirdiyi sosial siyasətin uğurlu nəticəsidir. Füzuli Hava Limanından sonra Zəngilan Hava Limanının da açılması görülən işlərin mühüm tərkib hissəsidir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Bu məqsədlə, ötən 2 ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə ümumilikdə 4 milyard 870 milyon manat vəsait xərclənmişdir.

Dövlət növbəti ildə sosialyönümlü layihələrə 15 milyard manat xərcləyəcək. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən büdcə müzakirəsi zamanı bildirib. Nazir qeyd edib ki, bu rəqəm bu ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. 2023-cü ilin büdcəsi hazırlanarkən iqtisadi artım 4,5 faiz, o cümlədən qeyri-neft sektorunda iqtisadi artım 4,6 faiz səviyyəsində nəzərə alınıb. İllik inflyasiya isə 6,3 faizdən götürülüb.

Son illərdə Azərbaycanın büdcə gəlirləri əsasən sosial xarakterlidir. 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərclərində bu illə müqayisədə 9,2 faiz artım müşahidə olunur. Ümumilikdə sosial xərclərin həcmi büdcənin 40 faizinə yaxındır. Büdcə xərclərində vacibliyinə görə əsas yerlərdən biri müdafiə xərcləridir. 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bu da cari illə müqayisədə 496 milyon manat və yaxud da 6,6 faiz çoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsini, ordu quruculuğunun müasirləşdirilməsini ən vacib vəzifələr sırasına daxil edib. Azərbaycan dövlət büdcəsindən ayırdığı müdafiə xərclərini artırmaqla, bu vəsaiti hərbi bazanın daha da gücləndirilməsinə xərcləyəcək.

Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat, 2022-ci ildə 371 manat təşkil edirdisə, 2023-cü il üçün isə 423 manat nəzərdə tutulur. Ümumilikdə, son 4 ildə əmək pensiyalarının orta aylıq məbləği 120 manatdan çox artıb. Növbəti il üçün hətta yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarda da artım nəzərdə tutulub.

 2023-cü ildə səhiyyə xərcləri üçün cari illə müqayisədə 198 milyon manat və yaxud 11,6 faiz çox vəsait ayrılacaq. Bununla da səhiyyə xərcləri 1 milyard 906 milyon manat təşkil edəcək. Onu da qeyd edək ki, növbəti ildə mədəniyyət və incəsənət xərcləri üçün isə 227 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7 milyon manat və yaxud da 3,2 faiz çoxdur. İcbari Tibbi Sığorta üçün isə dövlət büdcəsindən 1 milyard 263 milyon manat vəsait ayrıldığı qeyd olunur. 2023-cü ilin dövlət büdcəsində daha bir mühüm sahəyə, təhsil xərclərinə 4.4 milyard manat ayrılacaq.

Ehtimal olunur ki, gələn il dünyada böhranlar baş verə bilər. Baş verə biləcək, əsasən gözlənilən böhranlardan biri də ərzaq qıtlığının yaranmasıdır. Bu səbəbdən də Azərbaycan mümkün qədər ərzaq idxalından asılılığını azaltmağa çalışır. Görünür, bu risklər nəzərə alındığından gələn ilin büdcəsində kənd təsərrüfatının inkişafı üzrə xərclər cari illə müqayisədə 20,5 faiz artırılıb. Odur ki, hökumət ərzaq təhlükəsizliyi probleminə çox ciddi yanaşır. Gələn ilin dövlət büdcəsində diqqəti cəlb edən məqamlardan biri də ümumi dövlət xərclərinin azaldılması, sosial və iqtisadi sahələrin inkişafına isə əvvəlki ildən xeyli çox vəsait ayrılmasıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".