Müasir Azərbaycan – Ata dühası və oğul müdrikliyi vəhdətinin şah əsəri
Siyasət

Müasir Azərbaycan – Ata dühası və oğul müdrikliyi vəhdətinin şah əsəri

"Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Heydər ƏLİYEV,

Azərbaycan xalqının Ümummilli Lideri.

"...Mənim bir amalım var, güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək...".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan.

Unudulmaz şəxsiyyət...

Tarixdə elə böyük şəxsiyyətlər var ki, onlar cismən bu həyatı tərk etsələr də, əziz xatirələri bütün insanların qəlbində daim yaşayır və parlaq simaları hafizələrdə, eləcə də tarixdə əbədi olaraq qalır. Ümummilli lider Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. 10 may 1923-cü il tarixdə dünyaya gələn dahi insan hələ uşaq vaxtlarından fitri istedadı, təhsilə olan marağı, istiqanlılığı, yeniyetmə dövründən isə nəzəri bilikləri, bacarığı, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi.

Bütün bu yüksək insani keyfiyyətlər onu dəyərli vətəndaş, ziyalı, bir sözlə, əsl şəxsiyyət kimi formalaşdırır və cəmiyyətdəki rolunu getdikcə daha da artırırdı. Gənc olmasına rəğmən, həyatın gərdişini dərindən dərk edən Heydər Əliyev 1944-cü ildə bir çox insanın arzusunda olduğu, fəqət hər insanın müvəffəq ola bilmədiyi, yalnız hərtərəfli püxtələşmiş şəxslərin əldə edə biləcəyi uğura imza atmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunur və şərəfli ömrünün 25 ili həmin orqanda ləyaqətlə xidmətdə keçir. Peşə biliklərini mükəmməl qavraması, işə vicdanlı münasibəti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti onun uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir və elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin anti-Azərbaycan nümayəndələrinin və ermənilərin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır.

Milli kökə və yaddaşa bağlı olan Ümummilli Lider özünün təməlini qoyduğu azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı nəzərəçarpacaq dərəcədə artdı. Bununla da Heydər Əliyev milli əhvali-ruhiyyəli və vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladlarını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı. Göründüyü kimi, təhlükəsizlik orqanlarında işlədiyi dövrdə də Ulu Öndərin vətən və xalq qarşısındakı xidmətləri müstəsna əhəmiyyət kəsb etmişdir.

Milli-mənəvi dəyərlərin hamisi

Tarixə nəzər saldıqda aydın görünür ki, istənilən xalqın müəyyən əlverişli məqamda milli-etnik soykökünə qayıdışı, tarix boyu əxz etdiyi milli-mənəvi dəyərlər və təfəkkür tərzinə söykənən özünəməxsusluğunu bərpa və bəyan etməsi əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. Hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında reallaşır. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz ümummilli lider Heydər Əliyev həyata keçirmişdir.

Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli məfkurənin formalaşması və tərəqqisi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməklə, millətin həmrəyliyinə və mənəvi bütövlüyünə nail olmuşdur. Bu isə millətin bir xalq kimi formalaşması prosesində, təkamülündə və monolitliyində aparıcı amil olmaqla yanaşı, həm də müdrik rəhbərə xalqı öz ətrafında birləşdirməyə, bununla da milli birliyin yaranmasına rəvac vermişdir.

Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər görmüşdür. Müdrik lider yəqin bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən ulu öndər bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi. Fədakar insanın ilk dəfə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, demək olar ki, bu nitqlərin təsiri ilə başlamışdır. Dahi liderin yazıçılar, şairlər və sənət adamları ilə görüşəndə də yeni bir elmi-ədəbi üslubda danışması, onun zəngin ana dilinin söz imkanlarının hamısına, bütün çalarlarına zərgər dəqiqliyi ilə bələd olduğunun göstəricisi idi. Ümummilli liderin gözəl nitqi ədibləri, şairləri, hətta ədəbiyyatçı alimləri belə heyran qoyurdu. O dövrdə yaşayan şairlərdən biri Heydər Əliyevə xitabən "Yoldaş Əliyev, Siz Azərbaycan dilində çox gözəl danışırsınız" deyəndə, hazırcavab insan ona belə cavab vermişdi: "Sən niyə mənim rus dilində səlis danışmağıma deyil, Azərbaycan dilində gözəl danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, bu dili bilmək mənim, eləcə də hər bir azərbaycanlının müqəddəs borcudur!". 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, müxtəlif ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda ana dili kimi təsbit olunması da cəsarətli liderin qətiyyətli mübarizəsinin nəticəsi idi.

