Mədət Quliyev Qırğız Respublikasının müdafiə nazirini qəbul edib
Digər xəbərlər

Mədət Quliyev Qırğız Respublikasının müdafiə nazirini qəbul edib

İyulun 7-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının müdafiə naziri Bekbolotov Baktıbek Asankaliyeviçin rəhbərlik etdiyi nümayəndə heyətini və Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Osmonaliyev Kayrat Mederbekoviçi qəbul edib.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyindən “Respublika”ya bildirilib.

Nazir Mədət Quliyev qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

M.Quliyev Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qeyd edib, MSN-in bugünədək böyük inkişaf yolu keçdiyini qonaqların diqqətinə çatdırıb.

Görüş zamanı nazir türk xalqlarının həmrəyliyinin əhəmiyyətini vurğulayıb, Azərbaycan və Qırğızıstan arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri olduğunu və bu işgüzar səfərin iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişafına önəmli töhfələr verəcəyinə əminliyini bildirib.

Səmimi qəbula görə təşəkkür edən Qırğız Respublikasının müdafiə naziri Bekbolotov Baktıbek Asankaliyeviç gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə inandığını diqqətə çatdırıb.