Lənkəranda meliorativ tədbirlər
Region

Lənkəranda meliorativ tədbirlər

Cənub bölgəsində suvarma mövsümü geridə qaldı. Cari ilin 8 ayı ərzində görülən işləri qənaətbəxş hesab etmək olar. Belə ki, bu müddət ərzində suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün Lənkəran rayonu ərazisində görülən işlər öz bəhrəsini verib. Suvarma mövsümünün əvvəlində Xanbulançay Su Anbarına 56,517 milyon kubmetrdən artıq su yığılmış və həmin suyun 50 milyon kubmetri səmərəli şəkildə sahələrə istifadəyə verilmişdir. Suvarmanın düzgün təşkili və növbəlik prinsipinə riayət olunması nəticəsində suya qənaət olunmuş və toplanmış sudan 26 milyon kubmetri anbarda qalmışdır.

Bundan başqa, Boladi, Separadi, Cil, Xarxatan, Mamusta, Gərmətük və digər kəndlərin ərazisində sel və subasmaya qarşı tədbirlər çərçivəsində 20 kilometr uzunluqda kanallarda lildən təmizlənmə işləri görülmüşdür. 45 min kubmetr həcmində lildən təmizlənmə və 35 min kubmetr həcmində hamarlama işləri aparılmışdır ki, bu da gələcəkdə sel suları təhlükəsizliyinin qarşısını alacaqdır.

İlk dəfə olaraq bu il Xanbulançay Su Anbarında innovativ bir yenilik tətbiq olunub. Su anbarındakı işləri nəzarətdə saxlamaq və idarə etmək üçün kompüter servis aparatı quraşdırılıb.

Qeyd edək ki, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin su anbarı, Lənkəran rayonunun 7 min hektar, Astara rayonunun 2 min hektar və Lerik rayonunun isə 284 hektar əkin sahələrini suvarma su ilə təmin edir.

N. ƏHMƏDOĞLU,

"Respublika".