Taxıl biçini:  Məhsuldarlıq yüksəkdir
İQTİSADİYYAT

Taxıl biçini:  Məhsuldarlıq yüksəkdir

İSMAYILLI

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanında ölkədə bu sahənin inkişafı üçün aqrar sektorun qarşısında çox vacib və konkret vəzifələr qoyulub. Dövlət başçısının tapşırığına əsasən digər bölgələrdə olduğu kimi, İsmayıllı rayonunda da böyük işlər görülür.

İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev əməkdaşımızla söhbətində bildirib ki, cari ilin məhsulu üçün ötən ilin payızında 31019 hektar, o cümlədən 23076 hektar sahədə buğda, 7886 sahədə dən üçün arpa, 57 hektar sahədə isə xəsil (yaşıl yem) üçün arpa əkilmişdir. Səpində sertifikatlı toxumdan istifadə olunub. Şumaltı gübrə tətbiq olunub. Yazda 27980 hektar sahəyə yemləmə gübrəsi verilib, 28520 hektarda alaq otlarına və yabanı vələmirə qarşı mübarizə tədbiri aparılmışdır.

Hava şəraiti ilə bağlı təsərrüfatlarda qarşılaşan problemlərə toxunan mərkəzin direktoru qeyd etdi ki, bu ilin aprel ayı ərzində, xüsusi ilə ayın 15-dən sonra əsən güclü və isti küləklər əkin sahələrinə, daha çox rayonun qərb zonasının əkinlərinə ciddi ziyan vurmuşdur. Nəticədə 776 hektar, o cümlədən 407 hektar buğda, 309 hektar arpa sahəsi tamamilə məhv olmuşdur.

Rayonda hazırda taxıl biçini davam edir. Bu günədək 10 min hektardan çox sahədə biçin aparılıb, 32276,1 ton məhsul əldə olunub. Məhsuldarlıq hektardan 31.5 sentner təşkil edir. Bundan 4840 hektar buğda sahəsinin hər hektarından 31.7 sentner olmaqla 15342.8 ton, 5410 hektar arpa sahəsinin hər hektarından 31.3 sentner olmaqla 16933.3 ton məhsul əldə olunub.

Qeyd edək ki, ötən il rayon üzrə 31,2 min hektar taxıl əkini sahəsindən 107,6 min ton məhsul istehsal edilib, məhsuldarlıq hər hektardan 34,5 sentner olub.

M.QULUYEV,

"Respublika".

 

LERİK

Lerik qədimdən çörəkli rayon kimi tanınır. Taxılçılıq rayonun iqtisadiyyatında mühüm yer tutur. Əhalinin ruzisi torpaqdan çıxır. Keçən il dağlar diyarının kənd əməkçiləri 3058 hektar sahədə taxıl yetişdiriblər. Sahələrdən 6180 ton buğda, 257,3 ton arpa, 321,7 ton çovdar tədarük olunub. Bəs builki vəziyyət necədir? Taxılçılar hansı çətinliklərlə üzləşirlər? Sualımıza Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov aydınlıq gətirdi:

- Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Taxılçılıq əhalinin çörək və çörək məmulatlarına tələbatının ödənilməsində mühüm rol oynayır. Lerik respublikamızda taxılçılığın intensiv inkişaf etdirildiyi rayonlardan biridir. Fermerlərə dövlət dəstəyinin artırılması, subsidiyaların verilməsi, texnika və gübrələrlə təminatın yaxşılaşdırılması taxılçılığın inkişafında güclü stimul yaratmışdır.

Rayonun taxılçıları dövlətin qayğısından ruhlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar.

Bu il əvvəlki illə müqayisədə taxıl əkinləri 987 hektar genişləndirilib. Rayonun şəxsi və fermer təsərrüfatları tərəfindən 3548 hektar sahədə buğda, 143 hektar sahədə arpa, 160 hektar sahədə çovdar əkilib.

Artıq bir neçə gündür ki, biçin başlanıb. Sahələrə 15 ədəd kombayn çıxarılıb. Bunun 4-ü "Aqroservis" ASC-nin Lənkəran-Astara-Lerik bölməsinə, qalanları isə fiziki şəxslərə məxsusdur. Kombaynlardan 5-i müasir texnologiyalarla təchiz olunub, çətin, mürəkkəb dağlıq relyefdə biçin işlərini rahat, təhlükəsiz şəkildə həyata keçirir. Hər gün 100 hektara yaxın sahə biçilir.

