İndi o yerlər gülüstana dönür
Sosial həyat

İndi o yerlər gülüstana dönür

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın təbii ehtiyatları hər zaman istilaçıların, işğalçıların diqqətini cəlb edib, bu sərvətləri ələ keçirmək üçün vətənimizdə zaman-zaman münaqişələr törədilib, müharibələr aparılıb. Ən yaxın tariximizə nəzər saldıqda mənfur qonşularımızın vaxtilə Azərbaycanın dilbər guşələrində yerləşdirilməsi, məskunlaşdıqdan sonra barlı-bərəkətli torpaqlarımıza göz dikmələri, 30 illik işğal dövründə bu ərazilərin təbii sərvətlərini talan etmələri ən ağrılı faktlardır.

Uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan zəbt etdiyi ərazilərimizdə xarici şirkətlərlə ("Vallex Group", "Base Metals", ACP, Lerna Metalurgiayi Institute, "Teghout") işbirliyi qurmuş, mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə qanunsuz fəaliyyət göstərmişdir. Beynəlxalq hüquq normalarına, BMT-nin, ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayan düşmən torpaqlarımızda misli görünməmiş vəhşiliklər törətmişdir. İşğalçı dövlətin apardığı qeyri-qanuni iqtisadi fəaliyyət barədə beynəlxalq təşkilatlara dəfələrlə məlumat verilsə də, bu istiqamətdə heç bir tədbir görülməmiş, talançı Ermənistan çirkin əməllərindən əl çəkməmişdir.

Meşələrin qırılması, yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan olunması nəticəsində ekoloji tarazlıq pozulmuş, torpaq sahələri deqradasiyaya uğramışdır. Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində mövcud olan 260 min hektara yaxın meşə ərazisi son 30 il ərzində sürətlə azalmış, qiymətli ağac növləri - qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar, minlərlə hektar ərazini əhatə edən meşələr qırılmış və qiymətli ağac növlərinin bitdiyi Qarabağın təbii sərvətləri Ermənistana daşınmışdır.

"Base Metals" MMC şirkəti tərəfindən Ağdərə rayonunun Qızılbulaq kəndindəki mis-qızıl mədənindən minlərlə ton filiz çıxarılaraq emal edilmiş və tərkibində qızıl olan mis Avropa bazarlarına ötürülmüşdür. Ümumiyyətlə, vaxtilə işğal altında olan ərazilərimizdə - Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərində qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, qızıl, gümüş, mis, molibden, civə yataqları, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və fauna sistemli şəkildə məhv edilmişdir. Kanadanın "Canadian First Dynasty Mines Ltd" və Hindistanın "İndian Sterlite Gold Ltd" şirkəti ilə müqavilə bağlamış işğalçı ölkə Kəlbəcər rayonunun ərazisində yerləşən, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) yatağından külli miqdarda qızıl hasil etmişdir. Bütün bunlar Ermənistanın 30 il torpaqlarımızda törətdiyi vandallıq əməllərinin yalnız bir hissəsidir.

Vəhşi, qaniçən düşmən Azərbaycanın münbit torpaqlarını talan etməklə kifayətlənməmiş, yerin təkinə ölüm saçan minalar basdırmaqla sanki kin-küdurətini bir az da dərinləşdirməyə çalışmışdır. İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri nəticəsində erməni vandallığı daha aydın şəkildə görünür. Hər addımda basdırılan minalar erməni xislətinin, qara niyyətinin, ağlasığmazlığının təzahürüdür. Müharibədən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də bu torpaqlar mənfur düşmənin çirkin əməllərinin fəsadlarından qurtula bilmir. 30 il ərzində fikri-zikri zəbt etdiyi əraziləri viran qoymaq, daşıdığını daşıyıb, daşıya bilmədiyini məhv etmək olan ermənilər əslində bu əməlləri ilə öz acizliyini, çarəsizliyini nümayiş etdirmişlər. Çünki insan övladı müqəddəs bildiyi torpağına, öz əli ilə qurub-yaratdığına heç bir vaxt bu cür münasibət bəsləyə bilməz. Bir də ki, humanistliyin, mərhəmətin nə olduğunu bilməyən, insan cildində olan bir vəhşi müqəddəslikdən nə anlar? Vətəni olmayan, özgə ərazilərində yaşayan bu toplum torpağı necə müqəddəs sana bilər ki, onu zəhərləməyə əli gəlməsin. Digər bir tərəfdən isə düşmən çox yaxşı bilirdi ki, bu torpaqlar onun deyil və bu yerlərin sahibləri gec-tez geri dönəcək və döndülər.

İndi bu torpaqlar dirçəlir, sinəsində güllər, çiçəklər açır. Yazın ilıq nəfəsi, ana təbiətin nəvazişi onu özünə gətirir. Doğma insanlarının əlinin hərarətini hiss etdikcə müqəddəs bildiyimiz, hər qarışı uğrunda şəhidlər verdiyimiz bu torpaqlar gülüstana dönür.

Mehparə ƏLİYEVA,

"Respublika".