Uşaqların hüquq və azadlıqlarının müdafiəsi diqqət mərkəzindədir
Sosial həyat

Uşaqların hüquq və azadlıqlarının müdafiəsi diqqət mərkəzindədir

20 Noyabr Ümumdünya Uşaqlar Günüdür

Azərbaycan Respublikasında uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsipləridir.

Uşaqların hüquq və azadlıqlarının müdafiəsi, rifah halının yüksəldilməsi, onların hərtərəfli inkişafına göstərilən dövlət dəstəyi ölkəmizdə uşaq siyasətinin uğurla həyata keçirilməsinin göstəricisidir.

Beynəlxalq hüquq sistemində və milli qanunvericiliyimizdə uşaqların hüquq və azadlıqlarının qorunması ilə bağlı mövcud aktlar onların müdafiə və inkişafına təminat verir. BMT-nin Baş Məclisi tərəfindən 1959-cu il 20 noyabr tarixində Uşaq Hüquqları Bəyannaməsi, daha sonra 1989-cu il 20 noyabr tarixində Uşaq hüquqları haqqında Konvensiya (UHK) qəbul olunmuşdur. Konvensiya qəbul edildikdən sonra tez bir zamanda tarixdə ən çox ratifikasiya edilmiş insan hüquqları sazişinə çevrilmişdir.

UHK uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir.

Bu il UHK-nın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Ölkəmiz 1992-ci ildən həmin Konvensiyanın iştirakçısıdır. Bununla yanaşı, UHK-ya əlavə olaraq qəbul edilmiş 2000-ci il 25 may tarixli uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına və uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolları da 2002-ci ildə ölkəmiz tərəfindən ratifikasiya edilmişdir.

UHK-nın implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri məruzələri üzrə verilmiş tövsiyələrin icrası məqsədilə ölkədə mühüm addımlar atılmışdır.

Uşaqların müdafiəsi ilə bağlı məsələlər daim dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Ölkədə aparılan dövlət siyasəti nəticəsində normativ-hüquqi baza və institusional struktur təkmilləşdirilmiş, uşaqların inkişafı və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində yeni təhsil, sosial xidmət müəssisələri, səhiyyə ocaqları inşa və bərpa edilir, uşaqların hərtərəfli inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq görülən tədbirlər uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlər ilə təmin edilməsi, onların inkişafı və hərtərəfli qayğı ilə əhatə olunmasına xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyasında, Ailə Məcəlləsində, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası"nda və digər milli qanunvericilik aktlarında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı mühüm müddəalar təsbit edilmişdir.

"Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu bu sahədə mövcud qanunvericiliyin və vəziyyətin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası" dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsini ehtiva edir. Strategiyanın əsas məqsədi Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.

Ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı", "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" və "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nda uşaq hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin icrasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) iştirakı tövsiyə edilmişdir.

Ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bu fəaliyyət Müvəkkilin Aparatı və Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional Mərkəzləri tərəfindən həyata keçirilməkdədir.

BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrini, dövlət uşaq siyasətinin başlıca prinsiplərini nəzərə alaraq Ombudsman Aparatında yaradılmış Uşaq hüquqlarının müdafiəsi sektoru Müvəkkilin bu sahədə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

Uşaq hüquq pozuntuları ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması məqsədilə müvafiq qurumlara sorğular göndərilir və məsələnin həlli istiqamətində zəruri addımlar atılır. Təsisata, o cümlədən Ombudsmanın 916 Çağrı Mərkəzinə ünvanlanan bir sıra müraciətlər təmin olunmuş və müsbət nəticələr əldə edilmişdir.

Müvəkkilin Aparatı və Regional Mərkəzləri tərəfindən hüquqşünas, psixoloq və həkimin iştirakı ilə uşaqların hüquqlarının pozulması ilə bağlı yerində araşdırmalar aparılır, hüquqların təmini istiqamətində zəruri tədbirlər görülür.

Ombudsman Aparatına daxil olan müraciətlərlə yanaşı, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə uşaqların hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar Ombudsman tərəfindən dərhal nəzarətə götürülür, aidiyyəti orqanlara müraciətlər ünvanlanır, ailələrə psixoloji yardım göstərilir və hüquqi məsləhətlər verilir.

Belə ki, bu il Şamaxı şəhərində valideyn baxımsızlığı nəticəsində sosial təhlükəli vəziyyətdə olan uşaqlarla, İmişli rayonunda hamilə qalan azyaşlı qızla əlaqədar mediada yayımlanmış məlumatlarla bağlı dərhal araşdırma aparılmış, Ombudsman uşaqların yerləşdirildikləri müvafiq sığınacaqda onlara baş çəkmiş, uşaqların səhhəti, saxlanma şəraiti və hüquqlarının təmini vəziyyəti diqqətdə saxlanılmışdır.

Bununla yanaşı, media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı yayılmış məlumat əsasında Ombudsman Aparatı tərəfindən dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılmış, Ombudsman uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah etmişdir.

Cari ildə azyaşlı qızların ana olması və digər uşaq hüquq pozuntusu halları ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumatlar Ombudsman tərəfindən nəzarətə götürülmüş, zəruri hallarda Aparatın əməkdaşları, həmçinin psixoloqu qızlarla görüşmüş, məsələ ilə bağlı müvafiq orqanlara müraciətlər ünvanlanmışdır.

Ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halı ilə bağlı Ombudsman Aparatı tərəfindən açıqlama yayımlanmış, belə halların yolverilməz olduğu vurğulanaraq müvafiq qurumlara bu istiqamətdə zəruri tədbirlər görülməsi tövsiyə edilmişdir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Ombudsman Aparatı tərəfindən aidiyyəti qurumlarla əməkdaşlıqda maarifləndirmə görüşləri təşkil edilmiş, həmçinin Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən uşaqların saxlandıqları bir sıra müəssisələrdə başçəkmələr həyata keçirilmişdir.

