Beynəlxalq enerji sisteminə inteqrasiya
İqtisadiyyat

Beynəlxalq enerji sisteminə inteqrasiya

İqtisadi imkanlar, dünya dövlətləri ilə inkişaf edən ikitərəfli münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıqlar Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada nüfuzunu yüksəldir. Ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycan həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal layihələrin təşkilatçısı kimi nüfuz qazanıb.

İyunun 4-6-da ölkəmiz Bakı Enerji Həftəsinə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir ki, bunlara 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri daxildir. İlk dəfə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən tədbir dünya ölkələrilə sıx əməkdaşlığı, dialoqu gücləndirməklə yanaşı, dayanıqlı enerji siyasətini həyata keçirməyə töhfə verir. İyun ayının 4-də dünya ictimaiyyətinin nəzəri yenidən Azərbaycana yönəldi. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi öz işinə başladı. Tədbirin keçirilməsi əhəmiyyətli hadisəyə təsadüf etdi. Belə ki, bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olur. Bu, Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapmışdı. Bundan başqa, Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas") sərgisinin təsis edilməsindən 30 il ötür.

Ölkəmizin zəngin enerji resursları onun iqtisadi potensialını gücləndirməklə yanaşı, həm də regional əməkdaşlıqda mühüm rol oynayır. Müxtəlif zamanlarda istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Rəsmi Bakı bu gün qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Bununla yanaşı, regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorunda təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxarıb. Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Zəngin alternativ enerji potensialına malik olması ölkəmizin enerji ixracını genişləndirmək imkanlarını daha da artırır. Builki Enerji Həftəsi bu mənada olduqca mühüm iqtisadi hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı zamanı söylədikləri müasir enerji siyasətinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyətə malik ismarıclarla zəngin idi. Tədbirlər çərçivəsində ölkəmizin uğurlu neft strategiyası, Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığırın açılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin icrası, TANAP, TAP kəmərlərini reallaşdıran Cənub Qaz Dəhlizinin enerji koridoru kimi əhəmiyyəti bir daha öz təsdiqini tapdı. Eyni zamanda tədbirdə respublikamızın Mərkəzi Asiya-Xəzər regionunun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarının Qərbə nəqlində tranzit ölkə kimi əhəmiyyəti də diqqətə çatdırıldı.

Digər əlamətdar hadisə isə Enerji Həftəsinin 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" və Azərbaycanın COP29 kimi mötəbər tədbirə hazırlaşdığı bir zamana təsadüf etməsidir. Bu gün qlobal problemlərin ən başlıcası hesab olunan iqlim dəyişmələri və onun Yer kürəsi üçün yaratdığı təhlükələr, bu problemlərin qarşısının alınması yolları, eləcə də "yaşıl enerji" kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında da öz əksini tapmışdır. SOCAR və "Masdar" şirkəti arasında bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb ki bu da Azərbaycanın "yaşıl enerji"yə göstərdiyi diqqəti bir daha təsdiqləyir. Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyalarının inşasını ehtiva edir.

Prezident İlham Əliyevə Bakı Enerji Həftəsi münasibətilə ünvanlanan məktublar dövlətimizin bu sahədə əldə etdiyi uğurların təzahürüdür. Müxtəlif ölkələrin liderlərinin bu mühüm tədbirlə bağlı fikirləri, eləcə də Azərbaycanla əlaqələri yüksək qiymətləndirmələri və qarşılıqlı əməkdaşlıqda maraqlarını ifadə etmələri Bakının beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir.

Nəzrin ELDARQIZI,

"Respublika".