Mətin siyasi iradə, strateji düşüncə, milli mövqe və Ulu Öndər ideallarına sədaqət
Siyasət

Mətin siyasi iradə, strateji düşüncə, milli mövqe və Ulu Öndər ideallarına sədaqət

Bütün bu keyfiyyətləri özündə əxz edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən 20 ildə inkişafının ən parlaq dövrünü yaşayan bütöv Azərbaycan yaratdı

20 il əvvəl, 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başlayıb. Son iki onillik Azərbaycan üçün çox böyük nailiyyətlər dövrü olub ki, onlardan ən əsası ölkəmizin ərazi bütövlüyünün bərpası və Qarabağın qaytarılmasıdır. İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və bu gün ən güclü qüvvələr belə onunla hesablaşmalı olurlar.

2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımız ucaldıldı. Dünyanın aparıcı beyin mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini analiz edir, mülahizələr səsləndirirlər. Birmənalı şəkildə bildirirlər ki, bunun bir səbəbi var, o da Azərbaycanda mövcud hakimiyyətlə xalq arasında formalaşan sarsılmaz inam və birlikdir. Məhz bu sarsılmaz birlik 30 illik işğala son qoyub, Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxarıb.

44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etsə də, Lakin Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq "dövlətçilik" oyunları oynayırdılar. Ermənistan öz silahlı dəstələrini ərazimizdən çıxarmır, separatçı-terrorçuları dəstəkləyirdi. Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, vəziyyət dəyişmirdi. Ermənilər hesab edirdilər ki, separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma "qurum" yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq. Təəssüf ki,  nə Ermənistan, nə separatçılar, nə də onları dəstəkləyən ölkələr Prezident İlham Əliyevin qətiyyətini, zəkasını və strateji qabiliyyətini hesablaya bilməmişdilər.

Azərbaycan lideri Vətən müharibəsindən sonra mühüm gedişlər etdi. Qarabağda ordumuzun mövqeləri möhkəmləndirildi, strateji yüksəkliklərə nəzarət bərpa olundu və separatçıların ətrafında halqa daraldı. Laçın yoluna nəzarət gücləndirildi, Laçın sərhəd-keçid məntəqəsi quruldu və bununla Laçın dəhlizi tarixin zibilliyinə atıldı. Bu, erməni separatizminin çıxış yolunun bağlanması demək idi. Daha sonra erməni əhalisinin təminatının Azərbaycan ərazisindən - Ağdam-Xankəndi yolundan həyata keçirilməsi irəli sürüldü və erməni separatizmini dəstəkləyən bütün qüvvələr fakt qarşısında qaldı.

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, torpaqlarımızda erməni separatizmi məhv edildi, azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarlar qandallanaraq Bakıya gətirildilər və ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bizə - Azərbaycan xalqına bu Zəfəri yaşatdı, 200 il davam edən məğlubiyyət sindromunu bu qələbə ilə qırdı, tarixi yenidən yaratdı. Ədalət Zəfər çaldı, məhz Prezident İlham Əliyev ədalətin zəfər qazanmasını təmin etdi.

Azərbaycan xalqı 20 il bundan öncə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməklə ona dəstəyini və inamını ortaya qoydu. Ölkə Prezidenti də elə ilk bəyanatında Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə söz verdi. "Mən bütün dünya azərbaycanlılarının Prezidenti olacağam", "Azərbaycanda bircə çadır şəhərciyi də qalmayacaq", "Gün gələcək, Şuşada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradına gətiriləcək", "İşğal altındakı hər bir şəhərimizdə, hər bir kəndimizdə Azərbaycan Bayrağı dalğalanacaq", "Məcburi köçkünlərimiz məni öz evlərində qarşılayacaq" vədlərinin hamısını yerinə yetirdi.

18 oktyabr 2023-cü ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktının qəbul olunmasından 32 il ötsə də, ilk dəfə bu il Müstəqilliyin Bərpası Günü Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin edildiyi bir şəkildə qeyd olundu. Çünki 1988-ci ilin fevralında Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin başlatdığı separatçılıq hərəkatı nəticəsində Xankəndi və ətrafı faktiki olaraq rəsmi Bakının nəzarətindən çıxmışdı. Sonradan erməni silahlı qüvvələri Qarabağ ətrafındakı yeddi rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal etmişdilər.

1918-ci ildə əldə etdiyimiz milli müstəqilliklə 1991-ci ildəki müstəqilliyimiz arasında  oxşar bir cəhət vardı: erməni faktoru! Azərbaycan Xalq Cümhuriyyəti çar Rusiyasının süqutundan sonra - 1918-ci ilin martında daşnaklarla bolşeviklərin Bakıda və digər bölgələrdə törətdiyi soyqırımlardan sonra elan olundu. XX əsrin sonundakı Qarabağ münaqişəsinin 1920-ci ildə baş verən hadisələrdən fərqi o idi ki, bu dəfə işğalçı başqa dövlət yox, tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan Respublikası idi. Əsrin əvvəlindəki işğalçı bu dəfə onun strateji müttəfiqi və əsas dəstəkçisi qismində çıxış edirdi.

