Kanak xalqının müstəmləkəçiliyə qarşı mübarizəsi
Siyasət

Kanak xalqının müstəmləkəçiliyə qarşı mübarizəsi

Təəssüflər olsun ki, yaşadığımız dünyada hələ də bəşəriyyətin üz qarası olan müstəmləkəçilik siyasəti davam etməkdədir. Xüsusilə böyük coğrafi kəşflər dövründən başlayaraq Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya və bu kimi digər ölkələr yeni ərazilər ələ keçirmək üçün qarşı-qarşıya gəlmişlər. XX əsrdə baş vermiş Birinci və İkinci Dünya müharibəsinin ən böyük səbəblərindən biri də məhz bu amil olmuşdur.

Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti və milyonlarla insanın həlak olması bəşəriyyəti yeni çağırışla üz-üzə qoymuşdu. Bu, universal beynəlxalq təşkilatın yaradılması ideyası idi. Lakin Birinci Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası sülh və təhlükəsizliyin qorunmasında təsirsiz oldu və İkinci Dünya müharibəsinin qarşısını ala bilmədi.

İkinci Dünya müharibəsinin başa çatmasından sonra beynəlxalq mexanizmi ədalətli şəkildə müəyyənləşdirmək üçün yaradılan BMT dünyada dekolonizasiyaya təkan verən bir beynəlxalq təşkilat oldu. Nəticədə təşkilata daxil olan ölkələrin hamısı, Fransa istisna olmaqla müstəmləkələrindən imtina etdilər. Bu günə kimi müstəmləkəçilik siyasəti yürüdən Fransa hələ də Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqının azadlığını təmin etməkdən boyun qaçırır. Bununla belə, özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən rəsmi Paris utanmaz şəkildə yaşadığımız regionun daxili işlərinə qarışmaqdan da əl çəkmək istəmir.

Fransa bu gün nə qədər çalışsa da, öz çirkin siyasətinin təqibindən qurtula bilmir. Bu ölkənin dənizaşırı icma və ərazilərindən olan nümayəndələr ən ali kürsülərdən öz xalqlarının azadlıq səsini hayqıraraq mübarizə aparırlar. Yaxın günlərdə Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında deyib ki, Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb. Bundan əlavə, Ella Tokoraqi onu da qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir: "Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur".

Yeni Kaledoniya adası da uzun illər Fransanın müstəmləkəsinə çevrilən ərazilərdəndir. Sahəsi 19 min kvadratkilometr olan Yeni Kaledoniya Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundandır və paytaxtı Numea şəhəridir. Əhalisi 268 min nəfərdən çox olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Yerli əhali sayılan kanaklar korsikalılar kimi bu gün də azadlıq mübarizəsi aparırlar. Lakin Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır. Lakin kanaklar bu gün də "öz müqəddəratını təyinetmə" məsələsini gündəmdə saxlamağa nail olublar. Belə ki, Yeni Kaledoniyanı Fransa Senatında təmsil edən senator Robert Xovie parlamentin yuxarı palatasında Fransa hökumətinə xitabən tənqidi fikirlər səsləndirib. O, Fransa hökumətini 1998-ci ildə əldə edilmiş razılığa zidd olaraq müstəmləkəçilik məskunlaşmasını qanuniləşdirməkdə ittiham edib. Robert Xovie bildirib ki, Fransa hökumətinin Yeni Kaledoniyada keçirdiyi sonuncu referendum mübahisəyə səbəb olub. Bu, Yeni Kaledoniyanın dekolonizasiya olunmalı olan ərazilər siyahısından çıxarılması üçün Fransanın bir bəhanəsi olub. Həmçinin Fransanın davranışları Numea sazişini Konstitusiya dəyərindən məhrum edərək, onu əvəz etmək məqsədi daşıyır.