Millətin birliyində, həmrəyliyində mühüm rola malik, müqəddəs dəyərlərin qorunmasında müstəsna əhəmiyyəti olan dinə hər zaman xüsusi ehtiramla yanaşan Heydər Əliyev, onun siyasi alətə çevrilməsinə, insanların saf inanclarının cəmiyyətdə gedən proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç zaman imkan verməmişdir. Qeyd olunmalıdır ki, ulu öndər ölkədə İslam dininin mütərəqqi dəyərlərinin təşviqinə, formalaşmasına və inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin də təşəkkül tapmasına tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaranmasına müyəssər ola bilmişdir.

Bugünkü Azərbaycanın memarı və qurucusu

Hələ ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev məqsədyönlü tədbirlər həyata keçirərək, bütün göstəriciləri aşağı səviyyədə olduğundan Sovet İttifaqında mövqelərini itirməkdə davam edən ölkəmizin qısa müddətdə tərəqqisinə nail oldu. Onun rəhbərliyi ilə görülmüş səmərəli işlər nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye ölkəsinə çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək, bir çox cəhətdən özünü tam təmin etdi, ümumittifaq büdcəsinə töhfələr verdi. Ulu öndər Heydər Əliyev xalqda milli dövlətçilik təfəkkürünün formalaşması üçün hər bir vətəndaşın yüksək təhsil almasını, elmin yeni nailiyyətlərini əxz etməsini son dərəcə mühüm məsələ hesab etdiyi üçün hakimiyyətə gəldiyi ilk günlərdən bu sahədə də bütün zəruri tədbirlərin görülməsini təmin etdi. Onun rəhbərliyi ilə respublikada milli maarifçilik hərəkatına başlanıldı, təhsilin inkişafı, eyni zamanda milliləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Dahi strateqin ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda ali, həmçinin ali hərbi təhsil almasına, onların ixtisaslı kadr kimi yetişməsinə hər cür dəstək göstərməsi də onun uzaqgörənliyinin, vətənpərvərliyinin və xeyirxahlığının əyani sübutu idi.

Bütün sahələr üzrə peşəkar milli kadrlar hazırlamağı önəmli istiqamət hesab edən dahi rəhbər Heydər Əliyev ilk növbədə hakimiyyət strukturlarına əsasən sadə insanların içərisindən seçdiyi azərbaycanlıları yerləşdirməklə xalqın birləşməsi və respublikanın tərəqqi yoluna çıxarılması istiqamətində zəruri tədbirlərin görülməsini təmin edirdi. Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda o dövrün ən müasir texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla yanaşı, milli hərbi kadrların hazırlanması prosesi də geniş vüsət aldı. Ordu quruculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırılmasının və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan müdrik rəhbər bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Məhz ulu öndərin əzmi və cəsarəti sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başladı. Ölkədə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan adıçəkilən məktəbin açılması SSRİ rəhbərliyini ciddi şəkildə narahat etdiyindən, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbin açılmasına lüzum olmadığını əsaslandırmağa çalışsalar da, aqil liderin mahir diplomatiyası və qətiyyəti bu cəhdlərin qarşısını almağa müyəssər oldu. Sözügedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi. Bununla bərabər, müdrik lider Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də xüsusi önəm verirdi. Bütün bunların nəticəsi idi ki, müstəqilliyin ilk illərində dövlətimizin ordu quruculuğunda əsas bazanı o dövrdə hazırlanmış milli kadrlar təşkil edirdi. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən illər öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini təmin etmişdir. Növbəti illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Təlim və Tədris Mərkəzinin, Ali Hərbi Məktəbin, Ali Hərbi Dənizçilik Məktəbinin, Ali Hərbi Təyyarəçilik Məktəbinin və sair nüfuzlu ali hərbi təhsil ocaqlarının müasir tələblərə uyğun təşkil edilməsi də məhz ulu öndərin bu sahəyə göstərdiyi diqqətin nəticəsi idi. Dahi lider Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi. Bütün bunlar isə təbii ki, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaradırdı.

