MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Mədəniyyət

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Kul Şərif məscidi

2005 -ci ildə Kazan Kremlində əzəmətli məscid inşa olunub. Kul Şərif adlandırılan tarixi məbədin yenidən tikintisi 10 il çəkib. Layihənin müəllifləri A.Q.Səttarov, İ.F.Saifullin, M.V.Safronov, Ş.Q.Latipov, baş memarı A.V.Qolovin, baş mühəndisi isə A.İ.İsxakov olub. Məscidin interyeri memar A.Q.Səttarovun eskizləri əsasında tərtib edilib. Abidənin Məkkəyə doğru istiqamətini dəqiq müəyyən etmək üçün inşaatçılar peyk naviqasiyasından istifadə ediblər. Binanın günbəzləri ənənəvi "Kazan papağı" formasında dizayn edilib. Kompleksin tikintisində ural qraniti və mərmərdən istifadə olunub. Dövlət tərəfindən qorunan Kul Şərif məscidi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

5 mərtəbəli məbədin mərkəzi günbəzi və altı minarəsi var. Hündürlüyü 39, diametri 17,5 metr olan günbəzin ətrafında yerləşən dörd minarənin hündürlüyü isə 58 metrdir. Məbədin fasadı ağ, minarələr və günbəzlər firuzəyi rəngdədir. 2006-cı ildən bəri birinci mərtəbədə İslam Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Muzeydə olan eksponatlar qədim zamanlardan Volqa və Ural bölgələrində yaşamış türk-tatar xalqlarının adət-ənənələrindən, tarixindən və mədəniyyətindən bəhs edir. Burada, həmçinin dünyanın müxtəlif ölkələrində çap olunmuş Quranın orijinal nəşrləri sərgilənir.

"Dom çernoqolovıx"

Latviyanın paytaxtı Riqanın mədəniyyət mərkəzinə çevrilən tarixi bina 1334-cü ildə inşa olunub. Köhnə şəhərin məşhur küçəsində tikilən heyrətamiz abidə "Dom çernoqolovıx" adlandırılıb. İkinci Dünya müharibəsi zamanı abidə dağıdılıb, 1996-2000-ci illərdə isə tamamilə bərpa olunub. 700 ildən çoxdur ki, turistlərin diqqətini cəlb edən tikili erkən barokko üslubunda dizayn edilib. Evin fasadı XVII əsrin əvvəllərində məşhurlaşan Avropa üslubunda hazırlanıb.

Möhtəşəm dizaynı və dəbdəbəli interyeri ilə seçilən "Dom çernoqolovıx" abidəsinin salonlarında zərif antik mebel və müxtəlif dövrlərə aid zəngin sənət əsərlərindən ibarət kolleksiya sərgilənir. Binanın tavan rəsmləri və kristal çilçıraqlar interyerə xüsusi gözəllik verir. İnteryerin ən dəyərli elementləri Rusiya və İsveç monarxlarının, eləcə də muzeyə şəxsən hədiyyə edilən II Yekaterinanın portretləridir. Fəxri ziyarətçilər kitabında isə Almaniya kansleri Bismarkın aftoqrafını görmək olar. Binanın zirzəmisində XIV əsrə aid artefaktlar və muzey eksponatları nümayiş etdirilir. İkinci mərtəbədə Bəstəkarlar Qalereyası, Lübek Tarixi Zalı və Bayram Zalı yerləşir. Zalın tavanını monumental-dekorativ sənətin şah əsəri hesab edilən "Müqəddəs Mavrikiyanın apofeozu", divarları isə kralların portretləri bəzəyir.

St. Pankras dəmiryolu stansiyası

Londonun 13 mərkəzi dəmiryolu stansiyalarından biri olan St.Pankras şəhərin tam mərkəzində, Regent kanalının yanında inşa olunub. Stansiyanın layihəsi memar Corc Gilbert Skott və mühəndis Uilyam Henri Barlou tərəfindən hazırlanıb. Çoxmərtəbəli Midlad Grand Hotel kompleksinə daxil edilən St. Pankras stansiyasının tikintisinə 1860-cı illərdə başlanılıb, açılışı isə 1866-cı ildə baş tutub. Viktoriya dövrünə aid ingilis neoqotik memarlığının ən parlaq nümunələrindən olan stansiyanın ilk sərnişin qatarı 1868-ci ilin 1 oktyabrında yola düşüb. Stansiya Londonu Paris, Brüssel və Lillə, eləcə də Kentlə birləşdirən yüksək sürətli Eurostar qatarları ilə təchiz edilib. St. Pankras, həmçinin Britaniyanın Derbi, Lester, Nottingem və Şeffild şəhərlərindən gələn qatarlar üçün son nöqtə kimi nəzərdə tutulub.

Londonun mərkəzi küçələrinə gözəllik verən stansiya öz adını yaxınlıqda yerləşən Müqəddəs Pankras kilsəsindən alıb. İkinci Dünya müharibəsi zamanı stansiyanın mühüm hissəsi dağıdılsa da, müharibədən sonra yenidən bərpa olunub. 2011-ci ildə turist axını ilə əlaqədar keçmiş Midland Grand Hotelin binasında əsaslı bərpa işləri aparılıb. Binanın damında yerləşən şüşə günbəzlər xüsusi zövqlə bəzədilib, tam mərkəzdə isə "Görüş yeri" adlanan gənc cütlüyün bürünc heykəli ucaldılıb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".