Hayastanın “ağa”larını itirmək qorxusu
Digər xəbərlər

Hayastanın “ağa”larını itirmək qorxusu

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra sülh danışıqları masasında, Ermənistanın bir-birini təkzib edən qərəzli fikirləri düşmən ölkənin xainliyini bir daha sübut edib. Bu ikiüzlülük özünü Rusiya-Ukrayna müharibəsinin davam etdiyi mürəkkəb zamanda da göstərib. Müharibənin hələ ilk aylarında Ermənistan "Su-30" tipli döyüş təyyarələrini Rusiyaya göndərmişdi. Bundan başqa, İrəvanda təşkil olunan aksiyalarda da Ermənistanın Rusiyanın başlatdığı müharibəyə açıq şəkildə dəstək göstərdiyini görmək mümkün idi. Ermənistan "Su-30"-ları Rusiyaya ötürməklə Qərb qarşısında çətin vəziyyətdə qalacağını unutmuşdu. Belə mürəkkəb situasiyada Ermənistan çıxış yolu kimi indi də Qərbə yaltaqlanmağa başlayıb. Məsələnin dərininə getsək, Hayastanın hər fürsətdə öz vassal kimliyini ortaya qoyduğunu, himayə altında yaşamağa məhkum olduğunu açıq şəkildə nümayiş etdirdiyinin şahidi olarıq. Rəsmi İrəvanın bu ikiüzlülüyünü bir cümlə ilə xarakterizə etmək olar - sərf edəndə Rusiya, hansısa xeyri güdəndə Qərb, bəzən isə hər ikisi...

Məsələnin daha bir gülünc tərəfi Qərbdəki "ağalarını" itirməkdən ehtiyat edən hayların məsələni pərdələmək üçün Ermənistandakı bazalardan birində "Su-30" tipli təyyarələri Qərb ölkələrinin hərbi attaşelərinə sərgiləməsi idi. Bununla Hayastan Qərbdəki himayədarlarına həmin təyyarələri Rusiyaya göndərmədiyini inandırmağa çalışırdı. Şübhəsiz, Ermənistanın bu cəhdi baş tutmadı. "Su-30" təyyarələrini pilotları ilə birlikdə Rusiyaya göndərməsi faktı üzə çıxdı. Rəsmi İrəvan bu dəfə də hiyləyə əl ataraq Suriyadan gətirilmiş müvafiq təyyarələrlə sözügedən "Su-30"-ları əvəzləməyə çalışıb. Nümayiş etdirilən "Su-30"ların Rusiyaya göndərilmiş təyyarələr olmadığı bütün beynəlxalq ictimaiyyətə məlumdur. Ermənistanın bu addımı ölkənin aciz vəziyyətdə olduğunun göstəricisidir. Qeyd etdiklərimizdən iki mühüm nəticə ortaya çıxır. Birincisi, Ermənistan istənilən "müttəfiqi" arxadan vurmaq potensialına malikdir. İkincisi, Ermənistan Rusiyaya göstərdiyi "köməkdən" qorxuya düşüb. Çünki müharibədə birbaşa dəstəyə görə hətta ən kiçik sanksiya və təzyiqlərlə üzləşməsi belə, Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

Görünür, Hayastan bu faktı təkzib etməyin mümkün olmayacağını anlamamaqla yanaşı, Rusiyanın qəzəbini üzərinə çəkəcəyini proqnozlaşdırmağı da bacarmayıb. Bütün bunlar deməyə əsas verir ki, Ermənistan Rusiyaya göstərdiyi "yardım"ı təkzib etməklə Qərbi itirməmək üçün Rusiyanın maraqlarını qurban verməkdən çəkinmir. Qeyd etdiyimiz faktlardan bir daha bəlli olur ki, Ermənistan dünyada sözünə etibar edilən tərəfdaş, güclü müttəfiq ola biləcək ölkə deyil. Həm Rusiya, həm də Qərb Ermənistanın sadiqliyinə şübhə ilə yanaşır. Çünki hər iki tərəf İrəvanın iç üzünü gözəl bilir. Ermənistanın bu vurnuxmasına ad da qoymaq olmur. Sadəcə bir şeyi söyləmək mümkündür ki, bu cür sərsəmliklər qərb qonşumuzu uçuruma aparır.

Nəzrin ELDARQIZI,

"Respublika".