Qərbi Azərbaycana qayıdış reallaşa bilər
Siyasət

Qərbi Azərbaycana qayıdış reallaşa bilər

Bu il Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiyasının 35 ili tamam olur.  Bu zaman kəsiyində bir gün də olsun o insanlar öz yurdlarını unutmamışlar, evlərinə, kəndlərinə, şəhərlərinə dönəcəyi günü səbirsizliklə gözləmiş və bu ümidlə yaşamışlar. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad olunması, Şərqi Zəngəzurun və Qarabağın dirçəlişi və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi soydaşlarımızın Qərbi Azərbaycana dönmək ümidlərini daha da artırıb.

Ötən il öz ad gününü Qərbi Azərbaycan icması ilə bir yerdə keçirən Prezident İlham Əliyev Qərbi Azərbaycana dönüş konsepsiyasının əsasını təşkil edəcək konseptual çıxış etdi. Həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya lazımi mesajlar verdi. Məhz cənab Prezidentin bu çıxışından sonra Qərbi Azərbaycana qayıdış konsepsiyası imzalanıb, qəbul olundu. Artıq bu konsepsiyanın həyata keçirilməsi istiqamətində istər təşkilati, istər maarifləndirici, siyasi, humanitar, mədəni tədbirlər həyata keçirilir. Ötən il cənab Prezidentin başqa bir sərəncamı ilə Qarabağa və Şərqi Zəngəzura, soydaşlarımızın ata-baba yurdlarına qayıdıb məskunlaşmasını təmin edən birinci Böyük Qayıdış proqramı da qəbul olundu. Bu iki sənəd bir-birinə oxşayan və eyni taleli insanların həyatını dəyişəcək sənədlərdir. Həmçinin Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsi, yenidən orada həyatın bərpa olunması, Ermənistanla sülh müqaviləsinin imzalanmasına ümidlərin artması və kommunikasiyaların açılması, Ermənistanın 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi Qərbi Azərbaycana soydaşlarımızın dönüş imkanlarını daha da artıracaq.

Vətəndaşın, insanın ən birinci hüququ onun doğulub böyüdüyü kiçik vətənində, evində yaşamaq hüququdur. Bu hüququn təmin olunması üçün Ermənistan öz üzərinə müəyyən öhdəlikləri götürəcəkdir. Xoşluqla olmasa, beynəlxalq hüquq normaları çərçivəsində bunu etməyə məcbur olacaqdır. Biz ancaq ora sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində və Ermənistan dövlətinin verdiyi təminatlar, o cümlədən beynəlxalq qüvvələrin təhlükəsizlik təminatları ilə dönməyi planlaşdırırıq. Buna da nail olacağıq.

Musa URUD,

Milli Məclisin deputatı.