Hər zaman yanındayıq, Qardaş Türkiyə!
Siyasət

Hər zaman yanındayıq, Qardaş Türkiyə!

Ötən il fevral ayının 6-da qardaş ölkə Türkiyənin Kahramanmaraş - Qaziantep şəhərlərində baş verən dağıdıcı zəlzələ çoxsaylı insanın tələfatı, yaralanması, minlərlə binaların tamamilə dağılması ilə müşayiət olundu.

53 min 537 nəfər həyatını itirdi, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina dağıldı. Bu statistik rəqəmləri qeyd etmək asan kimi görünsə də, əslində dünyasını dəyişən hər bir can həm də gələcəyə bağlanan arzunun, ümidin, xəyalın sonu idi.

Qardaş ölkədə baş verən fəlakət Azərbaycanda da hər kəsə eyni kədəri, ağrını yaşadırdı. İlk saatlardan Azərbaycan dövlətinin və xalqının Türkiyəyə yardım üçün səfərbər olması iki ölkənin qardaşlığının sarsılmazlığının göstəricisi idi. "Bir millət, iki dövlət" olan xalqlarımızın qardaşlıq köməyi gözlənilən idi. Həmyerlilərimiz bu acını öz içində hiss edir, əllərindən gələn köməyi əsirgəmirdilər. Davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilirdi. Öz doğma qardaşlarımıza xilasedicilərdən ibarət ilk qrup elə həmin gün zəlzələ bölgəsinə yola düşdü və eləcə də zərərçəkənlər üçün zəruri ləvazimatlar göndərildi. Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Fond tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da Qaziantepə uçdu. Faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən 36 ton humanitar yardım göndərildi.

Yardım işində eyni zamanda özəl sektorlar da iştirak edirdilər. Özəl müəssisələr həm maddi, həm də texniki yardım göstərməyə başlamışdılar. Azərbaycanın ən böyük neft şirkəti olan SOCAR da öz dəstəyini əsirgəmədi. Bütün dövlət qurumları da eyni zamanda qardaş türk xalqının yanında oldu və bu qurumların nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəallıq göstərdilər.

Faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərildi. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aid idi. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edirdi. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salındı. Zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaratmışdılar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirdilər.

Bölgələrimizdən də insanlar zərərçəkənlərə yardım aksiyasına fəal qoşulmuşdu. Qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirdilər. Eyni zamanda ölkəmizin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olundu. Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərildi.

Bütün bunlarla biz bir daha beynəlxalq aləmə göstərdik ki, Azərbaycan və Türkiyə arasında əsl qardaşlıq əlaqələri mövcuddur.

Röya RÜSTƏMLİ,

"Respublika".