Müasir inkişaf mərhələsindəki uğurlar Ümummilli Liderin ideyalarının təcəssümüdür
Siyasət

Müasir inkişaf mərhələsindəki uğurlar Ümummilli Liderin ideyalarının təcəssümüdür

Azərbaycan müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Dünyada ən sabit və yüksək inkişaf göstəricisinə malik olan ölkə hesab edilən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sosial tərəqqi erasına məhz ümummilli lider Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində nail olmuşdur. Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib. Bütün sahələrdə uzunmüddətli inkişafa xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılıb.

Ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində xalqa müraciətini xatırlayırıq: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər".

Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərinə görə Heydər Əliyev ümummilli liderə çevrilmişdir. O, müasir Azərbaycanın dağılmış, parçalanmış və zəifləmiş sükanını əlinə alanda xalqımıza səslənərək söz verdi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq!". 1993-2003-cü illər ərzində iki dəfə dövlət çevrilişinin qarşısını aldı, həm daxili, həm xarici düşmənlərimizə meydan oxudu və nəhayət, Azərbaycan dirçəldi, inkişaf etməkdə olan ölkəyə çevrildi, beynəlxalq qurumlara üzv oldu, yüksək kürsülərdən öz səsini qaldırdı.

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə ilk növbədə ölkəmizi nicata aparan Heydər Əliyev siyasi kursuna səs verdi. Bu seçimi ilə Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi və ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioriteti Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası olub. Bu illər ərzində atılan hər bir addım Azərbaycanı işğal altında olan ərazilərimizin azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - ərazi bütövlüyümüzün bərpası, doğma dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qaytarılması, Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Ölkə başçısı İlham Əliyevin ilk gündən həyata keçirməyə başladığı siyasətin əsasında duran milli maraqların qorunması prinsipi dövlətin müstəqilliyinin və ideoloji dayaqlarının daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını təmin etdi. Dövlət başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi. Demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə cənab Prezident intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi dövrdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərə almaqla ölkənin müasirliyi və qlobal təhlükələrdən qorunması təmin olundu. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini artırdı.

Ötən illər ərzində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda misilsiz nailiyyətlər əldə olundu. Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı olaraq gördüyü tədbirlər tezliklə öz nəticəsini verməyə başladı. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Qısa zaman ərzində ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi, güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı.

Mustafa KAMAL,

"Respublika".