Xalqın və dövlətin xilaskarı

Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə "qardaş qanı" axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin də itirilməsi təhlükəsi həddinə çatırdı. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq doğru seçim edərək özünün sınanmış rəhbərini - ümummilli lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət etdi. Azərbaycanını və xalqını özündən çox sevən ulu öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünyaşöhrətli siyasətçi Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam təfəkkürlü hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda nəhəng və vətənpərvər şəxsiyyət hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Dahi lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla, Azərbaycanda sabitliyin bərpasını təmin edir ki, bu da böyük islahatların başlanmasına rəvac verir. Beləliklə də ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxarmış Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilməyə başlanılır. Məlum olduğu kimi, ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulmuş, atəşkəs rejimini təzəcə əldə etmiş ölkə olduğundan, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" kimi möhtəşəm bir müqavilənin bağlanılmasına müvəffəq oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz" layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi "İpək Yolu" layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi.

Ən layiqli davamçı

Xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin milləti qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində müstəsna rolu olan, vətənin və vətəndaşların maraqlarını hər şeydən uca tutan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik rəhbər hazırlaması olmuşdur. Bu ondan irəli gəlirdi ki, Azərbaycanı canından çox sevən uzaqgörən insanı ölkəsinin təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqının və Vətəninin firavan gələcəyini fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi ondan sonra respublikaya rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirmişdir. Ölkəmizin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inam bəslədiyi rəhbərin millətinin və dövlətinin gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün bənzərsiz fəaliyyəti digər dövlət başçılarına örnək olan cənab İlham Əliyevi özünə Prezident seçir. Bundan sonra ulu öndərin sürətli iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilir, həmçinin iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edən digər əhəmiyyətli işlər görülür, tərəqqinin davamlılığı təmin olunur. Belə ki, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Bundan əlavə, 20 sentyabr 1994-cü il tarixdə Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in müddəti 2017-ci ilin sentyabr ayının 14-də yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmış, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, praqmatik lider cənab İlham Əliyevin yürütdüyü son dərəcə təmkinli və balanslaşdırılmış siyasət sayəsində 12 avqust 2018-ci il tarixdə Qazaxıstanda 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə imzalanan tarixi Aktau Konvensiyası ilə 1996-cı ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapmışdır. 19 oktyabr 2018-ci il tarixdə Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olaraq birgə səylərlə reallaşdırılan, hər iki dövlətin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə olan "Star" neft emalı zavodunun açılışı da neft strategiyasının uğurlarından olmuşdur. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi də yekunlaşdırılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülmüşdür. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuşdur. 2018-ci il sentyabrın 18-də isə yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün işlər başa çatdırılmışdır. Təbii ki, bu uğurlar iqtisadi islahatların siyasi islahatlarla eyni vaxtda və yüksək peşəkarlıqla aparılması nəticəsində qazanılmışdır.

Qalib xalqın müzəffər lideri

Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi möhtəşəm 20 il ərzində əldə edilən uğurlardan bəhs edərkən, Azərbaycanın nəinki müasir dövrünün, ümumilikdə öz şərəfli tarixinin ən böyük nailiyyətlərindən biri olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə xüsusi vurğulanmalıdır. 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başlandı. Böyükdən-kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən işğal altında olan ərazilərimizin bir-birinin ardınca qısa zamanda erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın tezliklə tam azad ediləcəyindən və ərazi bütövlüyümüzün bərpa olunacağından xəbər verirdi ki, bu da xalqın mübarizə əzmini, o cümlədən orduda olan ruh yüksəkliyini daha da artırırdı. Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə azad edilməklə, doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaqdır və bu belə də oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət, 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bununla da haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa edildi. Cənab Prezidentin mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, Birinci vitse-prezidentin dəstəyinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın şücaətinin və xalqımızın qəhrəmanlığının vəhdəti nəticəsində böyük zəfər qazanıldı və bu tarixi uğur isə millətimizin ruhunu dəyişərək, vüqarını və qürurunu daha da artırdı, alnını açıq, üzünü ağ, başını uca etməklə milli məğrurluğumuzu daha da möhkəmləndirdi. Ermənistan silahlı qüvvələrinin hər növbəti təxribatlarının qarşısı alınarkən, o cümlədən 19 sentyabr 2023-cü il tarixdə başladıqları təxribatlarının qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman vətən oğullarının uğurla həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı müşahidə etdiyimiz Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin şücaəti bir daha sübut etdi ki, cənab Prezidentin dediyi kimi: "Dəmir yumruq yerindədir". Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, 15 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, eləcə də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması özgə bir qürurverici mənzərə idi. Xankəndində "8 Noyabr - Zəfər Günü" ilə əlaqədar keçirilən hərbi parad isə Azərbaycanın gücünü, o cümlədən Silahlı Qüvvələrimizin qüdrətini bir daha bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandanın qalib hərbçilərdən hərbi paradı qəbul etməsi hər birimizi sevindirməklə, qürurlandırmaqla bərabər, hər bir Azərbaycan vətəndaşında özünəgüvən hisslərini daha da artırdı. Fürsətdən istifadə edib, uca Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

