Dövlət büdcəsindəki artım iqtisadi uğurlarımızın təzahürüdür
İQTİSADİYYAT

Dövlət büdcəsindəki artım iqtisadi uğurlarımızın təzahürüdür

Hər bir ölkənin sosial-iqtisadi inkişafı onun dövlət büdcəsində öz əksini tapır. Dövlətimizin büdcə vəsaitlərinin xərclənməsi istiqamətində prioritetlərin müəyyənləşdirilməsi və hesabatlılığın, şəffaflığın təmin olunması daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, inkişaf yoluna uğurla qədəm qoyan Azərbaycanın davamlı şəkildə artan imkanları hesabına dövlət büdcəsi ilbəil genişlənir, nəzərdə tutulan istiqamətlərə daha böyük həcmlərdə vəsaitlər ayrılır.

2022-ci ilin dövlət büdcəsinə nəzər yetirsək, əvvəlki illərin büdcəsindən xeyli fərqlənir. Bunun bir sıra səbəbləri mövcuddur. Birincisi, Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. İkincisi isə 2022-ci ildə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının maliyyə qaynağının məhz dövlət büdcəsi olması ilə xarakterizə edilə bilər. Ümumilikdə isə 2022-ci ilin dövlət büdcəsi öz prioritetləri baxımından yeni xarakterli sənəd hesab olunur.

Belə ki, ölkəmizdə ilk dəfədir ki, qarşıdakı dövr üçün təsdiqlənən strateji sənədin maliyyə tutumluluğu aydın şəkildə müəyyən edilib. Həmçinin ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə də nisbətən artırılıb.

Bununla yanaşı, mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, bir sıra dəyişikliklər də tətbiq edilib. Büdcə-vergi siyasətinin icrasının nəticələrinin konkret tədbirlər və kəmiyyət hədəfləri, vergi güzəştlərinin səmərəliliyinin müqayisəli qiymətləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlər və uzlaşma barədə məlumatların büdcə sənədləşməsinə daxil edilməsi də həmin dəyişikliklərin sırasındadır. Qeyd etdiklərimiz həm fiskal siyasətin icrasının nəticəliliyinin ölçülməsinə, həm də beynəlxalq qiymətləndirilmələrdə mövqeyimizə müsbət təsir göstərir. Məsələn, bu il üçün neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin gəlirləri əvvəlki ilə nisbətən 13,2 faiz artaraq 15,3 milyard manata çatıb. Ötən il isə qeyri-neft iqtisadiyyatının və bu sahədən əldə edilən gəlirlərin əhəmiyyətli artımı fonunda cari xərclərin sözügedən sektor hesabına təminolunma göstəricisi üzrə müsbət meyillər qeydə alınıb ki, bu da xərclərin il ərzində 2,5 milyard manat azalması hesabına ərsəyə gəlib. Bu sahədə aparılan təhlillər isə 2022-ci ildə cari xərclərin qeyri-neft gəlirləri ilə təminolunma səviyyəsinin əvvəlki illə müqayisədə 9 faiz artdığını göstərir. Yəni qeyri-neft gəlirləri 15,4 milyard manat olmaqla cari xərclərin 86,5 faizini təşkil edib. 2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar isə 130,7 milyon manat olub. Yuxarıda qeyd etdiklərimiz bir daha dünyada baş verən neqativ proseslərin fonunda 2023-cü ilin birinci yarısının iqtisadi və sosial baxımdan Azərbaycanın xeyrinə olduğunu təsdiqləməyə əsas verir. Qeyri-neft sektorunda 3, qeyri-neft sənayesində isə 6,5 faiz artımın qeydə alınması iqtisadi sahənin tərəqqisindən xəbər verir. Xüsusi vurğulamaq lazımdır ki, sadaladığımız proseslərin hər biri  "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq həyata keçirilir.

Prezident İlham Əliyev iyulun 11-də baş tutan bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizdə sosial-iqtisadi durumla bağlı son rəqəmləri ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçımızın nitqindən bir daha bəlli oldu ki, ötən dövrdə aparılan iqtisadi islahatlar və maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi nəticəsində büdcəyə daxilolmalar proqnoz edildiyindən 3 milyard manatdan çox artıb. Bu artım, həmçinin Azərbaycanın büdcə xərclərini artırmasına zəmin yaradır. Xatırladaq ki, 2022-ci ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin xərclərinin 33 milyard manatdan 36 milyard manata qədər yüksəlməsi məhz vergi-maliyyə sektorunda aparılan islahatlar nəticəsində reallaşıb. Digər mühüm fakt isə dövlət büdcəmizin Ermənistan və Gürcüstanın bugünkü dövlət büdcələrinin cəmindən 41,7 faiz çox olmasıdır. Dövlət büdcəsində dəyişikliklərin edilməsi, eləcə də onun artımı üçün atılan əhəmiyyətli addımlar öz növbəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin intensivləşdirilməsinə, respublikamızın hərbi qüdrətinin möhkəmləndirilməsinə də müsbət təsir edəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".