Müvəkkil çətin həyat şəraitində olan uşaqların hüquqlarının müdafiəsini daima diqqətdə saxlayır, onlarla görüşlər keçirir. Qeyd olunan gün münasibətilə Ombudsman yetkinlik yaşına çatmayan məhkumlarla, o cümlədən qadın məhkumların övladları ilə görüşərək, vəziyyətləri ilə maraqlanmışdır.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Ombudsman Aparatı tərəfindən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıqda Vətən müharibəsi şəhidlərinin övladları üçün Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda təşkil edilmiş bayram tədbiri zamanı uşaqlar keramika əl işləri üzrə ustad dərsində, habelə, qrup oyunlarında iştirak etmiş, Eko-Parkda uşaqların gəzintisi keçirilmişdir. Müvəkkil şəhid övladları ilə görüşərək onlarla fikir mübadiləsi aparmışdır.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr - Ümumdünya Uşaqlar Gününə həsr edilmiş kampaniya çərçivəsində əhalinin həssas kateqoriyasına aid uşaqların Ombudsmanla görüşü keçirilmişdir. Görüş zamanı uşaqlar Ombudsman Aparatının fəaliyyəti barədə geniş məlumatlandırılmış, idarəetmə prosesində fəal iştirak edərək, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı maraqlı təklif və təşəbbüslərlə çıxış etmişlər.

Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması və hüquqlarının müdafiəsi məsələləri Müvəkkil tərəfindən diqqətdə saxlanılır.

Belə ki, cari ildə Ombudsman həmin ölkədən repatriasiya edilmiş və sosial xidmət müəssisəsinə yerləşdirilmiş qadın və uşaqlarla görüşərək həmin şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində görülmüş tədbirlər barədə məlumat almış, onların hüquq və azadlıqlarının təmini vəziyyəti öyrənilərək müvafiq tövsiyələr verilmişdir.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıqda ölkədə yuvenal ədliyyə sahəsində vəziyyətin öyrənilməsi məqsədilə araşdırma aparılmış və müvafiq təkliflər hazırlanmışdır.

Uşaq hüquqlarına dair hüquqi maarifləndirmə tədbirləri Müvəkkil tərəfindən davamlı olaraq həyata keçirilir.

Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi, 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilmişdir.

Aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdan ibarətdir.

Bununla əlaqədar olaraq Müvəkkil tərəfindən bütün aidiyyəti qurumlara müraciət ünvanlanmış və aylıq çərçivəsində uşaq hüquqları, xüsusilə, uşaqlarla rəftar, davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi, bu sahədə araşdırmaların aparılması tövsiyə olunmuşdur.

Aylıq çərçivəsində Ombudsman Aparatı tərəfindən uşaq hüquqlarına dair müxtəlif mövzularda maarifləndirici posterlər hazırlanaraq Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin köməyilə şəhərin açıq məkan reklam qurğularında yayımlanmışdır.

Ombudsman Aparatı və Regional Mərkəzlər tərəfindən "Uşaq hüquqları aylığı" çərçivəsində ölkənin paytaxt və regionlarında uşaq hüquqlarına dair müxtəlif mövzular üzrə uşaqlar, valideynlər (onları əvəz edən şəxslər) və uşaqlarla işləyən şəxslərin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Müvəkkilin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizm qismində fəaliyyətinə müvafiq olaraq uşaqların yaşadığı və saxlanıldığı dövlət müəssisələrində müntəzəm olaraq başçəkmələr həyata keçirilir.

Aylıq çərçivəsində də başçəkmələr davam etdirilmiş, Bakı, Sumqayıt Gəncə, Goranboy, Tovuz, Quba, Siyəzən, Şəki, Balakən, Mingəçevir, Lerik, Neftçala, Salyan, Lənkəran şəhər və rayonlarında yerləşən, uşaqların saxlandıqları və yaşadıqları 30-dan artıq müəssisəyə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsi, körpələr evi, uşaq evləri, internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziyalar və digər təhsil müəssisələrini əhatə edən başçəkmələr zamanı müəssisələrin ərazisinə baxış keçirilmiş, mövcud vəziyyət araşdırılmışdır. Rəftar məsələlərinin müəyyənləşdirilməsi məqsədilə rəhbərlik, əməkdaş və uşaqlarla fərdi söhbət aparılmışdır.

Başçəkmələr zamanı müəssisələrdə uşaqların, habelə, psixoloq və tərbiyəçilərin iştirakı ilə maarifləndirici təlimlər keçirilmiş, uşaq hüquqlarına dair mövcud normativ-hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilmişdir.

Aylıq çərçivəsində aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, müvafiq müəssisələr tərəfindən uşaq hüquqlarına dair dəyirmi masalar, treninq və seminarlar, kampaniyalar, sərgi və müsabiqələr keçirilmiş, araşdırmalar aparılmış və birgə tədbirlər təşkil edilmişdir. Keçirilən tədbirlərdə uşaqların iştirakı təmin olunmuşdur.

Hesab edirəm ki, qeyd edilən tədbirlər uşaq hüquqlarının müdafiəsi, təbliği, bu sahədə əhalinin maariflənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yekunda 20 Noyabr - Ümumdünya Uşaqlar Gününün məqsədini nəzərə alaraq hər kəsi uşaqların hüquq və azadlıqlarının təmin edilməsinə dəstək verməyə çağırıram!

Gəlin, uşaqlardan qayğı və sevgini əsirgəməyək, onların sağlam, xoşbəxt və layiqli vətəndaş kimi formalaşması naminə bütün imkanlarımızı səfərbər edək!

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru.