Müasir Azərbaycanın yüksəlişə qədəm qoyduğu gün
Tarix

Müasir Azərbaycanın yüksəlişə qədəm qoyduğu gün

Azərbaycanın ən çətin dönəmlərində xalqımıza rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev ölkəmizin dünyanın siyasi xəritəsində var olmasında  böyük pay sahibi olmuşdur. Məhz onun əməyi sayəsində bu gün hər bir azərbaycanlının Vətəni olan ölkəmiz öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. Gənc Azərbaycan üçün qarşıda görüləcək çox işin olduğunu söyləyən Heydər Əliyev artıq səhhətilə bağlı olaraq öz missiyasını başa çatdırdığını bildirir, siyasi kursu oğlu cənab İlham Əliyevə vermək üçün xalqa müraciət edirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ümummilli liderin cənab İlham Əliyevə böyük inam bəsləməsi əbəs yerə deyildi. Çünki o, gənc olmasına baxmayaraq, 2003-cü ilə qədər təyin olunduğu bİr sıra mühüm vəzifələri layiqincə icra edə bilmişdi. İlk növbədə İlham Əliyev ümummilli liderin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Bununla paralel olaraq 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib və xalqın arzu-istəklərini millət vəkili kimi daim dilə gətirib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsini icra edən cənab İlham Əliyev ölkəmizin beynəlxalq idman arenasında ön sıralarda yer almasında əvəzsiz xidmətlər göstərmişdir. Məhz onun bu sahəyə olan diqqət və qayğısı sayəsində Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda saysız-hesabsız  medallar qazanıblar.  Həmçinin ölkəmiz müxtəlif illərdə ən ali idman yarışlarına evsahibliyi etmişdir.

Bundan başqa, 1999-cu ildə ulu öndər Heydər Əliyevin təsisçisi olduğu Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilməklə partiyanın liderlik fəaliyyətini qoruyub saxlamışdır.

Sovet dövrünün ən yaxşı təhsil müəssisələrindən olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yiyələndiyi bilik və bacarıq sayəsində 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. Bu illər ərzində ölkəmizin mənafeyini dünyanın aparıcı qitəsinin Parlament Assambleyasında daim müdafiə etmişdir.      2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən sayca beşinci  prezident seçkilərində seçicilərin 76,84 faiz səsini toplamaqla qələbə qazanan cənab İlham Əliyev dövlət başçısı seçilmişdir. Bununla da Azərbaycan xalqı həmin gün ulu öndərin çağırışına səs verməklə Heydər Əliyev ideyalarına sadiqliyini bəyan etmişdir. Prezident İlham Əliyev seçkilərdən öncə olduğu kimi,  oktyabrın 31-də keçirilən andiçmə mərasimində də  ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha xatırlatmışdır: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".

Beləliklə, 2003-cü il oktyabrın 15-dən etibarən ölkəmizin inkişafında yeni bir dönəm başlandı. Qədirbilən xalqımız böyük çoxluqla özünə  müasir dünyanın tələblərinə cavab verən bir lider seçdi. Milyonlarla insan ölkənin inkişafını, torpaqların işğaldan azad olunmasını yalnız İlham Əliyevə etibar etdi.  Azərbaycan xalqında qəti inam vardır ki, ümummilli liderin əmanəti olan ölkəmiz bundan sonra da əmin əllərdə olacaqdır.

Dövlət başçısının 2003-2023-cü illərdə gördüyü işlər bir daha sübut etmişdir ki, xalqımız öz seçimində yanılmamışdır. 20 il ərzində bütün sahələrdə  misli görünməmiş inkişaf qeydə alınmış, Azərbaycan bütün risklərdən, təhlükələrdən qoruna bilmişdi.

Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki zəngin biliyə və bacarığa malik olması dövlətimizin apardığı uğurlu xarici siyasətin əsas mənbəyi olmuşdur. Bir zamanlar dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə qarşı-qarşıya olan Azərbaycan İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə dünyanın ən aparıcı təşkilatlarında mühüm vəzifələr icra etmişdir. Belə ki, ölkəmiz İlham Əliyevin hakimiyyəti dövründə, 2011-ci ilin oktyabrında iki illiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Rəqibləri  Sloveniya və Macarıstanı qabaqlayaraq 155 ölkənin səsini qazanan Azərbaycanın ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya kimi daimi üzvlərin toplaşdığı bir nömrəli qurumda iştirakı və sədrliyi  ölkəmizə etimatdan irəli gəlirdi.

Uğurlu məqamlardan biri də Azərbaycanın 2019-cu ildən dünyanın BMT-dən sonra ikinci ən böyük təsisata rəhbərlik etməsidir. 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı cəmləyən bu qurum Prezident İlham Əliyevin sədrliyi dövründə tarixinin ən uğurlu çağını yaşamışdır. Bir çox yeni təşəbbüslərin müəllifi olan Azərbaycan dövləti QH-yə töhfəsini daim göstərmişdir. Bu yeniliklərdən biri də Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması idi. Həmçinin 2022-ci il iyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammitinin işinə başlaması dövlətimizin gənclər siyasətindən irəli gələn ənənəsinin bəhrəsi olaraq qiymətləndirilir.

XXI əsrdə bəşəriyyəti öz ağuşuna almış  COVID-19-un başlamasından dərhal sonra qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş, Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmışdır. Həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif edən Prezident İlham Əliyevin bu təşəbbüsü BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı və xüsusi sessiyada Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Bundan başqa, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Azərbaycan  Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə yardım göstərib.

Prezident İlham Əliyevin  xarici siyasət kursunun öncül sahələrindən birini də türk birliyi və onun inkişafı tutmuşdur. Məhz Onun səyləri nəticəsində 2009-cu ildə Türk ölkələri  dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Saziş ilə Türk Dövlətləri Təşkilatı yaradılmışdır. Bu, son illərdə inkişaf etməkdə olan Türk dünyasının dirçəlişinə böyük təkan vermişdir.

Musa BAĞIRLI,

"Respublika".