1980-ci illərin sonunda SSRİ-nin süqutu zamanı da eyni mənzərənin şahidi olduq: əvvəlcə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, ardınca Azərbaycanda Qarabağ məsələsi ətrafında başlayan və sonradan milli azadlıq hərəkatına çevrilən xalq hərəkatı, Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqlarından 200 mindən artıq soydaşımızın zorla qovulması, Birinci Qarabağ müharibəsi, torpaqlarımızın 20 faizinin qəsb edilməsi, Qarabağ ətrafındakı rayonların Ermənistan tərəfindən işğalı, bir milyondan çox azərbaycanlının öz evlərindən məcburi köçkün salınması və Azərbaycanın məğlubiyyəti, bütün bunların fonunda isə Bakıda tez-tez baş verən hakimiyyət dəyişiklikləri...

  32 il əvvəl Azərbaycan Respublikası Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. Məhz belə bir zamanda xalqın xahişi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində ardıcıl islahatlar həyata keçirildi, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürüldü. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən ulu öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalq bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın istəyilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin müstəqilliyini əbədi və dönməz etdi. Mən hesab edirəm ki, ölkələrinin ən çətin günlərində tarixi şəxsiyyətlər, siyasi liderlər xalqlarını düşdükləri bəladan xilas etmək üçün böyük missiyanı yerinə yetiriblər. Heydər Əliyev də Azərbaycan xalqı üçün həmin vəzifəni şərəflə icra etmişdir. Böyük dühalar uzaqgörənlik, möhkəm siyasi iradə, aydın milli mövqe və dönməz mübarizə əzmi ilə hansı tarixi xidmətləri edə bilmişdilərsə, Heydər Əliyev də bu müqəddəs missiyanı yerinə yetirmişdir.  Dahi şəxsiyyətlər böyük dövlətçilik istedadı ilə öz ölkələrinin gələcək inkişaf yollarını əvvəlcədən necə görə bilmiş, xalqı həmin ali məqsədə çatdırmaq üçün mübarizəyə necə səfərbər etməyi bacarmışdılarsa, Heydər Əliyev də xalqımızın tarixi müqəddəratında belə həlledici rol oynamışdır.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımızın rifah içində rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.

Azərbaycan xalqı 20 il bundan öncə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməklə ona dəstəyini və inamını ortaya qoydu. Ölkə Prezidenti də elə ilk bəyanatında Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə söz verdi. "Mən bütün dünya azərbaycanlılarının Prezidenti olacağam", "Azərbaycanda bircə çadır şəhərciyi də qalmayacaq", "Gün gələcək, Şuşada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradına gətiriləcək", "İşğal altındakı hər bir şəhərimizdə, hər bir kəndimizdə Azərbaycan Bayrağı dalğalanacaq", "Məcburi köçkünlərimiz məni öz evlərində qarşılayacaq" vədlərinin hamısını yerinə yetirdi. İlham Əliyev elə bir uğura imza atdı ki, dərsliklərə salınacaq bir tarix yaşadıq. Tarix təsdiqlədi ki, Azərbaycan Lideri o vaxt vəd vermirdi, əslində hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məqsədə nail olmaq uğrunda durmadan çalışırdı. Dövlətimizin başçısı qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycanı dünya siyasətində qərarverici mövqeyə çıxardı. Əgər Birinci Qarabağ müharibəsində mövcud şərait işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu situasiyanı Azərbaycanın lehinə dəyişdi. O, buna dərin zəkası, strateji düşüncə qabiliyyəti ilə nail oldu.

Ölkəmiz son 20 ildə hərtərəfli inkişaf edərək dünya arenasında öz sözünü deyən və öz gücünü sübut edən ölkələrdən birinə çevrilib. Bu da Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyətinin nəticəsidir. Prezidentimizin rəhbər obrazını şərtləndirən əsas xüsusiyyətləri bir neçə sözlə ifadə etmək olar - şəxsi nüfuz, yüksək təşkilatçılıq, fəallıq, təşəbbüskarlıq, yaradıcılıq enerjisi, bunlardan istifadə edərək xalqın böyük hörmət və sevgisini qazanmaq yolunda sərf edilən əmək. Eyni zamanda diplomatik bacarığı da bura daxil etməliyik. Ulu öndər Heydər Əliyev yeni tarix yazmağı, demokratik, dünyəvi dövlət qurmağı bacardığı kimi cənab İlham Əliyev də dövlətlərarası münasibətlərin ən ali  nəzəriyyələrini, o cümlədən konfliktologiya elmini dərindən mənimsəyərək ölkəmizin tarixinin bu həlledici məqamında həmin bilgiləri məharətlə tətbiq etdi.

