Cənubi Qafqazdakı maraqlar
Siyasət

Cənubi Qafqazdakı maraqlar

Hazırda Cənubi Qafqazı gərginlikdə saxlamaq və yeni münaqişə ocağı yaratmaq məqsədilə geosiyasi oyunlar gedir. Şahmatda olduğu kimi piyadalar qurban verilir. Belə bir vəziyyətdə qurban seçilən Ermənistan  Azərbaycan ilə münasibətlərini nizama salmır, sülhə əngəl olur, bəzi  Qərb dövlətlərinin boş xülyalarına inanır.

Reallıq ondan ibarətdir ki, 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdıqdan sonra ABŞ və bir sıra Avropa dövlətləri iki ölkə arasında sülhü dəstəklədiklərini bəyan etsələr də, əməldə başqadırlar. Bu isə bir daha təsdiq edir ki,  əslində, Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmir.

Aydın şəkildə nə ABŞ-ın, nə də digər böyük dövlətlərin regionda sülhü dəstəkləmək niyyətlərinin olmadığı üzə çıxır. 5 aprel tarixində Brüssel şəhərində ABŞ, Aİ və Ermənistan arasında keçiriləcək görüş də bunu deməyə əsas verir. Əslində, Ermənistan ilə keçiriləcək görüş hansı dəstək mühitinin formalaşdırılmasını aydın şəkildə sübut edir. Çünki Bakı və İrəvan arasında sülh sazişinin  imzalanması, kommunikasiyaların açılması artıq üçüncü tərəfə ehtiyacın qalmadığını göstərəcək. Bununla da Qərbin regionda təsir imkanları zəifləyəcək. Sözsüz ki, Cənubi Qafqaza yerləşmək istəyən qüvvələrin çirkin oyunları da sona çatacaq. Ona görə də böyük güclər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını mümkün qədər ləngitmək, regiondakı gərginliyin davam etməsini təmin etmək məqsədilə kirli variantlara əl atırlar. Doğrudur, Qərb bloku 5 aprel görüşünün Cənubi Qafqazda təxribat törətmək məqsədilə keçirilmədiyini bəyan etsə də əslində, bunun xoş niyyətlə keçirilmədiyi sirr deyil. Çünki istər ABŞ, istər Fransa, istərsə də Almaniya kimi dövlətlər öz  məqsədlərinə çatmaq üçün Ermənistandan istifadə edir. Uzun illər təcrid vəziyyətində qalan düşmən ölkə  Qərbin şirin vədlərinə inanaraq yaxın qonşusu, strateji müttəfiqi və erməni iqtisadiyyatının əsas dayaqlarından olan Rusiyaya arxa çevirməkdən belə çəkinmir. Ermənistanın Qərbə meyillənməsi Rusiyaya qarşı açıq xəyanət kimi görünür. Yəni supergüclərin son illər planlı şəkildə Paşinyan hakimiyyətini şimal qonşumuza qarşı qoymasının və Cənubi Qafqazdakı maraqlarının kökündə Rusiyaya olan qısqanclıq durur. Qərbin Ermənistan ilə Rusiya arasındakı bağları qoparmaq cəhdləri hələ ki, uğurla davam edir. ABŞ, Fransa və Almaniyanın bu işdə canfəşanlıq göstərməsi, nəyin bahasına olursa-olsun hökmranlığını saxlamaq istəyi həm də beynəlxalq vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Bu isə regiona qeyri-sabitlik gətirməkdən başqa bir məqsəd güdmür. Anlaşılan odur ki, Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir. Bu işdə isə Qərbdəki himayədarlarından dəstək və təlimatlar alır. Bununla rəsmi İrəvan getdikcə özünü daha acınacaqlı vəziyyətə salır. Artıq erməni  cəmiyyəti üçün ciddi mesaj olan hadisələrin gedişatı Ermənistanda böyük çaxnaşmalara və Paşinyan hakimiyyətinin sonuna  gətirib çıxara bilər.

Ümumiyyətlə, son dövrlər Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq məqsədilə bir sıra dövlətləri qurban seçiblər. Onlardan biri də Ermənistandır. Otuz illik erməni işğalına son qoymaqla rəsmi Bakı regionda yeni geosiyasi mənzərə formalaşdırdı. Bütün bunlar onu deməyə əsas verir ki, proseslərin gedişi, Azərbaycanın yaratdığı reallıqlar region ölkələri ilə  münasibətlərdə yeni səhifə açıb. Ölkəmizin uğurlarına qısqanclıqla yanaşan və sönmüş münaqişə ocaqlarını alovlandırmağa çalışanların da kimliyi üzə çıxıb.

Ramidə YAQUBQIZI,

"Respublika".