Elin sərvətinin vaxtında və itkisiz yığılmasına Kənd Təsərrüfatı Nazirliyi və Lerik Rayon İcra Hakimiyyəti gündəlik nəzarət edir. İcra başçısı Əkbər Abbasov Murya və digər kəndlərdə fermerlərlə iş başında görüşüb, taxılçıların çətinlikləri, qayğıları ilə maraqlanıb. Məhsulun itkisiz və qısa müddətdə yığılması üçün mütəxəssislərə, müvafiq idarə, müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının əkilməsi hesabına bu il məhsuldarlıq xeyli yüksəlib, - deyə Mahmud Zahidov bildirir. İndiyə kimi 1200 hektar arpa və buğda sahəsində biçin aparılıb. Ən yüksək nəticəyə Murya kəndinin taxılçıları nail olublar. Fermer Rafiq Cəfərov hektardan 45 sentner, Əlirza Kərimov 35 sentner məhsul götürüb. Nüvədi kəndində Gülverdi Əsgərovun yetişdirdiyi buğda sahəsində məhsuldarlıq əvvəlki illə müqayisədə artaraq 35 sentnerə çatıb.

Mükafat Yaqubov Xüsusi Təyinatlı Qüvvələrin xidmət rəisi olmuş baş leytenant, "Azərbaycan bayrağı" ordenli, Vətən müharibəsi şəhidi Əliqismət Yaqublunun atasıdır. Mükafat ata-baba yurdu olan Kələxan kəndində çovdar əkib.

Nücü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əfrail Şabanov Nücü və Lərmərud kəndlərinin şəxsi təsərrüfatlarında 70 hektar sahədə buğda əkildiyini bildirir. Bu, əvvəlki ildəkindən 15 hektar çoxdur. Taxılçılara dövlət tərəfindən subsidiya, gübrə, ziyanvericilərə qarşı dərman preparatları verilib. Biçilmiş sahələrdən yüksək məhsul əldə olunub.

Lərmərud kəndində Vasif Qurbanov Zığon adlı ərazidə 1,3 hektar sahədə yüksək reproduksiyalı, keyfiyyətli növlü buğda yetişdirib. Məhsulun ağırlığından kəhrəba sünbüllər əyilib. Gənc mexanizator Vahid kombaynı sahənin biçilməmiş hissəsinə yönəldir. Onun idarə etdiyi kombayn müasir texnologiya ilə təchiz olunub. Ən çətin relyefə malik ərazilərdə rahat işləyə bilir və məhsulu itkisiz yığmaq imkanına malikdir. İş gününün sonunda Vasif Qurbanov hektardan rekord səviyyədə - 50 sentner məhsul götürdüyünü deyir. Kənddə təsərrüfat başçılarından Qismət Həşimov 0,40 hektar sahədən 1,5 ton, Aydın Qurbanov 1 tona yaxın, Nücü kəndində Ədalət Məmmədov 1,5 hektardan 4 tona yaxın buğda istehsal etdiklərini bildirirlər.

İlkin nəticələr sevindiricidir. Kəhrəba zəmilər bol məhsuldan soraq verir. Rayonun taxılçıları yüksək nəticəyə nail olmaq üçün gecəni gündüzə qatır, taxılı vaxtında və itkisiz yığmaq üçün əzmlə çalışırlar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".

 

YARDIMLI

Yardımlı aqrar rayondur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Cari ilin məhsulu üçün 4284 hektar sahədə taxıl əkilib. Bu, əvvəlki illə müqayisədə 717,5 hektar çoxdur.

Şəxsi və fermer təsərrüfatları 4016 hektar sahədə buğda, 258 hektarda arpa, 10 hektar sahədə isə vələmir yetişdirib. Dağlıq ərazilərdə taxıl gec yetişdiyindən bu günlərdə biçinə start verilib. İlkin mərhələdə arpa sahələrində biçin aparılır. Məhsulu vaxtında və itkisiz yığmaq üçün qüvvələr səfərbər edilib.

"Aqroservis" ASC-nin Masallı-Yardımlı rayonları üzrə bölmə rəhbəri Hikmət Xəlilov rayonun mürəkkəb, çətin relyefə malik olduğunu, biçinin müasir texnikaların köməyilə aparıldığını vurğulayaraq deyir:

-Yardımlının taxıl səhələrində 23 kombayn işləyir. Bunun 10-u "Aqroservis" ASC-yə, 13-ü sahibkarlara məxsusdur. Kombaynlardan 5-i yenidir, hər birində GPS quraşdırılıb, çətin dağlıq relyefdə rahat, təhlükəsiz işləyir. Arpa biçini başa çatmaq üzrədir.

Yolocaq və Separadi kəndlərində arpa biçini yekunlaşıb. Zevin, Telavar, Ərus, Horoni, Bərcan və digər kəndlərdə buğda biçini başlayıb.

Kombaynçılardan Maşalla Məmmədov, Faiq Şiribəyov, Fərhad Əliyev, Mikayıl Məmmədov gündəlik normanı artıqlaması ilə yerinə yetirir. Rayonda taxıl sahələrinin təxminən 60 faizi biçilib. Əvvəlki illə müqayisədə taxıl boldur, məhsuldarlıq da yüksəkdir. Texnika sarıdan problem yoxdur. Taxıl biçini üçün təxminən bir ay nəzərdə tutulsa da, işlər vaxtından əvvəl başa çatırılacaqdır, - deyə Hikmət Xəlilov bildirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".