Hikmət Hacıyev: Ermənistan və qondarma kriminal rejim yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər
Siyasət

Hikmət Hacıyev: Ermənistan və qondarma kriminal rejim yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər

Biz diplomatik korpusun nümayəndələri ilə avqustun 15-də Ağdam-Xankəndi yolunun texniki imkanları və çatdırılma qabiliyyəti ilə yerində tanış olmuşduq. Hələ o zaman diplomatik korpusun nümayəndələri bir daha şahid oldular ki, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, bu günə qədər də dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılmasına imkan verilmir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol ilə istənilən yüklərin Xankəndinə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Ermənistan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir", - deyə H.Hacıyev əlavə edib.

 

Onların yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər

Ermənistan Azərbaycan ilə razılaşdırmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni "Laçın" sərhəd-keçid məntəqəsinə gətirmişdir. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altındakı korrupsioner Avropa siyasətçiləri bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəlmişlər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusda yaşamağa davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcək. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların bu yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər. Əsl niyyətləri isə vaxtilə işğal altında olan Azərbaycan ərazilərində yaratdıqları qondarma, qanunsuz rejimin yaşamasını təmin etməkdir və bunun üçün müxtəlif bəhanələrdən istifadə edirlər", - deyə H.Hacıyev vurğulayıb.

 

Yüklərin qəbul edilməməsinə görə məsuliyyət qondarma rejimin və Ermənistanın üzərinə düşür

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yüklərinin Ağdam-Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətirilməsi təmin olunmuşdur. Bu yük avtomobillərində 40 tona yaxın un məmulatları var. Amma yenə də rasizm siyasətinin bariz təzahürü olaraq, bu məmulatların qəbul edilməsinə qarşı çıxış edirlər. Bu, bir daha onu göstərir ki, burada məqsəd reinteqrasiyaya yox demək və qanunsuz statusu saxlamaqda davam etdirmək, bu proseslərdən yalnız siyasi manipulyasiya məqsədləri üçün istifadə etməkdən ibarətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

Dünən Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfinin danışıqlarında bu yüklərin Rusiya sülhməramlılarının maşınlarına daşınaraq, onlar vasitəsilə aparılması məsələsinin müzakirə mövzusu olduğunu vurğulayan H.Hacıyev deyib: "Dünən KİV-lərdə və sosial şəbəkələrdə olan məlumatlar da göstərdi ki, təşkil olunmuş aksiyalar vasitəsilə buna mane olmağa cəhd göstərirlər. Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə də məsuliyyət tam şəkildə qondarma rejimin və Ermənistanın üzərinə düşür. Onlar da bu manipulyativ prosesdə öz funksiyalarını və rollarını oynamaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin nümayəndələri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır. Təəssüflər olsun ki, bəzi Qərb media resurslarında bu faktlara və mövcud vəziyyətə yalan şəkildə don geyindirmək cəhdləri də var. Bu prosesdə, eyni zamanda, bəzi korrupsioner Qərb siyasətçiləri də öz rollarını oynamaqdadırlar. Onlar tərəfindən separatizmə dəstək verilməsi və separatistlərin yaxşı və pis separatistlərə bölünməsi tendensiyalarını da görürük ki, bunlar da qəbuledilməzdir. Bir daha qeyd etmək istərdik ki, Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbuledilməzdir".

Prezidentin köməkçisi müsahibəsində qeyd edib ki, Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim etmişdir. Amma bundan imtinaya görə məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür. "Orada yaşayan erməni əsilli sadə sakinlər həmin rejimin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar. Onlar öz mövcudluqlarını bu cür aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar və gördüyünüz kimi, bunların heç bir əsası yoxdur. Yüklər buradadır və ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansısa yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir".

Hikmət Hacıyev əmin olduğunu bildirib ki, diplomatik korpusun nümayəndələri gözləri ilə gördükləri bu faktları öz ölkələrinin aidiyyəti orqanlarına çatdıracaqlar. "Bu, ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır", - deyə o əlavə edib.

 

Ermənilərin niyyəti məsələlərin sülh yolu ilə həll edilməsi olsaydı, Yevlax görüşünə gələrdilər

Razılaşma vardı ki, Ağdam-Xankəndi yolu açılsın, ardınca Azərbaycanın gömrük və sərhəd rejimi qaydaları tətbiq olunmaqla Laçın-Xankəndi yolu da açılacaqdı, erməni sakinlərin nümayəndələri Azərbaycanın Yevlax şəhərində müvafiq görüşə gəlməli, ilkin təmaslar başlamalı idi. Son anda onlar bundan imtina etdilər. Bu imtinanın da məqsədi siyasi manipulyasiya, siyasi propoqandadır. Əgər onların əsl niyyəti reinteqrasiya məsələləri, sülh yolu ilə məsələlərin həll edilməsi olsaydı, bu görüşə gələrdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında söyləyib.

Bu yaxınlarda Azərbaycanın dəvəti ilə Ağdamda da görüş keçirilməsi ilə bağlı razılaşmanın olduğunu xatırladan Hikmət Hacıyev deyib: "Onlar bundan da imtina etdilər. Dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Qondarma rejimin saxlanılması Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Qondarma qurumun silahlı qüvvələrinin mövcudluğu da davam edir. Bu, regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər. Bu da Azərbaycan üçün qəbuledilməzdir. Ermənistanın bu kimi əməlləri Azərbaycanın daxili işlərinə qarışmaqdır, regional sülh və təhlükəsizliyi pozmaqdır və iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi zərbədir".