Həsrətin də sonu varmış...
Sosial həyat

Həsrətin də sonu varmış...

2020-ci il 1 dekabr: Tariximizin qürur yaşadan anlarından biri. Məhz həmin gün 28 illik işğalına son qoyuldu Laçının. Azərbaycan Prezidenti laçınlılara gözaydınlığı verdi. Və hər birimiz "gözümüz aydın olsun!" - söylədik. Bundan sonra mayın 28-i, Müstəqillik Günü elə hamımız üçün ikiqat bayrama çevriləcək. Bu il mayın 28-də yurd həsrətli laçınlılar öz doğma obalarına qayıtdılar. Dövlət başçımız ilk olaraq yurd yerlərinə qayıdan 20 ailənin üzvləri ilə görüşdü, onlar üçün tikilmiş evlərin açarlarını təqdim etdi.

Bütövlükdə 7-8 ay ərzində 700 binanın inşa edildiyini, onlardan 620-nin fərdi yaşayış binası, 9 çoxmənzilli bina və bu binalarda 144 mənzilin hazırlandığını, beləliklə, hələlik 764 ailənin Laçında yaşaya biləcəyini  bildirdi: "Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim  ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz  var  və beləliklə,  hesab  edirəm ki, ilin sonuna qədər daha çox insan  Laçında yaşaya biləcək...".

O gün sevincli bir gün idi. Necə də sevinməyəsən, axı arzular, xəyallar gerçək olmuşdu. Uzun illər əzab-əziyyət içərisində, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda yaşayan bu insanların  ən əsası mənəvi əzablarına son qoyulurdu. Doğma yurda qayıdışın sevincini yaşayan laçınlılar da öz təəssüratlarını bölüşdülər, bu günü onlara yaşadanlara minnətdarlıqlarını ifadə etdilər. Sakin İsaq Musayev: "Cənab Prezident, mən də sizə həm "Çox sağ olun!" deyirəm, həm də sizi təbrik edirəm. Sizə cansağlığı, hərbçilərimizə uzun ömür, sağlamlıq, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, əlillərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun ki, bu günü bizə nəsib etdiniz", - dedi.

Ağsaqqal Elbrus Sadıqov Laçın ağsaqqalları adından çıxış edərək orada görülən quruculuq işlərindən danışdı: "Qısa zamanda torpaqlarımızı  azad, 50 milyonluq Azərbaycan xalqının başını uca etdiniz... Allah sizi başımızın üstündən əskik etməsin. Bu gün arzuma çatdım, mənim ən böyük arzum yerinə yetdi. Qayıtmışıq, həm sevinir, həm kədərlənirik. Əzizlərimizdən dünyadan köçənlər var, Sizin sayənizdə ruhları şad olacaq... Arzu edirəm siz 100 yaşınızı, bax, burada qeyd edəsiniz".

Gələcəyə, sabaha daha nikbin baxan sakin Əjdər Əhmədov isə dedi: "...Sizə bildirmək istəyirəm ki, bu gündən etibarən biz doğma yurdumuzda yaşayacağıq, yaradacağıq. Laçınımızın gözəlləşməsi   üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident, bu günü bizə yaşatdığınız üçün sizə dərin minnətdarlığımızı bildiririk".

Həmin gün Prezident Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoydu. Burada inşa ediləcək yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb. Dövlət başçısı mayın 28-də ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması  mərasimində də iştirak etdi. Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə  7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Adı "Qırmızı Kitab"a düşən şahin quşları isə Qətərdən Azərbaycana gətirilib. Bütün bunların da təbii ki, rəmzi mənası vardı, çünki uzun ayrılıqdan sonra bu torpaqlara doğma nəfəs gəlmiş, yeni həyat qayıtmışdı. Elə təbiətin özü də yenilənirdi. Hələlik özlərini bir qədər qərib sayan şahinlər tezliklə bu yerlərin gözəl təbiətinə alışacaq, Laçının qayalıqlarında, başı qarlı, ağ örpəkli dağlarında özlərinə məskən salacaqlar. Həkəri çayı isə qoynuna buraxılan körpə balıqlara doğmalıq edəcək...

Laçına qayıdış davam edir. İyulun 18-də səhər saatlarında Bakının Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksinin həyətində yenə də böyük qələbəlik vardı. Daha bir köç karvanı Laçına yola salınırdı. Səhər yola çıxan karvan gün ərzində dağlar diyarına çatdı. Yenidən qurulan Laçın şəhəri bu dəfə isə 18 ailəyə qucaq açdı və bununla da daha 73 laçınlının yurd həsrətinə son qoyuldu. Təbii ki, uzun ayrılıqdan  sonra vətəninə qayıdan insanların hansı hissləri yaşadıqlarını sözlə ifadə etmək çətindir, ancaq bir şey bəllidir, yurda dönüş əsl toy-bayramdır. Laçına yeni qədəm qoyan ailələr də böyük sevinclə qarşılandılar. Gözəlləşən, abadlaşan Laçın onları yenidən qoynuna aldı. Sakinlər hərtərəfli dövlət qayığısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər. Beləliklə, Laçına qayıdan ailələrin sayı 111 oldu, yəni 424 nəfərin daimi məskunlaşması təmin edildi.

Dövlət başçısı laçınlılarla görüşündə deyib: "Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik".

Bəli, yurd həsrəti çətindir, dövlətimiz düşmənin cəhənnəmə çevirdiyi torpaqları cənnətə döndərir. Köç karvanları geriyə, doğma yerlərə dönür. Nə yaxşı ki, həsrətin də sonu varmış...

Zümrüd QURBANQIZI,

"Respublika".