Qondarma rejimin
Siyasət

Qondarma rejimin "seçki" oyunu

Ermənistan regiondakı vəziyyəti gərginləşdirmək istiqamətində durmadan addımlar atır. Belə ki, qərb qonşumuz TIR şousundan sonra bu dəfə də seçki şousu ilə gündəmə gəlib. Ölkəmizin Qarabağ regionundakı Xankəndi şəhərində məskunlaşan ermənilərin separatçı qurumu qondarma "prezident seçkiləri" keçiriblər.

"Seçki" prosesi bir sıra gülünc məqamlarla yadda qalıb. İlk olaraq, qondarma seçkilərdə yalnız bir "namizəd" iştirak edib və elə o da seçilib. Separatçı rejimə yeni başçı təyin etmək, Azərbaycan ərazisində qanunsuz şəkildə seçki keçirmək yolverilməzdir. Bundan başqa, bu seçkinin heç bir hüquqi bazası da mövcud deyil. Separatçı rejimin qanunsuz seçkisindən dərhal sonra Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan və başqa ölkələr bunun beynəlxalq hüquqa zidd olması barədə rəsmi bəyanatlar səsləndirdilər, bu "seçki"ni tanımadıqlarını bildirdilər. Amma Qərb bu məsələdə selektiv yanaşma nümayiş etdirdi. Avropa İttifaqı "seçkilərin" keçirildiyi hüquqi çərçivəni tanımadığını bəyan etsə də, Qarabağ ermənilərinin Azərbaycanla danışıqlara hazır olan rəhbərlik ətrafında birləşməli olduğunu diqqətə çatdırdı.

Yada salsaq, Rusiya Mərkəzi Seçki Komissiyası Ukraynanın işğal edilmiş ərazilərində seçkilər keçirmək qərarına gələndə Şarl Mişel dərhal reaksiya vermiş, Rusiyanı sərt şəkildə tənqid etmiş, bu cür fəaliyyətin birbaşa beynəlxalq hüququn pozulması mənasına gəldiyini söyləmişdi. Şarl Mişel Rusiya MSK-nın keçirmək niyyətində olduğu seçkinin BMT Nizamnaməsini, habelə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozduğunu xüsusi vurğulamışdı. Bəs Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarında vasitəçi olan Ş.Mişel eyni hadisənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğunu bildiyi halda nə üçün dillənmədi? Buradan bir daha bəlli olur ki, beynəlxalq qurumların ölkəmizə qarşı selektiv yanaşması hələ də davam edir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Avropanı enerji böhranından xilas etmək üçün təşəbbüsləri hər kəsə məlumdur. Bunun müqabilində ölkəmizə ikili standartlarla yanaşma qəbuledilməzdir. Necə olur ki, Aİ həm "seçki"ni tanımır, həm də Qarabağ ermənilərini rəhbər ətrafında birləşməyə səsləyir. Məsələ bununla da yekunlaşmır. Sentyabrın 10-da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Danışıq zamanı diqqətçəkən məqamlardan biri isə Aİ rəsmisinin qondarma "seçkilər" barədə heç nə deməməsi və Laçın yolunun dərhal açılması barədə fikirlər səsləndirməsidir. Görünür, Borrell hayların dünyaya yaydığı "blokada", "humanitar fəlakət", "soyqırımı" ilə bağlı dezinformasiyalardan "ilhamlanıb". Axı, Qarabağdakı separatçı rejimin arxasında dayanan Ermənistanın hərbi siyasi rəhbərliyi və havadarları, riyakarlığı, oyunbazlığı yaxşı bacarırlar.

Nəzrin ELDARQIZI,

"Respublika".