Cəsur tankçı
Region

Cəsur tankçı

Vətən müharibəsi zamanı düşmənə qan udduran və adlarını əbədiyyətə yazdıran minlərlə igidimiz oldu. Məhz onların göstərdikləri şücaət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Belə igidlərimizdən biri də 28 yaşlı şəhid tankçımız Fariz Zülfüqarzadədir.

Fariz 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə davam etdirib. 2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) üçün yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə yüksəkliyində fəal iştirak edib.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Tankı 2 dəfə vurulsa da yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. 2 dəfə yaralansa da döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü 2020-ci ilin oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə oktyabrın 19-da Lənkəran şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman rəşadətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zülfüqarzadə Fariz Fərhad oğlu "Vətən uğrunda", "İgidliyə görə",  "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Şəhidin anası Həqiqət xanım Zülfüqarovanın xatirələrindən: "Hər gün bizimlə telefonla danışırdı. Atası ona özündən muğayat olmasını tapşırardı. Ən çox mənimlə danışardı. Elə gün olardı, iki dəfə, bəzən üç dəfə zəng edərdi. Şəhid olmamışdan bir gün qabaq mənimlə, sonra qardaşı ilə danışdı. Zarafat etməyi xoşlayan idi. Həmişə də gülə-gülə danışardı, elə bil heç müharibədə deyildi. Qətiyyən müharibədə olduğunu hiss etdirməzdi. Bacım mənə Farizin döyüşdə olduğunu deyəndə mən inanmadım, onun başqa yerdə olduğunu düşünürdüm. Bəlkə də mənim fikir çəkməyimdən qorxurdu deyə müharibədə olduğunu demirdi. Oktyabrın 19-da sübhçağı mənə zəng vurdu, danışdıq. "Ana, necəsən? Mən sizi çox sevirəm, özünüzdən muğayat olun! Ana, özünü qoru, öpürəm səni", - dedi. Onun mənə dediyi son söz bu oldu... Övladlarına qarşı olan arzusu da böyük idi, onları oxutdurmaq istəyirdi. "Ana, sən bizi necə tərbiyə edib böyütmüsənsə, mən də öz övladlarımı elə böyüdəcəyəm", - deyərdi. Mənim də ən böyük arzum Farizin iki balasını onun özü kimi, vətənini, elini sevən, böyüklərə daim hörmət bəsləyən tərbiyəli övladlar olmasıdır".

Şəhidin qardaşı Fərid Farizlə Vətən müharibəsi başlamamışdan iki gün öncə danışdığını söyləyir: "Sentyabrın 25-də mənə zəng vurdu. Evdəkilərdən muğayat olmağımı tapşırdı, yenə də əlaqə saxlayacağını dedi. Dörd gün sonra dostunun telefonu ilə zəng elədi və müharibənin ilk günlərində tankının vurulduğunu bildirdi. Əllərinin yaralandığını dedi, çox da açıq danışmadı. Mən tankda olan digər heyəti soruşduqda onlardan birinin kontuziya aldığını, digərinin isə yanaraq yaralandığını dedi. Məndən olanları evdəkilərə, xüsusən də anamıza deməməyi xahiş etdi".

Qəhrəman tankçımızın əmisi oğlu Tərlan Zülfüqarov: "Farizlə uşaqlığımızdan bir evdə böyümüşük. Həmişə öndə olmağı xoşlayırdı. Bu səbəbdən də o, tankçı olmağı seçmişdi, çünki tank həmişə öndə gedir. Vətənə layiqincə xidmət etməsi üçün də hərbçi olmağa qərar verdi. Fariz öz xidmətindən və xidməti yerindən danışmağı xoşlamırdı. Bizə başsağlığına gələn qazilərimizin sözlərinə görə, düşmən postunu alandan sonra Fariz tankı tərk edərək hərbi qənimətləri götürmək üçün posta girir. Çölə çıxdıqda tankının vurulub yandığını görür. Hərbi qənimətləri ataraq tez yanan tankda qalan ekipaj üzvlərini çıxarmağa başlayır. Öz yoldaşlarını xilas edən zaman Farizin əlləri yanır  və yüngül xəsarət alır. Həmin ərəfədə Farizin də tankda qalıb yanaraq şəhid olduğunu düşünürlər. Lakin o bir gün sonra hərbi hissəyə qayıdır. O hətta döyüşə tez dönsün deyə hospitala getməkdən imtina edir. Ona görə də ilkin tibbi yardım alan kimi düşməndən qənimət götürülən tankı götürüb yenidən döyüşə gedir. Artıq Fariz həm tank komandiri, həm tuşlayıcı və həm də atıcı olur. İşinin peşəkarı idi, 20 gün boyunca düşmən daim onun tankını vurmağa çalışırdı. İşğalçı düşmən şəhidimizin bu tankını da vurur, üçüncü dəfə o yenə bir tank götürür, bu dəfə daha da irəliyə atılır. Lakin üçüncü dəfə düşmənin mərmisinə tuş gələn tankda Fariz yenə ekipaj üzvlərini xilas etsə də özü tankın içərisində qalaraq qan itkisindən şəhadətə ucalır".

Müşfiq MİRZƏ,

"Respublika".