Paşinyan yenə sərsəmləyir
Digər xəbərlər

Paşinyan yenə sərsəmləyir

Ermənistanın sülh gündəliyinə uyğun olmayan davranışları Cənubi Qafqazdakı destabilliyi saxlayır. Dünyanın qlobal gücləri isə qarışıqlıqdan yararlanmağa çalışır, oyuncaq dövlət olan Ermənistanın əli ilə yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Qərb dairələrinin havadarlığı ilə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan məramına uyğun olaraq səsləndirdiyi absurd fikirlər və bəyanatlar ilə beynəlxalq nəzəri aldatmaqda davam edir. Prezident İlham Əliyevin isə konstruktiv və ədalətli addımları regionda sülhün bərqərar olacağına inamı artırır, bu xüsusda Cənubi Qafqazda geosiyasi proseslərin normallaşması gözlənilir. 

Şübhə yoxdur ki, 44 günlük Vətən müharibəsində Ermənistan aldığı "Dəmir Yumruq" zərbəsinin təsirindən hələ də çıxa bilmir. Çaşqınlıq içində olan Nikolun bir-birini təkzib edən bəyanatları, ölkə daxilindəki hərc-mərclik, məğlubiyyətin səbəb olduğu iqtisadi gerilik mövcud vəziyyəti izah edir. Baş nazir bir yandan əyilir, göz yaşı tökür, cəbhədə vəziyyətin pis olduğunu bəyan edir, sülhün vacibliyini beynəlxalq platformalarda dilə gətirir, bir tərəfdən isə sona qədər döyüşəcəklərini söyləyir. Xalqın "seçdiyi" Paşinyana bu gün hayların özləri də qarşıdır. Cəmiyyətdə baş nazirin tərəfdaşları getdikcə azalmaqdadır. Onun haqqında mediada, dövlət dairələrində, hətta Xankəndidə ən ağır fikirlər səslənir. Hətta özünün keçmiş silahdaşlarından Levon Zurabyan bildirir ki, Nikol ingilis dilini, Qarabağ mövzusunu, siyasətin əsasını bilmir. Digər erməni siyasətçiləri, hətta Paşinyanın öz yaxın ətrafı məsələn, Paşinyanın öz blokundan olan deputatlar belə bu məğlubiyyətdən sonra onu müdafiə edə bilmirlər. Buna görə də Ermənistan məğlub dövlət kimi sülh və əmin-amanlığa töhfə vermək və Azərbaycanın imperativlərini qəbul edərək regional təhdidlərini bir kənara qoymalıdır.

Əfsuslar olsun ki, yaxın perspektivdə bu məsələnin mümkünlüyü real görünmür. Haylar hələ də revanşist hisslərlə yaşayırlar, yenidən ayağa qalxmaq üçün havadarlarının ətəyindən möhkəm yapışıblar, hətta istəmədikləri Rusiya sülhməramlıları belə onlara yardım edir, silah-sursatın daşınmasında kömək göstərirlər. 10 noyabr Bəyanatını imzalayan Ermənistan üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada pozaraq şərti sərhəddə təxribatlara əl atır, Qarabağda yaşayan separatçılar vəziyyəti gərginləşdirir, erməni diversantlar ərazilərimizə minalar basdırırlar. Həmçinin onlar üçün yaradılmış şəraitdən sui-istifadə edərək Laçın yolundan hərbi məqsədlərlə istifadə edirlər. Bütün bunlar məğlub ölkənin xain xislətinin dəyişməyəcəyini göstərir. Unudulmamalıdır ki, Azərbaycan dövləti bütün qanunsuz addımlardan xəbərdardır və adekvat tədbirlər həyata keçirir. Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması məğlub ölkənin çirkin niyyətlərinin və əməllərinin qarşısını almağa hesablanmışdır. Ermənistan bilavasitə "sülhməramlı"ların himayəsi altında bölgəni hərbləşdirir, qanunsuz daşımalar həyata keçirirdi. Bununla yanaşı,  həmin ərazilərə köçürüləcək mülki insanlarımızın dinc yaşaması böyük təhlükə altında idi. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması bu kimi halların qarşısını qətiyyətlə alır. Haylar indi çirkin əməllərini yerinə yetirə bilmirlər deyə müxtəlif qarayaxma kampaniyalarına başlayıblar. Lakin bütün bunlar əbəsdir. Belə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı Azərbaycana qarşı qaldırdığı əsassız iddia isə beynəlxalq səviyyədə növbəti dəfə uğursuz oldu. Belə ki, Avropanın ən ali məhkəmə orqanı - Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 6 iyul 2023-cü il tarixdə Ermənistanın "Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair" tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edildi. Verilən qərara əsasən məhkəmə Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurmasını, ölkəmizin bu barədə suveren hüquqa malik olmasını rəsmən tanımışdır. Təbii ki, 30 il ərzində beynəlxalq hüququn prinsiplərinə bütünlüklə zidd qaydada fəaliyyət göstərən cinayətkarlar bu məğlubiyyətlə də barışmaq istəmirlər.

Növbəti qarayaxma kampaniyası isə saxta "blokada" barəsindədir. Separatçılar indi də  Xankəndidə "oturaq aksiya"ya başlayıblar.  Səbəb isə guya "blokada" şəraitində yaşamaqları ilə yanaşı, sülhməramlıların Qarabağdan çıxarılması tələbinin yerinə yetirilməməsidir. Qeyd edək ki, bölgədəki "ağır vəziyyət" ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "Le Monde" qəzetinə müsahibəsində heç bir əsası olmayan fikirlər səsləndirib. Sərsəm Nikol bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin  fəaliyyətinin icrasının təmin edilməməsindən şikayətlənir, "blokada" iddiaları ilə çıxış edir, Azərbaycan tərəfinin dinc əhaliyə qarşı maneə törətdiyini bildirir. Lakin baş nazir unudur ki, hər gün onlarla erməni sakini Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələri ilə qanunsuz olaraq ərazidən keçirdi, qaçaqmalçılıq halları aşkarlanmışdı. Şübhəsiz ki, "blokada" barədə məlumatların səsləndirilməsi saxta ictimai rəy yaratma cəhdləridir. Bu barədə Azərbaycan XİN Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın "Le Monde" qəzetinə müsahibəsi zamanı səsləndirdiyi iddialara dair bəyanat yayımlayıb: "Ermənistan baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayatlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi "demokratik yolla seçilmiş hakimiyyət"adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir. Ermənistan baş naziri Paşinyanın bu fikirləri həmçinin onun "Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına" dair bəyanatına tamamilə ziddir".

Düşünsək ki, Azərbaycan tərəfi dəfələrlə yerli əhalinin reinteqrasiyası üçün çalışıb və hələ də bu barədə təkliflər irəli sürür, "oturaq aksiyanın" keçirilməsi və Paşinyanın dünya ictimaiyyətini aldatma cəhdləri növbəti riyakarlıqdan başqa bir şey deyil. Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi deyilənlərə əyani sübutdur. Martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparıldı. Erməni sakinlərin nümayəndələrinin müzakirələr üçün paytaxt Bakıya dəvət edilməsi, Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin təzahürü olsa da, haylar yenə də, öz xislətindən əl çəkmədi. Dəvətı cavabsız qoyan nümayəndə heyətinin bu addımı reinteqrasiya prosesini ləngidir.            

 N.ETİBAROĞLU,

 "Respublika".