Laçın buraxılış məntəqəsi təxribatlara son qoymaq üçün yaradılıb
Digər xəbərlər

Laçın buraxılış məntəqəsi təxribatlara son qoymaq üçün yaradılıb

"Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz". Avqustun 26-da Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində bu fikirləri söyləyən ölkə başçımız Laçın yolunda beynəlxalq hüquq normaları çərçivəsində sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ölkəmizin ərazi bütövlüyünün tamamilə bərpa olunduğunu, sərhədlərimizin qorunduğunu bildirmişdir.

İkinci Qarabağ müharibəsində Ermənistanın kapitulyasiyasını, Azərbaycanın isə qalibiyyətini ehtiva edən üçtərəfli Bəyanata əsasən işğalçı ölkə Laçın rayonunu hərbi əməliyyatlarsız öz sahibinə geri qaytardı. Lakin Laçın dəhlizi Laçın şəhərindən, Zabux və Sus kəndlərindən keçdiyindən bu ərazilər müvəqqəti olaraq Azərbaycanın nəzarətindən kənar idi. Bundan sui-istifadə edən ermənilər Laçın yolundan hərbi təxribatlar, eyni zamanda qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edirdilər. 44 günlük müharibəni öz gücü, öz hərbi potensialı ilə qalibiyyətlə başa vuran Azərbaycan müharibədən sonrakı mərhələdə quruculuq prosesini də qətiyyətlə həyata keçirir. Belə ki, qısa müddət ərzində yeni yol çəkildikdən sonra Azərbaycan ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil oldu. Azərbaycan öz toraqlarına tam şəkildə nəzarəti ələ keçirdi. Buna baxmayaraq, Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə edən ermənilər müxtəlif yollara əl ataraq çirkin əməllərini həyata keçirməyə davam edirdilər. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 3 minə yaxın piyada əleyhinə minaların aşkarlanması bunun əyani sübutudur.

Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti nəticəsində ermənilərin Laçın yolu ilə hərbi texnika daşımasının, ölkəmizin təbii ehtiyatlarının qanunsuz şəkildə istismarının qarşısını almaq məqsədilə aprelin 23-də Ermənistanı Qarabağla birləşdirən yeganə yolun - Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkan verən sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququ olsa da, artıq bəd əməllərini reallaşdıra bilməyən ermənilər öz havadarlarının köməyi ilə bütün dünyaya guya Azərbaycanın Qarabağ ermənilərini "blokada"da saxlaması barədə yalan informasiyalar yaymağa, əsassız ittihamlar irəli sürməyə başladılar. Erməni lobbisinə xidmət edən böyük güclər ölkəmizə qarşı təzyiqlər göstərərək Laçın dəhlizinin "blokada"sından narahatlıqlarını bildirsələr də ölkə başçımızın dediyi kimi, Azərbaycanı haqq işindən heç bir qüvvə döndərə bilmədi. Laçın yolunda hərəkəti məhdudlaşdırmaq deyil, əksinə təxribatlara son qoymaq üçün yaradılan keçid məntəqəsinin aradan qaldırılması, üçün Ermənistanın bütün cəhdləri boşa çıxdı. Bu gün nəzarət-buraxılış məntəqəsində ciddi yoxlanışların aparılması isə nəinki sərhəddə, bütün regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir. İki ölkə arasında sərhəddə vəziyyətin sabitliyi üçün yaradılan nəzarət-buraxılış məntəqəsində yüklərin yoxlanılması ilə yanaşı, pasport nəzarəti də həyata keçirilir ki, bu da ümumilikdə bölgənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Qarabağda yaşayan erməni əsilli vətəndaşlarına humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması təşəbbüsünü vay-şivənlə qarşılayan ermənilər Laçın yolunun bağlı olduğunu bütün dünyaya car çəkdilər. Beynəlxalq ictimaiyyəti yalan informasiyalarla aldatmaqdan, Beynəlxalq Ədalət Məhkəməsinə bu barədə müraciət etməkdən də çəkinmədilər. Qarabağdakı vəziyyətin BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin ləğv olunması ilə bağlı BMT-də fövqəladə iclas keçirilməsini də istədilər. Lakin beynəlxalq məhkəmə səviyyəsində Ermənistanın guya Laçın yolunun bağlı olması iddiası rədd edildi, BMT Təhlükəsizlik Şurasının Laçın-Xankəndi yolunun "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili keçirilən iclasında Ermənistan yalanları, əsassız iddiaları ilə növbəti dəfə fiaskoya uğradı. Çünki torpaq sahibinin öz ərazisində giriş-çıxışa nəzarət etməsi onun legitim hüququdur və beynəlxalq hüquqa əsaslanır. Bunu dünya ictimaiyyəti də, erməni havadarları da, ermənilərin özləri də çox yaxşı bilirlər. Bu baxımdan, nə "tır şousu", nə "humanitar blokada" harayı ermənilərin dərdinə dərman olmadı, havadarları da Azərbaycanı prinsipial mövqeyindən döndərə bilmədi. Ermənilər "biçarə" havadarlarını da çətin vəziyyətə salıblar, binəvalar "humanitar yükləri" Laçın yolundan keçirsin, ya hərbi cinayətləri faktlarla sübuta yetirilmiş erməni terrorçunu müdafiə etsinlər?..

Ermənistan nəhayət ki, prosesləri dərindən analiz etsə, birmənalı olaraq anlayacaq ki, beynəlxalq qurumlara bəslədiyi ümidlər artıq əbəsdir. Azərbaycan ayrılmaz tərkib hissəsi olan Qarabağın erməni azlığı ilə hansısa vasitəçilərin iştirakı ilə müzakirələr aparmaq niyyətində deyil, öz ərazilərində sərhəd-buraxılış məntəqəsi yaratmaq onun legitim hüququdur və bütün bunlar daxili işi olduğundan heç bir "beynəlxalq vasitəçi" ermənilərə "yardım" edə bilməyəcək. Azərbaycan öz ədalətli mövqeyindən bir addım belə geri çəkilməyəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".