Melioratorların qayğıları
İQTİSADİYYAT

Melioratorların qayğıları

Azərbaycanda suvarma mövsümü uğurla başa çatıb, əkin sahələrindən bol məhsul əldə olunub. Payızlıq əkinləri və dondurma şumunu nəzərə almasaq, indi demək olar ki, suvarılacaq sahə qalmayıb. Lakin melioratorlarımızın işi səngimir, çünki başqa sahələrdə kifayət qədər görüləsi işlər var. Yüzlərlə iri kollektorlar lildən təmizlənməlidir, torpaq su kanalları beton üzlüyə alınmalıdır.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Şabran rayonunda yaz-yay suvarma mövsümü uğurla başa çatıb. Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində suvarma mövsümündə təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilib. Hazırda Şabranda növbəti suvarma mövsümünə hazırlıq işlərinə start verilib. Bu məqsədlə torpaq məcralı Ağalıq kanalı beton üzlüyə alınır. Sözügedən kanal vasitəsilə min hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq.

Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən, eyni zamanda növbəti mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan da təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub.

Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanallarından istifadə edilir. Son illər rayonda 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəz edilib. Qeyd edək ki, 2019-cu ildə bu rayonda aparılan meliorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əkinə cəlb edilən sahələrin suvarılması məqsədilə ərazidə yeni qapalı sistem yaradılıb.

 Ölkənin ən böyük meliorasiya obyektlərindən olan Baş Mil-Muğan Kollektorunda isə lildən təmizləmə işləri həyata keçirilir. Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir neçə istiqamətdə bu işləri davam etdirir. İdarə 447 kilometrə yaxın magistral və təsərrüfatlararası kollektoru onların üzərində 47 ədəd hidrotexniki qurğunu, 3 ədəd hidropostu, 65 ədəd körpünü, Baş Mil-Muğan Kollektoru boyunca 140 kilometrlik örtüklü yolu, 1068 kilometr təsərrüfatdaxili kollektor-drenaj şəbəkəsini və onların üzərində 1086 ədəd borulu su buraxıcını istismar edir. Kollektorlarla Xəzər dənizinə 2022-ci ilin 10 ayında 1697.722 min kubmetr su axıdılıb.

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən balansda olan nasos stansiyaların hər biri saz vəziyyətdə saxlanılır. Hazırda nasos stansiyasında əsaslı təmir işləri aparılır, yeni bina inşa edilir. İstifadəyə veriləcək olan nasos stansiyası 9 min hektar sahəyə xidmət göstərəcək ki, həmin ərazilərdə şoranlaşmanın qarşısı alınacaq, torpaqların münbitliyi artacaq. Bu isə torpaqların məhsuldarlığına müsbət təsirini göstərəcək.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru respublikanın ən mühüm obyektlərindən biri olmaqla, ümumi uzunluğu 140 kilometrdir. Bundan 22 km-i Salyan, 18 kilometrə yaxını Sabirabad, 37 kilometri Neftçala, 63 kilometri isə Saatlı rayonunun ərazisinə düşür.

Nəriman CAVADOV,

"Respublika".