İlham Əliyev Qarabağ Zəfəri ilə adını tarixə elə yazdı ki, bundan sonra yüz illər də keçsə, həmin imzanı tarixdən silmək mümkün olmayacaq. Ermənistan silahlı qüvvələri Qarabağı və ətrafındakı rayonları təxminən 35 il ərzində işğal etmişdi. Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi, 2022-ci ilin 12-13 sentyabr döyüşləri və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə cəmi 48 gün ərzində işğala son qoydu.

Birinci Qarabağ müharibəsində 11 mindən çox şəhid vermişdik, amma torpaqlarımızı qoruya bilməmişdik və ərazimizin 20 faizi işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində 3 mindən çox şəhid verdik, əvəzində torpaqlarımızı işğaldan azad edə bildik. Ağdam, Kəlbəcər və Laçın rayonları uğrunda müharibə etsəydik, bu qurbanların sayı daha çox ola bilərdi. Bu tarixi qələbənin memarı Prezident İlham Əliyev, müəllifi Azərbaycan əsgəri, sahibi Azərbaycan xalqıdır.

Müdrik siyasət nəticəsində elə bir vəziyyət yaradıldı ki, Xankəndidə özlərinə yuva qurduqlarını düşünən separatçı-terrorçuların təslim olmaqdan başqa çıxış yolu qalmadı. Lakin onlar mahiyyətlərinə uyğun olaraq terrora əl atdılar. Buna cavab olaraq Ordumuz hərəkətə keçdi, cəmi 23 saata erməni silahlı dəstələri darmadağın edildi, separatçılar təslim oldular. 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda vəziyyət tamamilə dəyişdi.

Beləliklə, tarix Prezident İlham Əliyevin 44 gün, üstəgəl 23 saat planına şahidlik etdi. Bu plan təkcə Azərbaycanın yox, həm də dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan yerləşdiyimiz coğrafiyanın siyasi şərtlərini dəyişdirdi.

Ötən 35 il ərzində Qarabağla bağlı bir sıra illüziyalar suya düşdü, ehtimallar özünü doğrultmadı. Dünya birliyi bu ədalətsizliyə susduqda BMT-ni, ATƏT-i lənətləyib ürəyimizi soyudurduq. Amma zaman göstərdi ki, beynəlxalq aləm deyilən müasir dünya ancaq gücdən anlayır və güclünün yanında olur. Ona görə də Prezident İlham Əliyev yalnız xalqın gücünə arxalanaraq, Qarabağ probleminin siyasi, lazım gələrsə, hərbi-siyasi yolla həllinə çalışdı. Bu münaqişənin gələcək nəsillərə miras qalmaması üçün bütün imkanlardan maksimum istifadə etdi.

2023-cü il 15 oktyabr müasir tariximizin yeni səhifəsinin başlanğıcıdır. Tarixi ədaləti bərpa edən qalib sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli Dövlət Bayrağımızı dalğalandırdı. Azərbaycanı postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevirdi.

Beləliklə, Qarabağ uğuru ilə on milyonluq Azərbaycan xalqının qalib liderinə olan sevgisi birə-min artdı. O, "Əbədi Prezident" kimi qəlblərdə yer aldı. Çünki 30 illik erməni işğalına son qoymaqla İlham Əliyev Azərbaycan xalqının qürurunu özünə qaytardı və bundan böyük qələbə ola bilməz. Uzun illər Qarabağ nisgili, torpaqlarımızı azad görmək arzusu ilə yaşadıq və bütün ağrı-acılara dözdük. Münaqişənin həllinə vasitəçilik edən ATƏT-in keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı 30 il səbir etdik. Məhz 27 sentyabr 2020-ci il tarixi bu səbrin son nöqtəsi oldu. Erməni təxribatının qarşısının alınması ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Azərbaycan 44 gün ərzində torpaqlarının böyük bir hissəsini azad etdi, separatizm kimi mənfur bir bəlanın "belini qırdı". Bu il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin məntiqi yekunu isə Xankəndidə dövlət bayrağımızın dalğalanması idi.

2023-cü il 15 oktyabr müasir tariximizin yeni səhifəsinin başlanğıcıdır. Tarixi ədaləti bərpa edən qalib sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli Dövlət Bayrağımızı dalğalandırdı. Azərbaycanı postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevirdi.

Müstəqil Azərbaycan Respublikasının tarixini mərhələlərə bölməli olsaq, heç şübhəsiz iki mühüm tarixi günü xüsusi olaraq fərqləndirmək lazımdır. Bunlardan birincisi 15 iyun 1993-cü ildir. Təqvimimizə Qurtuluş Günü kimi yazılan həmin  gün Azərbaycan dövlətinin məhv olmaqdan xilas olduğu gündür.

