Laçınlıların yurda qayıdış sevinci davam edir
Sosial həyat

Laçınlıların yurda qayıdış sevinci davam edir

Laçın Azərbaycanın strateji baxımdan ən mühüm yaşayış məskənlərindən biridir. Uca dağlarla əhatə olunmuş rayon həm də Ermənistanla sərhəddə yerləşir. Bu baxımdan da ərazi vacib strateji mövqe olmaqla yanaşı, həm də bütün dövrlərdə hücum və təzyiqlərə məruz qalmışdı.

İstər işğaldan öncə, istərsə də işğal dövründə Laçını əldə saxlamaq ermənilərin qarşısında duran vacib məsələlərdən biri idi. Çünki Ermənistanla Azərbaycanı, əsasən də Qarabağı birləşdirən əsas yol məhz buradan keçirdi. Bu mənada, Laçın yolunun əhəmiyyəti hər iki tərəf üçün böyükdür.

Azərbaycan tərəfi ərazi bütövlüyünün qorunması üçün Laçın yolunun tam nəzarətdə saxladığı zaman, Ermənistan öz xain planlarını həyata keçirmək üçün ərazini əldə etməyə çalışırdı. Nəticədə, Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin 18 mayında Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun düşmən əlinə keçməsi faktiki olaraq işğalçı ölkə ilə Qarabağ arasında coğrafi bağlantı yaratdı.  Rayonun 79 min nəfərdən ibarət sakini Azərbaycanın müxtəlif bölgələrinə məcburi köçkün kimi səpələndi. Digər rayonlarımız kimi Laçın da o vaxt xəyanətin, yarıtmaz rəhbərliyin və hakimiyyət davasının qurbanı oldu. İnsanlar yurd-yuvaları ilə bərabər, bütün əmlaklarını da itirdilər. Məcburi köçkün, qaçqın həyatı yaşamaq məcburiyyətində qaldılar.  Ermənistan isə işğal müddətində rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirdi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələrini talan və məhv etdilər. Bundan əlavə, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qaldı. Ermənistan bir az da irəli gedərək, işğalçı dövlət kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan edərək  qazanc mənbəyinə çevirdi. Ərazidə möhkəmlənmək və yalançı tarixini sübuta yetirmək üçün əsasən Suriyadan olan erməni əsilli qaçqınları Laçın rayonu ərazisində yerləşdirdi. Məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirdi.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləmiş, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərindən nəinki geri çəkilmiş, əksinə, ərazilərimizin talan edilməsi prosesini davam etdirmişdi. Lakin zaman yetişdi, Azərbaycan dövləti özü beynəlxalq qanunların tələblərini yerinə yetirdi və tarixi ədaləti bərpa etdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti hücumu nəticəsində ölkəmiz cəmi 44 günə düşməni darmadağın etdi. Vətən müharibəsi kimi tarixə düşən şanlı qələbəmiz suverenliyimizi tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Lakin üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət,  2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 ildən sonra bir güllə atılmadan öz azadlığına qovuşdu. Eyni zamanda cari il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması Azərbaycan sərhədlərinin bütövlüyünü və təhlükəsizliyini təmin etdi.

Bəli, bu gün artıq Laçında irimiqyaslı tikinti-quruculuq işləri aparılır. 2021-ci ilin fevral və  avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunda səfərdə olmuşlar.  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev fevral ayının 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Ərazidə dövlət sərhədlərinin möhkəmləndirilməsi ilə yanaşı,  fərqli təyinatlı yol, enerji infrastruktur layihələrinin reallaşdırılması istiqamətində işlərə başlanıldı. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin təməli qoyulub, bu il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib. Avqustun 26-sı isə işğaldan azad olunmuş Laçının ilk dəfə Şəhər Günü böyük təntənə ilə qeyd edilib. Sevindirici haldır ki, dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış planına uyğun olaraq keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı prosesi Laçın şəhərində də həyata keçirilib. Mərhələli şəkildə köç karvanlarının ilki isə bu ilin 28 may tarixində baş tutub. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimiz tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 30 illik işğaldan sonra yenidən qurulan, daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri öz doğma ocaqlarına qayıdaraq böyük sevinc hissi yaşayırlar. Oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına, öz daimi evlərinə yola düşüb. Köçürülən sakinlər 23 ailə, 83 nəfərdən ibarət olub. Bununla da Laçın şəhərində 295 ailənin, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.

Ramidə YAQUBQIZI,

"Respublika".