Qeyd edək ki, Yeni Kaledoniya 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmiş ərazidir. "Qoca qitə" sakinlərinin buraya axını 1840-cı ildən başlayaraq davam etmişdir. Fransa və İngiltərədən gələnlər adada bitən səndəl ağacını Avropaya aparırdılar. Bundan sonra Fransanın müstəmləkəsinə çevrilən ada cinayətkarların sürgün yerinə çevrilmişdi. Bu da öz növbəsində demoqrafik dəyişikliyə səbəb olmuşdu. Nəticədə adanın aborigenləri olan kanakilərlə ağdərililər arasında müəyyən dövrlərdə toqquşmalar da, hətta Yeni Kaledoniyada 1878-1917-ci illər arasında partizan müharibələri də baş vermişdi. 1953-cü ildə isə adanın bütün sakinləri məcburi şəkildə Fransa vətəndaşlığını qəbul edib. Yeni Kaledoniya uzun illər müstəqilliyin tərəfdarları və əleyhdarları arasında silahlı qarşıdurmaların mərkəzinə çevrilmiş və nəticədə 1988-ci ildə Parisdə Fransa hökuməti, loyalçılar və separatçılar arasında Matinyon sazişi bağlandı. Müqavilənin şərtlərinə görə Kaledoniya 1998-ci ilə təyin edilmiş öz müqəddəratını təyinetmə referendumuna qədər müvəqqəti olaraq xüsusi inzibati status daşıyırdı. Lakin ilk seçkilər 2018-ci noyabrın 4-də keçirildi. Yeni Kaledoniyanın yerli əhalisi kanakilərin böyük əksəriyyəti müstəqillik tərəfdarları olduğunu bildirsələr də, seçicilərin 56 faizi (ağ köçkünlər və ya dünyanın başqa yerlərindən gələnlər) Fransanın tərkibində qalmağın lehinə səs verdi. İlk referendumların nəticələrinə görə, adaya sonradan gələnlər kanakilərə qoşulmaq istəmirdilər. 4 oktyabr 2020-ci ildə keçirilən ikinci müstəqillik seçkilərində də kanakilər istəklərinə nail ola bilmədilər. Adaya gəlmə əhali bu dəfə də Parisə qarşı çıxmadı.

1998-ci ildə imzalanmış Numea sazişinə görə Yeni Kaledoniya müstəqilliyinə qovuşmaq üçün 3 referendum keçirməli idi. Nəhayət, 2021-ci ildə Yeni Kaledoniyada ümumxalq səsverməsi keçirildi. Lakin Fransa hökuməti adada səsvermə məntəqələrinin yerləşdiyi müəyyən strateji yerlərdə 2000 jandarm və hərbçi yerləşdirmişdi. Fransanın mətbuatı həmin gün səsvermə məntəqələrində 1400 mobil jandarm, 15 mobil jandarm eskadronu, qısamüddətli bölük əsgərləri və yüksək riskli sahə üzrə ixtisaslaşmış milli jandarm müdaxilə qrupunun 100-ə yaxın üzvünün gətirildiyini qeyd etmişdi. Bundan başqa, 2000-ə yaxın polis, 160 hərbi texnika, həmçinin 30-a yaxın zirehli texnika yerləşdirilmişdi. Adaya bu sayda hərbçi və texnikanın yerləşdirilməsi özü-özlüyündə böyük suallar doğururdu. Həmçinin Fransa tərəfdarları olan insanlara da silahların verilməsi kanak icmasına qarşı əsl təzyiq forması kimi qiymətləndirilirdi.

Xüsusilə qeyd etmək lazımdır ki, seçkilərin nəticələrindən asılı olmayaraq Fransanın Yeni Kaledoniyaya müstəqillik verməsi real görünmür. Çünki Fransa hökumətinin Sakit okeandan rahatlıqla çıxacağı ehtimalı çox azdır. Lakin nə olursa-olsun 170 illik müstəmləkəçiliyin qurbanı olan Yeni Kaledoniyanın bundan sonra da müstəqillik uğrunda mübarizə aparacağı dəqiqdir.

Musa BAĞIRLI,

"Respublika".