Məntəqələr zəruri avadanlıqlarla təchiz olunub
Region

Məntəqələr zəruri avadanlıqlarla təchiz olunub

Bərdə

Cari ilin 7 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə ölkənin hər yerində olduğu kimi, 98 saylı Bərdə-Tərtər seçki dairəsində də ciddi hazırlıq işləri aparılır. Dairədə olarkən akt zalında növbəti treninqin keçirildiyinin şahidi olduq. Dairə seçki komissiyasının katibi Arif Babayev və baş məsləhətçi Elşad Seyidov seçki günü seçicilərlərlə rəftar qaydası, seçki komissiyası üzvlərinin peşə hazırlığının artırılması, sənədləşmə işlərinin aparılması, seçki başa çatdıqdan sonra protokolların tərtib olunması və sairə ilə bağlı dinləyicilərə məlumat verirdilər.

98 saylı Bərdə-Tərtər Dairə Seçki Komissiyasının sədri Namiq Quliyev bildirdi ki, dairədə 52665 nəfər seçici səslərini istədikləri namizədə verəcəklər. İlk dəfə seçkidə iştirak edənlərin sayı 2993 nəfər təşkil edir. 80-100 yaş arası seçicilərin sayı 850 nəfərdir. Ən yaşlı seçici 1910-cu ildə anadan olmuş 114 yaşlı Cavadova Səriyyə Şirin qızı Tərtər rayonunun Söylən kəndində yaşayır.

Sədr qeyd etdi ki, Səriyyə nənənin səhhətindəki bəzi problemlərə görə onun yaşadığı ünvana daşınan seçki qutusu aparılacaqdır. Qoca nənə öz istəyinə uyğun olaraq layiqli namizədə səs verəcəkdir. Seçkilərin demokratik və şəffaf keçirilməsini izləmək üçün 5 məntəqədə veb-kamera quraşdırılmışdır. Məntəqələr MSK tərəfindən generator, seçki kabinələri, seyflər, eyni zamanda seçkiyə çağırış posterləri, qeydiyyatdan çıxma vərəqləri, "Seçki günü üçün yaddaş kitabçaları", "Polis əməkdaşları üçün yaddaş kitabçası", təlimatlar, seçki qanunvericiliyi ilə bağlı kifayət qədər materiallarla təmin olunmuşdur. Fiziki məhdudiyyətli insanların səsvermə otaqlarına sərbəst daxil olması üçün ehtiyac duyulan məntəqələrə panduslar quraşdırılıb.

Bərdə rayon sakini, səsvermə hüququna malik olan Vurğun Hüseynov bizimlə söhbət zamanı qeyd etdi ki, bu seçki əvvəlki seçkilərdən tam fərqlənir. Belə ki, 30 il Vətən torpaqlarımızın bir hissəsi işğal altında qalmışdı, buna görə həmin ərazilərdə seçki keçirilmirdi, lakin hazırda ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin olunmuş, insanların öz ata-baba yurdlarına qayıdışına start verilmişdir. Sevindirici haldır ki, işğaldan azad olunmuş bəzi bölgələrimizdə də növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün məntəqələr yaradılmışdır. Bütün Azərbaycan xalqı kimi, biz bərdəlilər də buna həddindən artıq sevinir və qürur duyuruq.

Vəli VƏLİYEV,

"Respublika".