Ermənistan Azərbaycana vurduğu ziyanı ödəməlidir
Ekologiya

Ermənistan Azərbaycana vurduğu ziyanı ödəməlidir

Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini təkcə zəbt etməklə kifayətlənməyib, həm də dövlətimizə külli miqdarda maddi ziyan vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub, müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. Nadir və qiymətli meşə fondumuz məhv edilib.

Azərbaycanın dəfələrlə məsələ ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, ermənilərin ekologiyamıza qarşı törətdikləri terrorla bağlı qarşı heç bir ölçü götürülməyib. Ölkəmizə dəymiş ziyan təkcə bununla bitmir. İşğal dövründə ərazilərimizdə olan bütün infrastruktur, evlər, inzibati və sosial binalar tamamilə dağıdılıb, məhv edilib. Ötən illər ərzində Ermənistan işğal etdiyi Qarabağ ərazilərinə "bizimdir" desə də, yalnız bu torpaqlarda vandal hərəkətlərlə məşğul olublar. Ərazidə heç bir tikinti-abadlıq işləri aparılmayıb, əksinə bir milyon sakinin evləri, var-dövlətləri mənimsənilib, şəxsi əmlakları talan edilib. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, azərbaycanlı əhali öz doğma torpağından didərgin düşüb, 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşayıb.

Digər tərəfdən Qarabağda olan zəngin qızıl yataqları qanunsuz şəkildə istismar edilib, Azərbaycana dəyəri milyardlarla ölçülən maddi ziyan vurulub. Ermənistanın vurduğu ziyan bunlarla bitmir. Bu gün də həmin vandal əməllərin nəticələri və fəsadları özünü göstərir. Bunlardan biri də mina təhlükəsidir. Ermənilər ötən illər ərzində ərazilərimizdə təxminən 1 milyona yaxın mina basdırıb. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra, dövlətimizin qarşısında duran əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən tikilib qurulmasıdır. Bu işdə də Azərbaycan yalnız öz daxili imkanları və iqtisadi gücü hesabına bütün layihələri gerçəkləşdirir. Dağıdılmış, sökülüb talan edilmiş bütün kənd və şəhərlər yenidən qurulur. Lakin bu işlərin də sürətlə həyata keçirilməsinə əngəl törədən səbəblər var. Bu gün ən əsas maneə mina təhlükəsidir. Çünki ərazilər minalardan təmizlənməmiş heç bir quruculuq işləri aparmaq mümkün deyil. Problemin kökündən həll edilməsi məqsədilə Azərbaycan tərəfi dəfələrlə Ermənistana mina xəritələrinin təqdim edilməsilə bağlı müraciət etsə də, hələ də heç bir müsbət cavab verilməyib.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın min illərlə tarixi olan mədəniyyət abidələri də məhv edilib. Həmin dövrə kimi qədim Azərbaycan torpaqlarında 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə dağıntılara məruz qalıb.

Hələ 2016-cı ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları əsasında hesabat xarakterli kitab nəşr olunub. Beynəlxalq standartlara uyğun metodoloji əsaslara istinadən ərsəyə gələn hesabatın hazırlanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, İşçi Qrupun üzvləri ilə birgə qiymətləndirmə və konsaltinq üzrə ekspertlər də iştirak edib. Hesabatda bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğalda olan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən Operativ Mərkəzin bir neçə il ərzində topladığı araşdırma materiallarından istifadə olunub. Hesabatda ətraf mühit, təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları, beynəlxalq hüquqda vurulmuş zərərlərin ödənilməsinin hüquqi şərtləri, zərər və itkilərin iqtisadi qiymətləndirilməsinin metodoloji əsasları haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edir. Yəni 6 əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib, 22 illik işğal dövrünü əhatə edib və ümumilikdə Azərbaycana dəyən ziyan 265 milyard 281 milyon 198 min 203 ABŞ dolları civarında hesablanıb.

Vurulan ziyanla bağlı Azərbaycan dövləti beynəlxalq məhkəmələr qarşısında iddialar qaldıracaq. Ermənistan vurduğu ziyanın qarşılığında təzminat ödəmək məcburiyyətində olacaq və beynəlxalq məhkəmə qətnamələrinə məcburi şəkildə əməl edəcək. Əgər rəsmi İrəvan bu məbləği ödəmək imkanında olmayacaqsa, o zaman beynəlxalq presedentlərə uyğun olaraq tarixi Azərbaycan torpaqlarının müəyyən hissəsini qaytarmaq şərtlərinə əməl təməlidir.

Ramidə YAQUBQIZI,

"Respublika".