Ermənistanın ikili siyasəti ifşa olunur
Siyasət

Ermənistanın ikili siyasəti ifşa olunur

Uzun müddətdir ki, Ermənistanda daxili siyasi böhran hökm sürür. Hakimiyyətdəki xaosun təsir dairəsi kapitulyasiya aktının imzalanmasından sonra daha da genişlənib. Ölkədaxili qarşıdurmaların şiddəti o həddə çatıb ki, erməni rəsmiləri və siyasətçiləri bunun Ermənistanın məhvi ilə nəticələnəcəyini deyirlər. Daxili sabitliyi bərpa etməkdə uğursuz olan Paşinyan Administrasiyası isə xaricdən dəstək almağa çalışır. Belə bir qarışıq vəziyyətdə ölkənin siyasi rəhbərliyi klassik erməni hiyləgərliyini işə salaraq ikili oyun nümayiş etdirir. Qərbin hərbi-siyasi dairələrini Rusiya ilə, Moskvanı isə Avropa ilə şantaj etmək artıq Ermənistan siyasətinin ənənəsinə çevrilib.

İrəvan hökumətinin yalançı, saxtakar və ikiüzlü olduğunu göstərən kifayət qədər fakt var. Məsələn, 2021-ci il dekabrın 15-də Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri NATO-nun mənzil-qərargahına dəvət olunmuşdular. Prezident İlham Əliyev təklifi qəbul etdi, alyansın Baş katibi Stoltenberq ilə görüşdü, qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. Paşinyan isə görüşdən müxtəlif bəhanələrlə imtina etdi. İrəvan rəhbəri NATO-nun toplantısında iştiraka yox deyəndə Rusiya güclü idi. İndi Moskvanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görən Paşinyan və onun ikiüzlü komandası daha əvvəl üz çevirdiyi NATO-ya və digər Qərb ölkələrinə meyil edir.

Xatırlamaq lazımdır ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın regiona səfəri də birmənalı olaraq İrəvandan başlayırdı. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də ötən ilin sentyabrında baş verən son sərhəd toqquşması fonunda Ermənistana səfər edərək Azərbaycanı günahlandırdı, Bakını qanunsuz hücumda ittiham etdi. Hazırda da Ermənistanın yüksək səviyyəli rəsmiləri ardıcıl olaraq Avropa ölkələrinə gedir, Qarabağdakı vəziyyəti, bölgənin erməni əhalisinin taleyini müzakirə edirlər. Son olaraq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-da Berlinə ikigünlük işgüzar səfər etdi. Almaniyalı həmkarı Annalena Berbok ilə görüşdə İrəvan və Aİ arasında tərəfdaşlıq, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mövzusu müzakirə olundu.

Lakin bunu da bilmək lazımdır ki, son dövrdə Qərblə Ermənistan arasında artan təmasların arxasında başqa məqsədlər durur. Belə ki, böyük dövlətlərin erməni sevdası onların mürəkkəb planları ilə birbaşa əlaqəlidir. Ermənistan həmin dairələr üçün siyasi alət funksiyası daşıyır. Çünki Qərb Türkiyənin güclənməsini və regionda söz sahibi olmasını istəmir. Bu səbəbdən də, Ermənistan vasitəsilə bölgəyə daxil olmaq, planlarını icra etmək Birləşmiş Ştatlar və Avropanın başlıca hədəfidir. Qarşılıqlı istifadə prinsipinə əsaslanan Ermənistan-Avropa münasibətləri isə Rusiya üçün qəbuledilən deyil. Ermənistanın ikili siyasətinin fərqində olan Kreml Paşinyan hökumətindən uzaqlaşır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etməsi ilə bağlı bəyanatı da bunun sübutudur. Çünki Rusiya İrəvanın itirilməsindən narahat deyil. Kreml indiki məqamda Paşinyana seçim imkanı verir. Baş nazir və hökuməti qərbi seçəcəyi halda, Rusiyanın itirəcəyi bircə Ermənistandakı hərbi bazası olacaq. Həmin hərbi baza indi Moskvaya yükdən başqa bir şey deyil. Bunun əvəzində, Rusiya Ermənistana qazın qiymətini artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Avropaya qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin.

Bütün bunlar isə Ermənistanı yenidən siyasi kursunu dəyişməyə məcbur edir. Rusiyanın 102-ci hərbi bazasının İrəvan üçün təhlükə olduğunu, Moskvanın Dövlət İttifaqına daxil olması üçün Ermənistana təzyiq etdiyini açıqlayan faktiki Ermənistan hakimiyyəti antirus mövqeyini dəyişir. KTMT-nin bu il Ermənistanda keçirilməsi planlaşdırılan hərbi təliminə evsahibliyindən imtina edən İrəvan yenidən Rusiyanın orbitinə qayıdır. Yanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla telefonda danışığı da bunun sübutudur. Yəni erməni lideri Kremlə zəng edərək Rusiyanın əvvəllər İrəvandan tələb etdiyi, lakin onların razı olmadıqları məsələlərə hazır olduğunu bəyan edib. Məsələn, bu KTMT-nin maddələrinin imzalanması, yaxud Ermənistanın bu təşkilatın missiyasını da qəbul etməyə razılığını bildirməsi ola bilər. Lakin nəzərə alınmalıdır ki, Rusiyanın Cənubi Qafqazda maraqları var. Regionla bağlı siyasətini həyata keçirmək üçün isə Moskvaya tərəfdaşlar lazımdır. Son vaxtlara qədər Ermənistan ənənəvi olaraq Rusiyanın regionda ən etibarlı tərəfdaşı idi. Paşinyan hakimiyyətinin yürütdüyü ikili siyasət Prezident Vladimir Putinin Ermənistana inamını məhv etdi və Kreml rəhbəri regionda daha etibarlı tərəfdaş axtarışına çıxdı. Sözsüz ki, bu məqamda regionun ən loyal siyasətini aparan Azərbaycan müstəsna tərəfdaşa çevrilir.

Digər tərəfdən, Qərb də getdikcə enerji məsələsində rəsmi Bakının təbii sərvətlərinə ehtiyac duyur. Fransa kimi bir neçə məkrli Avropa dövləti xaricində bütün ölkələr bunun fərqindədir. Bu səbəbdən də Avropa İttifaqı, eləcə də Ağ Ev ermənilərin bütün səylərinə baxmayaraq, Qafqazla bağlı balanslı mövqe nümayiş etdirir.

Beləliklə, Ermənistanın hakim dairələri ikili siyasət yürüdərək məsələlərdən daha qazanclı çıxacaqlarına ümid edirlər. Onlar üçün müttəfiqlik də, dostluq da, "bacılıq" da sadə prinsiplərdir və öz maraqları naminə çox asanlıqla riyakarlıq nümayiş etdirə bilərlər.

Jalə QASIMZADƏ,

"Respublika".