Ermənistanın sərhəddəki hərəkətləri siyasi şoudur
Digər xəbərlər

Ermənistanın sərhəddəki hərəkətləri siyasi şoudur

Son günlərdə erməni mediasında yayılan məlumatlara əsasən deyə bilərik ki, mənfur düşmən öz xislətindən əl çəkməyib. Paşinyan hakimiyyəti Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən və açıq şəkildə qəbul edib. Belə olduqda sual yaranır ki, əgər Ermənistan tərəfi Qarabağı Azərbaycan torpağı kimi tanıyırsa, nəyə əsasən rəsmi Bakıya xəbər vermədən torpaqlarımıza icazəsiz maşınlar keçirməyə cəhd edir.

Azərbaycana bu barədə məlumatın verilməməsini özləri də etiraf edirlər ki, bu da planlaşdırılmış təxribatdır. Qeyd edək ki, ötən günlərdə İrəvandan Qarabağa göndərilən 19 yük maşını Azərbaycanla sərhədə çatıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın iddiasına görə, 360 tonluq "humanitar yardım"dan ibarət olan yük sərhəddə qalıb. Hayların "səlahiyyətli" nümayəndəsi Vardan Sərkisyan bildirib ki, Ermənistanın sərhəd-keçid məntəqəsindən buraxılan karvan hazırda iki ölkənin sərhəd-keçid məntəqələri arasında gözləyir: "Rusiya sülhməramlıları ilə əlaqə yaratmışıq. Cavab gözləyirik. Prosesə əlavə təsirlərin olduğunu nəzərə alsaq, bir qədər səbirli olmalıyıq. Cavab gələnə qədər yük maşınları sərhəddə gözləyəcək".

Azərbaycan tərəfi isə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəyini deyib. Azərbaycan dövləti bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun olduğunu açıq şəkildə bildirib.

Humanitar yardım adı altında göndərilən bu maşınlar şübhəsiz ki, bölgədə gərginliyə səbəb ola bilər. Məsələ orasındadır ki, əgər hayların əsas niyyəti yardım göndərməkdirsə, o zaman nəyə görə Azərbaycanın təklif etdiyi və daha əlverişli olan Ağdam-Xankəndi yolundan istifadə olunmur. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan verir. Lakin buna baxmayaraq, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslər bu yoldan istifadədən imtina edirlər.

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülüb. Həmçinin bu təkliflər Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də dəstəklənib. Lakin buna baxmayaraq, erməni tərəfinin Azərbaycanın təklif etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu sübut edir. Şübhəsiz ki, bu addımlar humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə ziddiyyət təşkil edir.

Azərbaycan öz mövqeyindən əsla geri çəkilməyəcək. Haylar Azərbaycan tərəfinin təkliflərini qəbul etməyə məcburdur. Beynəlxalq təşkilatlar da nəhayət, anlamağa başlayıblar ki, ölkəmizin məqsədi regionda sülh və əmin-amanlığa nail olmaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".