Mədəniyyətimiz üçün tarixi hadisə
Mədəniyyət

Mədəniyyətimiz üçün tarixi hadisə

Azərbaycan teatrı... Tarixi çox qədimlərə gedib çıxan milli teatrımızın ilk cücərtiləri xalq oyunları ilə bağlı olub. Teatrımızın tarixi 1873-cü il martın 10-da Bakıda "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasının oynanılması ilə başlamışdır. Beləliklə də Azərbaycanda əvvəlcə dramaturgiya, sonra isə teatrın yaranması milli mədəniyyətimiz üçün mühüm tarixi hadisə olmaqla bərabər, Yaxın Şərqdə, bəlkə də daha geniş - müsəlman Şərqində güclü əks-səda doğurmuşdur.

Azərbaycan teatrı bir sıra Şərq ölkələrində, xüsusən türkdilli xalqlar içərisində milli teatr hərəkatının doğuluşu və inkişafı üçün bir təkan, nümunə rolunu oynamışdır. Bakıda göstərilən ilk milli tamaşa yalnız Azərbaycanda deyil, həmçinin Qafqazda yaşayan bütün azərbaycanlılar arasında teatr hərəkatının yayılmasına səbəb oldu. Az sonra Ermənistanda, Gürcüstanda soydaşlarımızın teatrları yaranmağa başladı və getdikcə inkişaf etdi. Bir müddət sonra isə bu proses daha geniş miqyas aldı. Orta Asiya ölkələrində, xüsusən Türkmənistanda azərbaycanlıların teatr dəstələri yarandı. Azərbaycan teatrının coğrafi sərhədləri bu mənada da çox geniş olmuşdur, nəinki türkdilli xalqlar arasında, Rusiyada və İranın fars əhalisi yaşayan bir çox şəhərlərində, hətta kəndlərində Azərbaycan dilində tamaşalar verildi. Soydaşlarımıza məxsus teatrın fəaliyyəti harada olursa-olsun, mədəni tərəqqiyə xidmət edən güclü bir amil idi.

Teatrımızın tarixi ilə bağlı mənbələrin birində oxuyuruq: "Teatr xeyriyyəçilik məqsədilə həm mənəvi, həm maddi-üzvi surətdə xalqla bağlı olmuşdur. Zaman ötkəm bir şəkildə mədəni tərəqqi tələb etdiyi halda çar müstəmləkəçiliyi, burjua-mülkədar hökmranlığı şəraitində yaşayan xalqın bu məqsəd üçün maddi imkanı çox məhdud idi. Odur ki, teatrdan məktəb, kitabxana, klub açmaq, yoxsul uşaqlara, tələbələrə, yetimlərə, müəyyən dövrlərdə isə müharibə və müxtəlif qırğınlardan zərərdidələrə kömək üçün istifadə edilirdi". Bu mənada müxtəlif yerlərdə tamaşaların böyük bir qismi, bəlkə də yarısı xeyriyyə məqsədilə göstərilmişdir. Xeyriyyəçilik teatrın daha geniş yayılması, şüarlara daha dərindən nüfuz etməsi demək idi. Teatrdan gələn fayda teatrın özü üçün də tükənməz bir mənbə idi. Bir sözlə, teatrın xalqa, xalqın teatra ehtiyacı xeyriyyəçilikdə çox aydın duyulurdu. Maddi cəhətdən yoxsul olan Azərbaycan teatrı mənəvi qüdrəti sayəsində özü bir maddi sərvət mənbəyi idi - xalq üçün, mədəni yüksəliş üçün.

Yoxsul adlandırdığımız teatr çox güclü əllərdə olmuşdur. İstər Bakıda, istərsə də Gəncədə, Naxçıvanda, Şuşada, ya da Azərbaycandan kənarda - Tiflisdə, Yerevanda, Aşqabadda - N.Mahmudbəyov, S.M.Qənizadə, N.Nərimanov, Y.Haqnəzərov, Ə.Haqverdiyev, N.Vəzirov və bu kimi başqa ziyalılar öz-özlüyündə teatrın ictimai faydasını yüksək dəyərləndirirdilər. Odur ki, teatrı yaşatmaq və gücləndirmək həvəsi bütün çətinliklərə, məhrumiyyətlərə, hətta müsibətlərə qalib gəlirdi.

Azərbaycan cəmiyyəti, onun qabaqcıl qüvvələri teatrın daha yüksək mərhələyə qalxması zərurətini tam məsuliyyətlə duyur, xalqın buna böyük haqqı olduğunu açıq söyləyirdilər. Ü.Hacıbəylinin Peterburqda, Ş.Məmmədovanın İtaliyada oxuması, F.Muxtarovanın konservatoriya təhsili alması bu zərurətdən doğurdu. Dram artistlərinin, xüsusən H.Ərəblinski, M.A.Əliyev, A.M.Şərifzadə və bir çoxunun teatr studiyalarında oxumağa can atması, Şərifzadənin Xarkovdakı İlyin truppasında təhsil almaq təşəbbüsü, nəhayət, artistlər ittifaqı nəzdində xüsusi studiyanın təsis edilməsi oxumaq, öyrənmək, professionallaşmaq arzusunun güclü olduğunu və bu sahədə real addımlar atıldığını aydın göstərirdi.

Səhnəmizin ilk Məcnunu, musiqili teatrımızın dirçəldilməsində əvəzsiz xidmət göstərən Hüseynqulu Sarabskinin "Köhnə Bakı" adlı kitabı Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub gedən neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir faktlarla zəngindir.

1890-cı illərdən başlayaraq N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. 1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi Cahangir Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını zənginləşdirirdi.

1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa"nın truppası tamaşa verməklə yanaşı, həm də teatrın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu.

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi mesenat H.Z.Tağıyevin də böyük xidmətləri var. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib.

AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N.Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı. Sovet hakimiyyəti illərində Azərbaycan teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer aldı. Məhz martın 10-u Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

Zümrüd QURBANQIZI,

"Respublika".