Milli mənafeyə xidmət edən mətbu orqan
Digər xəbərlər

Milli mənafeyə xidmət edən mətbu orqan

"Vedibasar" qəzeti, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğlu ilə tanış olduğum gündən düz 14 il keçir.

Bu illərin təəssüratını, fikirlərimi daha geniş auditoriyada oxucularla bölüşməyi özümə borc bildim. Vətən həsrətilə yaşayan nisgilli yurddaşlarımın 20 ildən artıq müddətdə ürəyinə su çiləməyi, dərdlərinə şərik olmağı, nikbinlik ruhunu saxlamağı, hər birimizin qəlbində doğma yurdlarımıza körpü salmağı bacaran "Vedibasar"ın əməyindən, fəaliyyətindən danışmaq istədim. Bəli, "Vedibasar" bu illər ərzində ideoloji sahədə dövlətçiliyin, milli-mənəvi, tarixi və maddi-mədəni dəyərlərin qorunmasına xidmət edən mətbu orqanlardan biri kimi tanınır.

2010-cu ilin bu günlərində Azərbaycan Nəşriyyatına getmişdim. 6-cı mərtəbənin dəhlizinə çatanda üzərində "Vedibasar" lövhəsi asılmış bir qapı diqqətimi çəkdi. Daxil oldum, otaqdakı nurlu insan indi çox yaxşı tanıdığım Sərtib müəllim idi. Tanışlıqdan sonra söhbətimizin qayəsi şəxsi həyat problemləri deyil, milli dəyərlər, elm, mədəniyyət, işğal olunmuş torpaqlarımız, vətən, yurd həsrəti barədə oldu. Təxminən 20 dəqiqəlik söhbətdən və Sərtib İslamoğlu ilə tanışlıqdan çox məmnun qaldım. "Vedibasar" qəzeti barədə əvvəllər geniş məlumatım olmasa da, bu görüş məni sanki ovsunladı. Tədricən qəzetə, yaradıcı heyətə bağlanmağa başladım. Etiraf edim ki, bu tanışlıqdan sonra sanki üzümə bir ümid qapısı açıldı. Əvvəllər bura yalnız məqalələrimi dərc etdirmək üçün gəlirdimsə, artıq vətən həsrətilə dolan ürəyimi boşaltmağa özümə bir isti ocaq tapmışdım. Çünki "Vedibasar" redaksiyasında Sərtib müəllim başda olmaqla kiçik kollektiv tərəfindən o qədər gözəl, doğma, milli dəyərlərlə dolu mühit yaradılıb ki, adam bura gələndə getmək istəmir. Güman edirəm ki, "Vedibasar" bu minvalla özü yaşamaqla bərabər, yüzlərlə, minlərlə yurd həsrətli insanı mənəvi olaraq yaşadır.

Sözsüz ki, belə olmasaydı, qəzet iyirmi ildən artıq müddəti belə şərəflə başa vurub ölkəmizin ictimai-siyasi həyatında iştirak edə bilməzdi.

"Vedibasar" qəzeti olduqca məsuliyyətli və şərəfli bir missiyanı yerinə yetirir. Ölkədə baş verən ictimai-siyasi hadisələrdən, ölkə rəhbərliyinin uğurlu siyasi, diplomatik addımlarından tutmuş, son illərin ən aktual məsələlərindən olan Qərbi Azərbaycan İcmasının gördüyü işləri, keçirdiyi tədbirləri, ölkəmizin elmi-mədəni nailiyyətlərini, tarixi məlumatları, tədqiqat-araşdırma materiallarını, sosial-iqtisadi məsələləri, poeziya nümunələrini, idman sahəsində qazanılan uğurları və s. mövzuları işıqlandırmağa çalışır. Bütün bu vacib amillər uzun illərdir yüksək səviyyəli, peşəkar jurnalistika işi çərçivəsində qəzetin öz dəst-xəttinə uyğun olaraq sistem halında idarə olunur. Görünür bu peşəkarlıq Sərtib müəllimdə hələ illər öncə, respublikanın başı üstünü qara buludlar aldığı ötən əsrin 88-ci illərində Qarabağda azğın separatçıların baş qaldırdığı vaxtlarda müvafiq dövlət strukturunda mətbuata nəzarət vəzifəsini yerinə yetirdiyi dövrdə formalaşmışdı. Həmin dövrdə o nəinki separatçı xarakterli yazıları respublikanın mətbu orqanlarında dərc olunmasının qarşısını alıb, həm də onlara bilavasitə himayədarlıq edən Moskva təyinatlı yerli rəhbərlərlə mübarizə aparıb, dövlətimiz naminə özünü təhlükə qarşısına qoyaraq qətiyyətini, sözünün kəsərini ortaya qoyub. Saf əqidəli, vətənpərvər Sərtib Məhərrəmov bu mübarizə meydanında özünü sübut edə, gələcək peşəkar jurnalist karyerasına möhkəm təməlli yol sala bilmişdir. Özünün də dediyi kimi, "öz əqidə, amalı və sevgisindən" yaradıb ərsəyə gətirdiyi, balası qədər sevdiyi və respublikanın mətbuat məkanında öz yerini tutmuş "Vedibasar"ı evlərə, qəlblərə, eləcə də elm, mədəniyyət ocaqlarına aparır. Artıq "Vedibasar' qəzetinin materiallarından mənbə kimi istifadə edilir. Bu məqamları nəzərə alan Sərtib İslamoğlu maliyyə çətinliklərinə baxmadan qəzetin illik saylarını kitab şəklində çap etdirməklə jurnalistika sahəsində bir ilkə, yeniliyə imza atmışdır. Yeri gəlmişkən, bu yaxınlarda "Vedibasar"ın 21-ci cildi işıq üzü görüb.

Düşünürəm ki, həm qəzetin nüfuzuna, sanbalına, həm də baş redaktoru Sərtib İslamoğlunun peşəkar, yenilikçi jurnalist kimi müsbət keyfiyyətlərinə görədir ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınan ziyalıların, elm, incəsənət, mədəniyyət, siyasət adamlarının yazıları mütəmadi olaraq bu qəzetdə dərc edilir, oxucu müzakirəsinə təqdim olunur.

Bütün qeyd etdiyim işlərə görə artıq ölkəmizin mətbuat arenasında öz imzasını təsdiqləmiş, tutduğu doğru yolla başıuca addımlayan "Vedibasar"ın yaradıcısı Sərtib İslamoğluna, kollektivin üzvlərinə təşəkkürümü bildirir və deyirəm: "Zəhmətiniz hədər deyil, əziz dostlar!".

Hüseyn XƏZƏR.