İkinci vacib dövr isə 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının növbəti dəfə düzgün siyasi qərar qəbul edərək ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməsi olmuşdur. Məhz həmin gün müstəqil dövlətçiliyimiz tarixində ikinci mərhələnin başlanğıcı sayılmalıdır. Ötən 20 il ərzində Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin  inkişafını təmin etmiş və dünya idarəçilik sistemində "İnkişafın Azərbaycan modeli" kimi qəbul olunmuşdur.

Azərbaycan Qoşulmama Hərəkatının lideridir və Avropa İttifaqının enerji təhlükəsizliyinin qəti şəkildə asılı olduğu beynəlxalq enerji bazarında əsas oyunçudur.

Azərbaycanın Ümumi Daxili Məhsulu bu onilliklər ərzində dəfələrlə artıb. Bu, ümumiyyətlə, son dövrlərdə müasir qlobal miqyasda ən yaxşı iqtisadi göstəricilərdən biridir. Eyni zamanda Azərbaycan öz milli iqtisadiyyatını fəal şəkildə şaxələndirir. Təkcə neft və qaz ixracından əldə olunan gəlirlər deyil, həm də iqtisadi tərəqqinin və inkişafın müxtəlif sahələrində Azərbaycan hazırkı kifayət qədər təlatümlü və gözlənilməz hadisələrlə zəngin dünyada davamlılığını təmin edir. Təkcə dövlət büdcəsinin xərcləri 20 il ərzində 30 dəfədən çox artıb və yəqin ki, postsovet məkanında heç bir dövlət bu gün belə göstərici ilə öyünə bilməz. Təbii ki, nailiyyətlər güclü iqtisadiyyatın qurulmasıyla bitmir, bu gün  nəinki postsovet ölkələrinin, həm də bütün dünyanın ən güclü ordularından birinin yaradılması ən böyük nailiyyətlər arasında ilk sıradadır.

Həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycanın dünyada mövqeləri  güclənmiş, müttəfiqlərimizin və dostlarımızın sayı artmışdır. Ölkəmiz BMT, Avropa Birliyi, Avropa Şurası, NATO, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, ICESCO və digər  beynəlxalq qurumlarla intensiv əməkdaşlıq edir.  Respublikamız BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 ildir ki,  sədrlik edir.

Xalqının və dövlətinin mənafeyini hər şeydən üstün tutaraq bütün səyləri qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev 20 ildə ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlətin əsaslarını və bünövrəsini daha da gücləndirdi.

Son illər ərzində Azərbaycan bir sıra qlobal irimiqyaslı layihələrin təşəbbüskarı olub, beynəlxalq aləmdə baş verən proseslərində fəal iştirak edir. Azərbaycanın artıq müasir reallıqlara cavab verən, milli tarixin ən çətin və əlamətdar məqamlarında uğur və səmərəliliyini sübuta yetirən siyasi sistemi yaradılıb. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib. İlham Əliyevin prezidentliyi dövründə dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit edib. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verib.

Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olunub.

Prezident İlham Əliyev Azərbaycan dövlətini inkişaf etdirməklə kifayətlənmədi, həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Prezident İlham Əliyevin adı və imzası tarixə həm də əbədi qalib xalq lideri kimi həkk olundu.

Son üç ildə ölkəmizdə baş verən hərbi-siyasi hadisələr regionda gələcək konturların cızılmasına gətirib çıxardı. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Artıq Şuşada, Zəngilanda, Laçında, Füzulidə, Ağdamda, Cəbrayılda və bütün Şərqi Zəngəzurda bir sıra mühüm beynəlxalq və ölkədaxili tədbirlər keçirilir.

Bugünkü  reallıqlar və əldə etdiyimiz 44 günlük şanlı Zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaq. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Bu tarixi zəfərin məntiqi davamı olaraq, 15 oktyabr 2023-cü ildə  Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyrinə birmənalı  dəyişib xalqımızın öz torpaqlarında suveren yaşamaq hüququnu ən parlaq şəkildə bütün dünyaya nümayiş etdirdi və erməni separatizminə rəsmi olaraq son nöqtəni qoydu. Dövlətimizin başçısı  Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndidə ucaldaraq bir daha əminliklə vurğuladı: "Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da əbədi olaraq yaşayacaqdır!".

Mən həmişə demişəm, bir daha təkrar etmək istəyirəm: Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, o xalq ikiqat xoşbəxtdir ki, onun liderinin ideyaları, əməlləri özündən sonra da uğurla davam etdirilir. Məhz bu uğurlu və davamlı siyasət bizi bütöv Azərbaycana qovuşduraraq  bu tarixi günləri yaşamaqla bir daha xoşbəxt etdi.

Abel MƏHƏRRƏMOV,

akademik.