Gözlənilən hərəkət...
Siyasət

Gözlənilən hərəkət...

Müasir həyatımızda texnologiyaların rolu getdikcə artır və onun inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarır. Bu gün sosial şəbəkələr insanların həyatını “ələ keçirib”. Hətta bəzilərində asılılıq o qədər çoxdur ki, bir anı belə onlarsız təsəvvür edə bilmirlər. Yemək yeyərkən, iş görərkən, yol gedərkən gözü telefonda olan insanlar hər birimizin ətrafında var. Bu gün təkcə gənclər yox, hətta dövlət qurumları, şirkətlər, rəsmilər də sosial şəbəkələrdə fəallıq göstərir, artıq barmaq sayını keçən tətbiqlər var ki, insanlar tərəfindən maraqla qarşılanır. Onlardan biri də məhz daha çox əylənmək, qismən də öyrənmək üçün yaradılmış “Tik-Tok”dur. Bu platformada insanlar rəqs edir, mahnı oxuyur, yemək bişirir, toxuyur, təmizləyir, sökür və yaxud da nə isə başa salır, öyrədir. Bu zaman özlərini videoya çəkir və “Tik-Tok”da paylaşırlar. İlk vaxtlar bir çox tənqidlərlə üzləşsə də, bu gün həmin tətbiq olduqca “sevilir”. Rəğbətlə qarşılanan bu proqrama artıq bəzi dövlət rəsmiləri də daxil olurlar. Gündəmdən geri qalmaq istəməyən Qərb qonşumuzun baş naziri də bu siyahıya daxildir. Ciddi məsələlərə baş qoşmayan Paşinyan indi də “Tik-Tok”da həyat yoldaşı ilə videolar paylaşmağa və canlı yayımlar açmağa başlayıb. Əvvəlcə Anna Akopyanla musiqi sədaları altında oturduqları görüntünü yayımlayan Nikol indi də birbaşa “izləyiciləri” ilə təmasa keçməyə başlayıb: “Bu gündən etibarən “Dövlət haqqında söhbətlər” adlı seriya çəkilişlərimə başlayıram. Hansı məsələlərə toxunulacağı artıq başlıqdan bəllidir, sadəcə olaraq bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu, hamımıza bu xaosda strateji, dərin düşüncə üçün materiala çevrilə bilər” – deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə, çəkəcəyi videoçarxlarda dövlət, vətəndaş azadlığı və s. bu qəbildən mövzulara toxunacaq. Maraqlıdır, demək olar ki, hər gün Ermənistan küçələrində aksiyalar keçirilməsinə baxmayaraq, Nikol heç başını pəncərədən çıxarıb olanlara baxmır, amma virtual dostları üçün saatlarla canlı yayım edir. Baş nazir bu qədər siyasi məsələləri “qaydasına qoymaqda” maraqlıdırsa, o zaman telefonu bir kənara qoyub həqiqi siyasi arenaya çıxsın. Lakin bu, sözün əsl mənasında Nikola sərf etmir. Çünki həmin arenada onun rəqibi həqiqi siyasi kurs keçmiş İlham Əliyevdir. Ona görə də Paşinyan oturub nə qədər yalan danışsa da, ona cavab verə bilməyəcək. İndi virtual dostları ilə söhbət edir. Əslində, təəccüblənməyə elə də ehtiyac yoxdur. Paşinyandan gözlənən hərəkət də məhz bu idi. Öz təlxəkliyindən əl çəkmir ki, çəkmir.

Töhfə SƏMƏDOVA,

“Respublika”.