Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Kazinform": Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi gələn il Azərbaycana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən SPECA Sammitində iştirakına görə Kasım-Jomart Tokayevə təşəkkür edib. Ölkə başçısmızın  sözlərinə görə, Azərbaycan-Qazaxıstan əlaqələri qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsinə keçir. Görüşdə İlham Əliyev Kasım-Jomart Tokayevi gələn il Azərbaycana dövlət səfərinə dəvət edib.

"1tv": Gürcüstanın Baş nazirinin SPECA İqtisadi Forumunda iştirakı Gürcüstan-Azərbaycan münasibətlərinə təkan verəcək

"Baş nazir İrakli Qaribaşvilinin Bakıya səfəri və onun Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) İqtisadi Forumunda iştirakı Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə əlavə təkan verəcək".  Bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze vurğulayıb.

Gürcüstan mediası bildirib ki, səfirin sözlərinə görə, Prezident İlham Əliyev Baş naziri fəxri qonaq kimi Foruma dəvət edib.

"ROGTEC": Azərbaycanda yanvar- oktyabr aylarında neft, kondensat və qaz hasilatı artıb

"ROGTEC" (Russian Oil and Gas Technologies) xəbər saytı bildirir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 39 milyard 745,8 milyon kubmetr (artım 3,4 faiz) təşkil edib. Bununla yanaşı, əmtəəlik qaz hasilatı 29 milyard 711,1 milyon kubmetr (artım 3,6%) olub. Oktyabr ayında Azərbaycanda 2,46 milyon tondan çox neft və 3,84 milyard kubmetr qaz hasil edilib.

"Vestnik Kavkaza": Rusiya sülhməramlı kontingenti Laçında daha bir müşahidə məntəqəsini ləğv edib

Rusiya sülhməramlı kontingenti Laçın rayonunda daha bir müşahidə məntəqəsini ləğv edib. "Vestnik Kavkaza" bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

"Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Sənəddə sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılması nəzərdə tutulurdu. Kontingentin xidmət müddəti 5 ildir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti daha 5 il uzadılmış sayılacaq.

"Caspian news": SPECA dövlətləri daha geniş əməkdaşlıqda maraqlıdır

Bakıda keçirilən SPECA Rəhbər Şurasının 18-ci iclası zamanı SPECA ölkələri qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən mərkəzi nəqliyyat və logistika qovşağı kimi Azərbaycanın təşəbbüslərini müzakirə ediblər.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstandan olan nümayəndələr ənənəvi və bərpaolunan enerji sektorlarında, o cümlədən nəqliyyat, rabitə və digər sahələrində tərəfdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.

"Respublika".