Laçın növbəti dəfə doğma sakinlərinə qucaq açıb
Sosial həyat

Laçın növbəti dəfə doğma sakinlərinə qucaq açıb

İkinci Qarabağ müharibəsində qazanılan qələbə ilə hüquqları bərpa edilən keçmiş məcburi köçkünlər 1 ildən artıq müddətdir ki, böyük qürur hissilə geri qayıdırlar. Ötən zaman ərzində Böyük Qayıdış proqramına əsasən Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndləri, eləcə də Füzuli və Laçın şəhərləri doğma sakinlərinə qucaq açıb.

Dekabrın 14-də daha  20 ailə - 86 nəfər laçınlının yurd həsrəti sona çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Artıq bundan sonra doğma şəhərlərinə geri dönən laçınlılar öz həyat hekayələrini yataqxana, yarımçıq tikililər və inzibati binalarda deyil, dağlar qoynunda yerləşən, füsunkar təbiətilə göz oxşayan Laçında yazacaqlar. Qeyd edək ki, Laçın şəhəri üçtərəfli Bəyanatın müddəalarına görə 2022-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən, siyasi yolla azad olunan ərazilərimizdən biridir. Laçının işğaldan azad olunmasından ötən qısa zaman ərzində şəhərdə sürətli  yenidənqurma işləri görülüb və indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.

Böyük Qayıdış Zəngilanın Ağalı kəndindən başlasa da keçmiş məcburi köçkünlərin ata-baba yurduna qayıdışının hələ ilk mərhələsi işğaldan azad edilmiş Cocuq Mərcanlıdan başlamışdı. Məhz bu qayıdış doğma yurd həsrətilə alışıb-yananların qəlbində ümid çırağına dönmüşdü. 2016-cı ilin aprel ayında 4 günlük döyüşlərdə düşmən ordusunu darmadağın edən qəhrəman hərbçilərimiz Lələtəpə Zəfərilə Cocuq Mərcanlıya qayıdışa start verilmişdi. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan kənd hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandanlığı altında Horadiz əməliyyatı ilə düşmən tapdağından azad olununsa da, yaxınlıqdakı Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi.  Amma 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı və bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. 2017-ci il iyulun 5-də Cocuq Mərcanlıya 4 ailə yerləşdirilmişdi.

Həmin vaxt bugünkü günlə uzlaşan maraqlı bir hadisə də olmuşdu. İlk məcburi köçkün karvanının sürücüsü əslən  Laçından olan Anar adlı gənc jurnalistlərə belə bir açıqlama vermişdi: "Qarabağa qayıdışın başlanğıcı olan ilk məcburi köçkün karvanının sürücüsü olmağım bəlkə də bir təsadüfdür. Bu qayıdışda iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Bu ailələrin sevinci hamımızın sevincidir. İnanıram ki, tezliklə biz də doğma Laçınımıza qayıdacağıq". O gün bu arzuları dilə gətirən Anar bu il mayın 28-də nəhayət ki, muradına çatdı, 30 il əvvəlki ağrı-acı, kədər, göz yaşları Müstəqillik günündə sevinc hissilə əvəz olundu. Prezident İlham Əliyevin tapşırığı ilə cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulmuş və ilk olaraq 20 ailənin ixtiyarına verilmişdi. Cənnətin təsvirini özündə əks etdirən Laçında doğrudan da hər şey çox böyük zövqlə yaradılıb. Burada insanların rahat yaşaması, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurların təcəssümüdür.

Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasətində vətəndaşların, xüsusilə də keçmiş məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması və onların təhlükəsiz şəkildə Qarabağa və Şərqi Zəngəzura köçürülməsi ümdə vəzifələrdən birini təşkil edir. Əsas dövlət xərcləri də məhz bu istiqamətə yönəldilir ki, 30 il erməni işğalının ağırlığını  çiyinlərində daşıyan həmyerlilərimiz tez bir zamanda həmin ərazilərə yerləşdirilsin.  Ümumilikdə isə 2026-cı ilin sonunadək 140 min insanın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılıb. Buna görə də işğaldan azad olunmuş ərazilərdə işlər daha da sürətləndirilir.

Musa BAĞIRLI,

"Respublika".