Müdrik rəhbərin qüdrətli Azərbaycanı

Bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrü olmasına, müharibədən yeni çıxmış dövlət olmağımıza rəğmən, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə reallaşdıran möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasəti və sarsılmaz Prezident-Xalq birliyinin sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Mütəmadi həyata keçirilən çoxşaxəli və ardıcıl islahatlar davam etdirilir, regionların tarazlı tərəqqisi təmin olunur, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində kompleks stimullaşdırıcı tədbirlər həyata keçirilir, bir sözlə, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız intibah dövrünü yaşayır. Dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi də diqqət mərkəzində saxlanılır. Respublikamızda mövcud olan sosial-iqtisadi vəziyyətin təhlili göstərir ki, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılmış güclü iqtisadi potensialın inkişafının dayanıqlılığı təmin edilir və makroiqtisadi sabitlik qorunub saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilir. Dövlət başçısının çevik və səmərəli iqtisadi siyasəti, bilavasitə onun tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində iqtisadiyyatımız daha da güclənir. Reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, həmçinin, hər hansı bir sosial layihənin icrasının təxirə salınmaması ilə yanaşı, görülən digər böyük işlər, eləcə də paytaxt Bakı ilə bərabər bütün bölgələrimizin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin cənnətə çevrilməsi bunun təzahürüdür. Belə ki, respublikamızın digər bölgələrinin sürətli tərəqqisi ilə yanaşı, vaxtilə ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərlərimizdə sürətli abadılıq-quruculuq işləri aparılır və həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən olan bu proses dövlət başçısının şəxsi nəzarəti ilə reallaşdırılır ki, bunun da nəticəsində Vətənin hər bir guşəsi gülüstana çevrilir. Hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının tapşırıqları və tövsiyələri əsasında "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması, bütün infrastrukturun yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi prosesi müvəffəqiyyətlə həyata keçirilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir. Son dövrlər yüzlərlə azərbaycanlı ailəsinin öz dədə-baba yurdlarına qayıtmasının şahidi oluruq ki, bütün bunlar təbii olaraq hər birimizidə iftixar hissi yaradır.

Dövlətlərarası münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı dəstəkləyən və təbliğ edən Azərbaycanın mövqeyi beynəlxalq arenada da möhkəmlənmişdir. Təsadüfi deyil ki, 120 üzvlə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv dövlətlərin hamısı bir neçə dəfə böyük etimad göstərərək ölkəmizin sədrlik müddətini yekdilliklə artırmış və dövlətimizin sədrliyi davamlı hal almışdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan Türk Şurasına sədrliyini də uğurla başa vurmuşdur. İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq ölkəmizin haqlı mövqeyini müdafiə edir. Dövlətimiz NATO tərəfindən də dəstəklənir. Digər dövlətlərlə, xüsusən də qonşu ölkələrlə qurulmuş mükəmməl əlaqələrin davamlılığı da uğurla təmin olunur, daim təmaslar və fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri inkişaf edir.

Ən etibarlı məsləkdaş

Azərbaycanın daha da qüdrətlənməsinə, qazanılan ardıcıl uğurlara, xalqın rifahının hərtərəfli yaxşılaşmasına, eləcə də beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsinə, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasına zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda möhtərəm Prezidentin yanında olan nəcib insanın - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti böyük töhfələr verməkdədir. Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü əhəmiyyətli işlər dövlətimizin tərəqqisinə mühüm dəstəkdir. Mehriban xanım Əliyeva özünəməxsus nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən xeyirxah təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Bütün bunlara görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti təkcə xalqımız tərəfindən deyil, bütün dünya tərəfindən təqdir edilir və böyük qəlbli insana hər kəs rəğbət bəsləyir.

Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. Onun vətənimizdən kənarda gördüyü böyük işlər, o cümlədən xeyriyyəçilik təşəbbüsləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə istedadlı dövlət xadimi kimi fəallıq göstərdiyini nümayiş etdirir. Təsadüfi deyil ki, bu gün Mehriban xanım Əliyevanın gördüyü işlər barədə məlumatlar dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində əks olunur.

İşgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, böyük dəstək idmançılarımızın beynəlxalq yarışlarda vətənə uğur qazandırmasına rəvac vermişdir. Bundan başqa, Azərbaycanda bir-birinin ardınca yüksək səviyyədə təşkil olunmuş beynəlxalq səviyyəli idman oyunları dünyanın nüfuzlu dövlətlərinin diqqətini cəlb etmişdir.

Möhtərəm Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyeva Vətən müharibəsi zamanı da yorulmaz fəaliyyəti ilə seçilmişdir. Birinci vitse-prezidentin ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etmişdir. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə duaları, yaralılarımıza hərtəfli dəstəyi ilə yardımçı olan, şəhidlərimizin və həlak olan günahsız dinc insanlarımızın əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı kimi doğma və qayğılı münasibəti ilə onları ovunduran Birinci vitse-prezident xalqımıza böyük təsəlli olmuşdur. Sadalananlar, eləcə də Mehriban xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz xalq məhəbbətini qazandırmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, ölkənin sürətli və davamlı inkişafına dəstək olacağına əminik.

Əbədiyaşar lider

Məlum olduğu kimi, böyük tarixi şəxsiyyət, dünya siyasi arenasında müstəsna rolu, Azərbaycan milləti və dövləti qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin parlaq xatirəsinə yüksək ehtiram ifadəsi olaraq nəhəng siyasi xadimin 100 illik yubileyi olan 2023-cü il, Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən, ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Dövlətimizi müstəqilliyə aparan yol xəritəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunmuş, əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad olunmuşdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, sözügedən Sərəncamın və onun əsasında hazırlanan tədbirlər planlarının müddəaları Hərbi Prokurorluq Orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə uğurla icra edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri tərəfindən bu müqqəddəs missiya ilə əlaqədar Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri və millət vəkilləri ilə birlikdə Bakıda, Naxçıvanda, Sumqayıtda, Lənkəranda, Zaqatalada, Yevlaxda, Cəlilabadda, Qəbələdə, Şəmkirdə, Qazaxda, Gədəbəydə, Tovuzda, Ağcabədidə, Kəlbəcərdə, Laçında, Qubadlıda, Şuşada, Xankəndidə və digər bölgələrdə 5-i öz iştirakım olmaqla, ümumilikdə 26 tədbir keçirilmişdir.

Fərəh hissləri ilə vurğulanmalıdır ki, bu il böyük tarixi şəxsiyyətin yubileyi və ya "Heydər Əliyev İli" olmasa belə, qədirbilən millətimiz istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda ötən ildə olduğu kimi, eyni qaydada - hədsiz coşqu, yüksək təntənə və sonsuz məhəbbətlə dünyaşöhrətli siyasətçi Heydər Əliyevin doğum gününün növbəti ildönümünü qeyd edir, bu münasibətlə silsilə tədbirlər keçirilir və təkrarsız liderimizin əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad olunur. Təbii ki, bu, ulu öndərə olan misilsiz sevgidən doğur. Əminəm ki, illər, əsrlər və qərinələr keçsə də, bu ənənə davam edəcək.

Sirr deyil ki, Azərbaycanın taleyinə günəş kimi bərq vuran vətənpərvər fenomen Heydər Əliyevin uzaqgörənliyi bu gün də millətimizə və dövlətimizə fayda verir. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş böyük dövlət xadimi Heydər Əliyevin mütərəqqi ideyaları onları hər zaman fəaliyyətində rəhbər tutan möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü mükəmməl siyasətdə yaşayır və dövrün tələblərinə uyğun uğurla həyata keçirilir ki, bu da dövlətimizin daha da qüdrətlənməsini və xalqın rifahının hərtərəfli yaxşılaşmasını şərtləndirir.

Bütün bunlar isə qətiyyətlə onu deməyə əsas verir ki, nə qədər Azərbaycan dövləti və milləti var əbədiyaşar lider Heydər Əliyevin parlaq siması qədirbilən insanların hafizələrində hər zaman yaşayacaq, onun əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla anılacaqdır.

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası

Baş prokurorunun müavini -

Azərbaycan Respublikasının Hərbi prokuroru,

ədliyyə general-leytenantı, respublikanın

Əməkdar hüquqşünası,

Hüquq üzrə fəlsəfə doktoru.