Siyasət

"Dəmir Yumruq" yumruq kimi birləşən xalq

İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də Azərbaycanın tarixi ərazisi olan və 1990-cı illərin əvvəllərindən Ermənistan tərəfindən işğal edilən torpaqlarımızı azad etmək üçün başlayıb. Azərbaycan 30 il müddətində məsələni sülh yolu ilə həll etməyə çalışıb. Lakin Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud surətdə pozub, müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutub. Separatçılar tərəfindən törədilən hərbi təxribatlar nəticəsində mülki şəxslər və hərbçilərimiz həlak olub.

Ölkəmiz daim sülh şəraitində yaşayıb, bütün millətlərin nümayəndələri arasında dostluq və mehriban qonşuluq münasibətləri olub. Bütün bu yaradılan sülh şəraitinin nəticəsidir ki, 44 günlük müharibədə dinindən, milliyyətindən asılı olmayaraq hər kəs vətənin müdafiəsi üçün ayağa qalxıb. Qarşı tərəfin əsgərləri postları qoyub qaçarkən Azərbaycan ordusunun hərbçiləri sonadək döyüşüblər. Prezident İlham Əliyev də bu barədə deyib: "Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır".

Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan ordusunun hər bir əsgəri, zabiti İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq göstərib. Bu əməliyyata "Dəmir Yumruq" adının verilməsi, qələbəyə addımlayan əsgərlərimizin o cümlədən, xalqımızın yumruq kimi birləşdiyinin göstəricisidir. Prezident İlham Əliyev qeyd edib ki, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir: "Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik".

44 gün davam edən müharibə müddətində xalqımız misli görünməmiş birlik nümayiş etdirib. Gənclərimiz informasiya müharibəsində durmadan, dayanmadan düzgün məlumatları sosial mediada yaymağa çalışıb, ermənilərin saxta provokasiyalarına qarşı savaşıb.

Müharibə müddətində ermənilər tərəfindən saxta məlumatlar paylaşılır, əks-təbliğat aparılırdı. Lakin xalqımız burada da öz birliyini nümayiş etdirib və informasiya müharibəsində fəallıq göstərib. Gəncə terroru baş verən zaman insanlarımız bu vəhşiliyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün durmadan paylaşımlar edib. İnternetə olan qadağaya baxmayaraq, "Twitter"də 100 mindən çox paylaşım edilib. Silahlarla aparılan müharibə ilə yanaşı, informasiya savaşı da olduqca vacibdir. Azərbaycan xalqı bu savaşdan da üzüağ çıxıb.

Bir bayraq altında, eyni amal uğrunda birləşən xalqımızın göstərdiyi şücaət, birlik, güclü iradə nəticəsində Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşıb. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq müharibə sonlanıb. Qəhrəman əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canlarından keçib. Bu gün Qarabağın işğaldan azad olunmasına görə qəhrəman əsgər və zabitlərimizə, güclü iradə və birlik göstərən xalqımıza, nəhayət bütün vətəndaşları öz ətrafında toplayıb rəhbərlik edən, ərazi bütövlüyünün bərpası istiqamətində məqsədyönlü siyasət aparan Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

 Nurcan SÜLEYMANOVA,

 "Respublika".