Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub
CƏMİYYƏT

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı anası Səbirə Dadaşovaya təqdim edilib.

Gülalı Dadaşovun anası Səbirə Dadaşova oğlunun dəfnindən sonra jurnalistlərə müsahibəsində deyib: "Otuz bir ilə yaxındır ki, övladımdan xəbərsiz idim. Gözüm yollarda qalmışdı. Balamın nəşi tapılandan sonra gözlərim yollardan yığıldı".

İtkin düşmüş oğlunun nəşinin tapılmasına, bununla da onu illərin həsrətindən qurtardıqlarına görə dövlətimizin başçısında minnətdarlıq edən şəhid anası bildirib: "Gülalı 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda döyüşlərdə şəhid olub. Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilib. Mən bu illər ərzində onun yolunu gözləmişəm. Aprelin 30-da övladımın nəşinin tapılması haqqında məlumat aldım. Mənim nisgilim sona yetdi. Övladımı adına uyğun layiqli şəkildə torpağa tapşırdığı üçün dövlətimizə təşəkkür edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların analarına isə səbir diləyirəm".

Şəhidin bacısı Kəmalə Kərəmova isə bu illər ərzində şəhid ailəsi kimi göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xalqımıza minnətdarlığını bildirib.

O, fikirlərinə belə davam edib: "Gülalını son dəfə kəndçimiz - Xaçmaz rayonunun Sibiroba kənd sakini Eldar görmüşdü. Eyni döyüşdə imişlər. Bizə dedi ki, onu başından vurdular. Təəssüf ki, Gülalını döyüş meydanından çıxara bilmədik. Biz onu uzun illər axtardıq, hətta sağ olduğunu da ehtimal edirdik. Sən demə, Beyləqanda naməlum şəhid kimi dəfn edilibmiş. Çox şükür ki, otuz bir ildən sonra qardaşımın nəşi tapıldı. Ən azından ziyarət etməyə məkanımız olacaq. Şəhidimizin tapılmasında zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, Gülalı Dadaşov 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində itkin düşüb.

Onun qalıqları Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki "Peyğəmbər" qəbiristanlığında aşkarlanıb.