KƏLBƏCƏRDƏ HƏYAT YENİDƏN DİRÇƏLİR
Region

KƏLBƏCƏRDƏ HƏYAT YENİDƏN DİRÇƏLİR

Ötən əsrin 90-cı illərində ictimai-siyasi hadisələr, hakimiyyət çəkişmələri, müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin sərhədlərinin tam nəzarətsiz qalması Azərbaycan torpaqlarının hesabına özlərinə qondarma dövlət qurmuş ermənilərə əlverişli şərait yaratdı. Bundan məharətlə bəhrələnən bədxah qonşularımız bir-birinin ardınca torpaqlarımızı işğala məruz qoyaraq dinc sakinlərin var-dövlətini talamaqla onlara divan tutdular.

Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Həmin vaxtlar hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı.  Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalının qarşısını ala bilmədi. 1993-cü il aprelin 2-də Ermənistan imperiyanın köməyilə zəngin və şəfa qaynağı olan, mineral suyu ilə tanınan, təbiətin zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal etdi. Bununla da Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı. Ardınca digər torpaqlar işğal edildi. Çünki səriştəsiz hakimiyyət ordu quruculuğuna fikir vermir, respublikada hərc-mərclik, xaos hökm sürürdü. Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. İşğal nəticəsində rayonun əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Tarixi-mədəni abidələr, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.

Ümummilli liderimiz Heydər Əliyev bu qanlı faciə haqqında deyib: "Bu faciəni heç vaxt unutmaq olmaz, faciə nə qədər qəm-qüssə gətirsə də onu daim yaşatmaq lazımdır ki, bu faciələrdən hərə özü üçün ibrət götürsün". Əbədiyaşar Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, onun polad iradəsi və səyi nəticəsində qaçqın və məcburi köçkünlərin ağır sosial-məişət problemləri həllini tapdı. Müvəqqəti olaraq yurd-yuvalarından ayrı düşsələr də digər məcburi köçkünlər kimi, kəlbəcərlilər də hər zaman dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olundular. 1996-cı il aprelin 1-də ümummilli lider Heydər Əliyev Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdi: "Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, bütün ərazisinə, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır. Bu, qarşımızda duran ən böyük, eyni zamanda deyə bilərəm ki, ən çətin vəzifədir".

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarının uğurlu icrası nəticəsində Kəlbəcərdən olan məcburi köçkünlərin də həyatında əsaslı dönüş yarandı. Sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlayan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən mövqelərini darmadağın etdi və İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Ərazi bütövlüyümüz bərpa olundu, 300-dən çox şəhər və kənd döyüş meydanında azad olundu.

Dövlət başçısı cənab İlham Əliyev ideal liderlik nümunəsi göstərərək, öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olur-olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı: "Zəfər adı xalqımıza çox yaraşır... Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır". Bəli, ulu öndərimizin böyük uzaqgörənliklə söylədiyi sözlər reallığa çevrildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Düşmən üzərində qazanılan şanlı qələbə nəticəsində işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Möhtərəm Prezidentimiz və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Kəlbəcər rayonuna və işğaldan azad edilmiş digər rayon və şəhərlərə səfərlər edirlər. Prezidentimizin bu səfərləri zamanı bəzi müəssisələrin açılışı, obyektlərin təməlqoyma mərasimləri keçirilir. Qısa zamanda böyük sənaye müəssisələrinin, turizm və kənd təsərrüfatı obyektlərinin, hotel və mehmanxanaların, məktəb və xəstəxanaların inşası dövlətimizin iqtisadi gücünün göstəricisidir.

Hazırda Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Dövlət sərhədlərimizin toxunulmazlığı, əhalimizin təhlükəsizliyinin təmin olunması üçün mühüm tədbirlər görülür. Mövqelərimizə daha rahat gediş-gəlişin təmin olunması üçün Ermənistan sərhədinə qədər yollar salınır.

Qarabağ və Şərqi Zəngəzurda enerji təminatı və xüsusilə də "yaşıl enerji" məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması, eləcə də sözügedən ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı layihələr icra edilir. Mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri olan 80.7 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinti işləri sürətlə davam etdirilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq yolun əsas hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır. Layihənin 13.5-ci kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3250 metrə qədər artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21 metr olan 2 ehtiyat keçidinin tikintisi də yekunlaşıb. Bununla da rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəliş təmin ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində öz çıxışında bildirmişdir ki, vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir.

Bu gün Azərbaycan dövlətinin məqsədi işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərini sürətlə başa çatdırmaq və həmin torpaqlarda yaşayan keçmiş məcburi köçkünlərin doğma yerlərə dönüşünü tam təmin etməkdir.

Z.CƏMŞİDOĞLU,

"Respublika".