Qürbətdəki soydaşlarımız daim diqqət mərkəzindədir
Siyasət

Qürbətdəki soydaşlarımız daim diqqət mərkəzindədir

2006-cı ilin 16 mart tarixində Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib

Azərbaycanın istər öz xalqına, istərsə də ölkəmizdə yaşayan digər millətlərin nümayəndələrinə göstərdiyi münasibət dünyaya nümunədir. Dövlətimiz ölkə xaricində yaşayan soydaşlarımızı da unutmayıb, daim onlara diqqət və qayğı ilə yanaşıb. Vətəndən uzaqda yaşayan həmyerlilərimizin Azərbaycan ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması məqsədilə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi bunun əyani sübutudur. Bu cür əhəmiyyətli tədbirin keçirilməsilə bağlı ilk təşəbbüs Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülüb.

Bu günə qədər ümumilikdə 5 qurultay keçirilib. Həmin tədbirlərin tarixi müvafiq olaraq 2001, 2006, 2011, 2016 və 2022-ci illərə təsadüf edir. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci ilin 9-10 noyabr tarixlərində baş tutub. Bu, Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncamına əsasən keçirilib. Qurultay çərçivəsində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib, Ümummilli Lider Heydər Əliyev həmin şuranın sədri təyin olunub. Tədbir, eyni zamanda xaricdəki soydaşlarımızın vahid azərbaycançılıq ideyası ətrafında birləşməsində müstəsna əhəmiyyət kəsb edir. Əlavə olaraq, qurultay diaspor hərəkatının yeni mərhələsi kimi qərarlaşan quruculuq və təşkilatlanma işinin əsasını qoyub. İlk qurultayda yaddaqalan ən mühüm məqamlardan biri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması idi. Adıçəkilən qurum diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, bu istiqamətdə prioritetləri və hüquqi prinsipləri müəyyənləşdirməli idi. Bu məqsədlə 2002-ci ilin dekabrında "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olundu. Dünya azərbaycanlılarının ikinci qurultayı Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli Sərəncamına əsasən həmin il mart ayının 16-da keçirilib. Prezident İlham Əliyev tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib. Bu, həmçinin diaspor quruculuğu prosesindəki təqdirəlayiq addımlardan biri kimi tarixə düşüb. Qurultay çərçivəsində dünya azərbaycanlılarının II qurultayının qətnaməsi, iştirakçıların Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə digər Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri kimi bir sıra vacib sənədlər qəbul olunub. Dünya Azərbaycanlılarının II Qurultayının yüksək səviyyədə təşkili və tədbirin ictimaiyyət arasında doğurduğu rezonans, toplantıda qəbul olunmuş qərarlar diasporumuzun yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiq etdi.

Sayca üçüncü Qurultay isə 2011-ci il 5-6 iyul tarixlərində "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamla təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən Bakıda keçirilib. Həmin tədbir çərçivəsində də bir sıra mühüm qərarlar qəbul edilib, ölkəmizin fərqli bölgələrindən olan nümayəndələrlə yanaşı, dövlət və hökumət qurumları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlar da qurultaya cəlb olunub. Tədbirdə ümumilikdə 13 ölkənin parlamentindən 37 deputatın iştirak etməsi onun nəinki regionda, eləcə də beynəlxalq aləmdəki nüfuzundan xəbər verib. Qurultay çərçivəsində Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili barəsində fikir mübadiləsi aparılıb. Ölkəmizin başçısı yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.

2016-cı ilin 3-4 iyun tarixlərində baş tutan və sayca dördüncü olan qurultay isə xüsusi əhəmiyyətə malikdir. Belə ki, sözügedən tədbirə digər ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə dövlətin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də daxil olmaqla ümumilikdə 500-dən çox diaspor nümayəndəsi qatılıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi zamanı səsləndirdiyi fikirlər tədbirin müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həyatındakı əhəmiyyətli rolunu bir daha təsdiqləyib: "...Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq. Bildiyiniz kimi, birinci Qurultay ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır. Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər...".

Dünya Azərbaycanlılarının IV Qurultayında, həmçinin gənclər haqqında, informasiya müharibəsi mövzuları ətrafında müzakirələr aparılıb.

Bu günədək keçirilmiş qurultayların sonuncusu və sayca beşincisi olan növbəti quruıtay 2022-ci il 22-23 aprel tarixlərində olub. V qurultay digərlərindən kifayət qədər fərqlənir. Çünki tədbir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti ilə düşmən işğalından azad edilən, respublikamızın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Prezident İlham Əliyev tədbirdəki çıxışı zamanı söyləyib: "Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq". Bu gün istər ölkədə, istərsə də qürbətdə yaşayan bütün soydaşlarımızın arzusu çin olub və gələcəyə başımızı dik tutaraq gedirik.

Nəzrin ELDARQIZI,

"Respublika".