Gər çox istərsən, Füzuli, izzətin az et sözü...
Mədəniyyət

Gər çox istərsən, Füzuli, izzətin az et sözü...

Orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının görkəmli nümayəndəsi Məhəmməd Füzuli 1494-cü ildə Kərbəlada dünyaya göz açıb. Bir çox təzkirələrdə “Bağdadi” təxəllüsü ilə xatırlanan dahi şair Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının banilərindən sayılır.

Əsərlərini üç dildə, qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai janrında yazıb. Yüksək təhsil görmüş şairin yaradıcılığı dərin dənizlər kimidir. Onun dərinliklərindən incilər arayıb tapmaq, məna və sənətkarlıq məziyyətlərini qavrayıb şərh etmək hər kəsə nəsib olmur. Görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin dediyi kimi, Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi deyildir. Bu sözlərdə böyük həqiqət var. Şairin poeziya aləmi incə nöqtələrin, yüksək bədii idealların sənət dili ilə füsunkar təzahürüdür.

Füzuli poeziyası başdan-başa musiqidir. Onun əlvan qəzəlləri saysız-hesabsız mahnı və melodiyaların yoluna çıraq olub. Şairin "Leyli və Məcnun"u ölməzlik qazanıb. Poema Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindən sayılır. Füzulinin qüsursuz lirikası əruz vəzninin müvafiq qəliblərinə qovuşaraq heyrətamiz təravət və məlahətlə səslənir. "Leyli və Məcnun" mövzusunu ilk dəfə Nizami ədəbiyyat aləminə gətirib. Lakin ondan fərqli olaraq Füzuli sufi-irfani məzmunda yazıb. Əsərlərində hər iki dahi şair şəxsiyyət azadlığı problemini qabardıblar. Poemanın motivləri əsasında "Məhəbbət dastanı" filmi lentə alınıb.

Füzuli 90-a qədər qəsidə yazmış, hətta qəsidələrdən ibarət ayrıca divan tərtib etmişdir. Saraya meyil etməyən şair qəsidələrində şahlardan çox Allahı mədh etmişdir. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və mərəz" əsərləri şairin qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca toplayaraq kitab şəklinə salmışdır. Bundan əlavə, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Azərbaycan dilində "Leyli və Məcnun"la bərabər, "Bəngü-badə", "Söhbətül-əsmar", fars dilində isə "Həft cam" peomalarını ərsəyə gətirmişdir. Azərbaycan türkcəsində "Hədiqətüs-süəda", fars dilində "Rindü Zahid", "Səhhət və mərəz" nəsr əsərləridir. Ərəb dilində elmi-fəlsəfi əsəri isə "Mətləül-etiqad"dır. Füzuli ədəbiyyat tarixində tərcüməçi kimi də fəaliyyət göstərib. Tərcümələri arasında "Hədisi-ərbəin" ("Qırx hədis") önəmli yer tutur.

Füzuli üçün söz qızıl dəyərində idi. Onun fikrincə, bu, İlahi tərəfindən bizə verilən xəzinədir:

İlahi feyzdən bir xəzinədir söz,

Tükənməz sərf qıldıqca dəmadəm.

Məcazi şahların gənci deyil bu,

Ki, bir həbbə götürdükdə ola kəm.

O düşünürdü ki, söz elə bir sərvətdir ki, onu nə qədər xərcləsən də tükənməz. Ona görə ki, hikmət sahibləri bu sözlər vasitəsilə öz fikirlərini ifadə edir, özlərinin nəzm və nəsr əsərlərini həmin xəzinədən götürdükləri gövhərlərlə bəzəyirlər. Füzulinin fikrincə, söz mənadan, məna isə hər zaman sözdən asılıdır. Eyni zamanda məzmun və formanın vəhdəti, bədii formanın məzmununun ifadə vasitəsi olması ideyası meydana gəlir. Həqiqətən də bu, belədir. Söz nə qədər inci dənəsi olsa da, onu məharətlə ifadə etmək, fikri səlist çatdırmaq lazımdır.

Füzuli üçün eşq tamamilə başqa bir dünya idi. O, bu hissə ötəri yanaşmır, fəlsəfi tərəfdən baxırdı. Şair yazırdı:

Məndən, Füzuli, istəmə əş'ari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

Şairin fikrincə, cəhənnəm atəşinə yananların vəziyyəti eşq atəşinə düşənlərdən daha asandır. Çünki cəhənnəmdə yananlar atəşdə bir dəfə yanıb canını qurtarır. Eşq atəşi isə əbədi əzabdır. Füzulinin sözlərinə görə, eşq dərdi aşiqdən ötrü o qədər ülvi bir hissdir ki, dərdinə dərman etmək təşəbbüsündə bulunan hər kəs ona düşməni timsalındadır.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada vəfat etmiş, orada da dəfn olunmuşdur. 1959-cu ildə Füzulinin adı bir şəhərə və rayona verilib, Bakıda abidəsi ucaldılmışdır. Haqqında 3 sənədli film çəkilmiş, "Füzuli kantatası" (C.Cahangirov), "Füzuli" simfonik poeması (A.Məlikov) və bir çox qəzəllərinə musiqilər, romanslar bəstələnmişdir. Nəhayət, 1996-cı ildə ilk dəfə olaraq Mərkəzi Bank tərəfindən Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyi münasibətilə gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır. Yubiley pul nişanının üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur "Leyli və Məcnun" poemasından bir səhnə əks etdirilmişdir.

Dahi şair özündən sonra elə əsərlər qoyub getmişdir ki, yüzilliklər keçsə də, unudulmur və daim yaşadılır...

Bu dünyada yalnız qalacaqdır quru bir ad,

Sən də elə söz söylə ki, daim olasan yad.

Töhfə SƏMƏDOVA,

"Respublika".