Bütöv Azərbaycanda dalğalanan müqəddəs bayrağımız
Tarix

Bütöv Azərbaycanda dalğalanan müqəddəs bayrağımız

Azərbaycan bayrağı Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.

Elə həmin ildə də bayraq haqqında hökumətin qərarı verilib. İlk olaraq iyunun 21-də qırmızı fonda, üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilib.

Bu bayraq Osmanlı imperatorluğunun XIX əsrin 50-ci illərinədək mövcud olmuş qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra isə Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Müəllifi Əli bəy Hüseynzadə olan yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, islamçılıq və müasirlik. İlk dəfə 7 dekabr 1918-ci ildə Azərbaycan bayrağı parlament binası üzərində qaldırıldı. Bu əzəmətli üçrəngli bayraq Cümhuriyyətin carçısı oldu. Türkçülük və islami dəyərləri özündə birləşdirən Azərbaycan yeni dövrə qədəm qoydu və bunu bayrağının mavisi ilə əks etdirdi. Lakin bu Cümhuriyyət və bayraq çox yaşamadı. 1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan SSR elan olundu. Mayın 3-də isə bayraq Azərbaycan Parlamenti binası üzərindən "70 il müddətinə" endirildi.

Azərbaycan SSR-də ilk dövrdə ağ beşguşəli ulduz və ağ aypara təsvirli bayraqlardan da istifadə olundu. 1937-1952-ci illər aralığında isə bayraq bir neçə dəfə görkəmini dəyişdi. Lakin 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti bayrağı Milli Hərəkatın kütləvi tədbirlərində istifadə olunmağa başladı. 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təsdiq edildi:

"Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun".

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Hər yerdə başının üstündə dalğalanan bayraq, sanki sənə bir sözü varmış kimi yellənir. Sənə bu türkçülüyü qoru, yaşat, deyir. Mən al qırmızı rəngimlə Şərqdə müasirlik carçısıyam, söyləyir. Ay Ulduzumla şərqdə və Türk-islam dünyasında yüksələn ilk demokratik və dünyəvi bayrağam deyə pıçıldayır. Müasir olun deyir, amma bu müasirlik düşüncənizdə, dünyaya baxışınızda olsun. Mən bu gün Füzulidə Ağoğlanda, Cəbrayılda, Qubadlıda, Şuşada, Xankəndidə və Qarabağda dalğalanan həmin bayrağam. Hansı ki 3 il əvvəl hər il bu günü bir qədər  təəssüf hissilə qeyd edir: "Gün o gün olsun ki, üçrəngli bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalansın", - deyirdik. Nə xoş ki, Azərbaycan xalqı illərdir həsrətində olduğu bu günü görə bildi. Bayrağımız şəhidlərimizin qanı ilə yuyuldu, dədə-baba torpaqlarımıza qayıdışın ifadəsi oldu. Azərbaycan Respublikasının Prezidenti 20 il əvvəl öpüb, başı üzərinə qaldırdığı üçrəngli bayrağımızı işğaldan azad olunan ərazilərdə dalğalandıraraq ata vəsiyyətini yerinə yetirdi. Azərbaycan gəncliyi üçün bir  əbədi mesaj verdi. Bu gün bütöv Azərbaycan torpaqlarında dalğalanan bu bayrağı Azərbaycan gəncliyi qanı və canı bahasına qorumalı və ona sipər olmalıdır:

"Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Azərbaycan gənclərinə mən üz tutub deyirəm, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq".

Tacir SADIQOV,

"Respublika".