Gənclərə örnək olası ömür
Sosial həyat

Gənclərə örnək olası ömür

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində A. Məhərrəmov adına 7saylı orta məktəbinin və mərkəzin birgə təşkilatçılığı ilə Mirxəyal Kərimzadənin anadan olmasının 25 illiyi qeyd edilib. “Şəhidlər ölməz” başlığı altında keçən mərasim tədbirində şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı şəhər A. Məhərrəmov adına 7 saylı tam orta məktəbin müəllim və şagirdləri, rəsmilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində şəhidin şəxsi əşyalarından, müxtəlif illərdə çəkilən fotolarından ibarət sərgiyə baxış olub. Vətənə canını fəda edən qəhrəman oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə, həmçinin şəhid M. Kərimzadənin döyüş yolundan danışan video-çarx nümayiş edilib. İştirakçılar öz çıxışlarında 44 günlük haqq savaşımızda Vətən şəhidlərinin göstərdiyi qəhrəmanlıqdan danışıb, bu gün Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycanın bütün dünyada qalib dövlət, xalqımızın məğrur, qüdrətli xalq kimi tanındığını deyiblər. Onu da bildiriblər ki, öz qanları bahasına bizə 30 ildən sonra zəfər sevincini yaşadan Mirxəyal kimi igidlərin şanlı döyüş yolu gənclərə örnək olacaq, millətin qəlbində əbədi yaşayacaqdır.

Şəhidin atası Valeh Kərimov və anası Elnarə Kərimova dövlətin şəhid adlarının əbədi yaşaması istiqamətində atdığı addımlardan, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirdilər. 7 saylı tam orta məktəbin şagirdlərinin ifasında səslənən ədəbi-bədii kompozisiya tədbirə qəhrəmanlıq, Vətənə sevgi ovqatı qatıb.

Qeyd edək ki, igid döyüşçü ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallara layiq görülüb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.