Milli birlik yolunda uğurlu addım
Siyasət

Milli birlik yolunda uğurlu addım

Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanına əsasən noyabr ayının 9-10-da Bakıda  Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib

Hələ müstəqilliyimizin yenicə bərpa olunduğu dövrdə dünya azərbaycanlılarının təşkilatlanması məsələsi qarşıda duran başlıca məqsədlərdən hesab olunurdu.

Buna nail olmaq üçün ilk növbədə digər dövlətlərdə Azərbaycanın iqtisadi gücünə inam formalaşdırmaq vacib idi. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm addımlar atdı, Azərbaycanın tarixi ənənələrinin formalaşması, ölkəmizin siyasi əsaslarının vahid ideoloji sistemdə təsbit olunması həyata keçirildi.

Böyük Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində soydaşlarımızın həmrəyliyi əsas priorotetlərdən biri kimi müəyyənləşdirilmişdi. Bu baxımdan, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi xaricdə yaşayan həmvətənlərimizin ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsində mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. I Qurultayda onun Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş, ulu öndər Şuranın sədri seçilmişdir. Tədbir çərçivəsində iştirakçıların təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis olunmuşdur. Növbəti ilin dekabrında qəbul olunan "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədə prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ulu öndər Heydər Əliyev qurultaydakı çıxışı zamanı nəinki milli birliyə nail olmağın, onu qorumağın da yollarını açıqlamışdır: "Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada Müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir?!".

Qurultay Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, tədbirə dünyanın 36 xarici dövlətində yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq qatılmışdır. Təmsilçilər arasında ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Moldova, Qazaxıstan, Danimarka və sair dövlətlər təmsil olunurdular. Ölkəmizə gəldikdə isə qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq iştirak edirdi.

Bir məsələni də qeyd edək ki, qurultayda 5 mühüm sənəd - "Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi", "Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti", "Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti", "Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti" və "Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti" qəbul olunmuşdur.

Dünya Azərbaycanlılarının I Qurultayında xalqımızın milli ideyaları öz əksini tapmış, azərbaycançılıq yalnız ölkə daxilində yaşayan soydaşlarımızın deyil, dünyanın müxtəlif yerlərində məskunlaşan həmvətənlərimizin ideyasına çevrilmişdi. Qurultay xalqımızın milli-mənəvi dəyərləri və müstəqil dövlətçilik ənənələri ətrafında sıx birləşməsinə töhfə vermişdir.

Nəzrin ELDARQIZI,

"Respublika".