Ermənistan ziyanın yarısından qayıtmağa çalışır?..
Siyasət

Ermənistan ziyanın yarısından qayıtmağa çalışır?..

Tarix boyu millətlər bir çox müharibələrə şahidlik edib. Nəticədə hər zaman bir qalib, bir də məğlub ölkə olub. Uduzan tərəf üstün olana sülh təklifi edib və ortaq məxrəcə gəlinib. Vətən müharibəsindən 3 il keçməsinə baxmayaraq, Ermənistan sülh yolunu seçmir. Azərbaycan tərəfi qalib olmasına rəğmən, Qərb qonşumuzu dəfələrlə sülhə çağırıb. Qalib ölkə kimi Azərbaycanın bu addımı əvəzsizdir. Lakin Ermənistan anti-Azərbaycan çıxışlar edən qurum və dövlətlərin forpostu olmağa davam edir.

Bunlardan biri də məhz Avropa Parlamentidir. Parlament ötən günlərdə təşkil etdiyi iclasa ölkəmizi dəvət etməyib. Strasburq tribunalarında Ermənistanın baş naziri Nikol Paşinyanın təzadlı çıxışı, regionun "sabitliyi və inkişafı naminə" söylədiyi fikirlər Parlament tərəfindən dinlənilib və heç bir əks-reaksiya verilməyib. Əlbəttə, bunlar təəccüblü hal deyil. Bu həmin parlamentdir ki, anti-Azərbaycan siyasəti yürüdərək adət halını almış qətnamələr qəbul edir. Bu qətnamələrin icrası hüquqi baxımdan məcburi olmasa da, onların qəbul edilməsi Avropa Parlamentinin ikiüzlü siyasətini bir daha təsdiq edir.

Avropa Parlamentinin parlamentariləri erməni lobbisindən aldıqları ianələr müqabilində Azərbaycan əleyhinə danışır, Parlamentin tərkibində yüzlərlə erməni və onların "dostları" fəaliyyət göstərir. Bununla yanaşı, parlamentin üzvü olmayan kənar erməni qüvvələr də rüşvət verməkdə fəal iştirak edir. Bunların arasında Belçikadakı erməni mafiyasının əsas siması Kaspar Karampetyan, erməni əsilli oliqarx Vartan Sirmakes də var. Hər ikisi mütəmadi şəkildə Avropa Parlamentinə külli miqdarda rüşvət verib və öz korrupsiyaları ortaya çıxmasın deyə ört-basdır edib.

K.Karampetyan "Ədalət və Demokratiya Naminə Ümumavropa Erməni Federasiyası" adlı təşkilatın prezidentidir. V.Sirmakes isə torpaqlarımız işğal altında olan dövrlərdə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyəti göstərib. Sirmakes bir çox Avropa təşkilatlarına rüşvət verərək onları ermənipərəst mövqe nümayiş etdirməyə vadar edib. Bunlardan biri də "Ermənistanın Avropa Dostları" (EuFoA) təşkilatıdır. Təşkilatın əsas məqsədi isə Avropanın səlahiyyətli şəxsləri ilə Ermənistan və qondarma qurum arasında əlaqələr yaratmaqdır. Əlbəttə, erməni mafiya və oliqarxların verdiyi rüşvət nəticəsində Avropa Parlamentinin bəzi deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər.

Bu gün Avropa Parlamentinin tribunalarında Nikol Paşinyanın səsinin əks-səda verməsi də deyilənlərin əyani sübutudur.

Forpost ölkə indi də Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək istəyir. Paşinyan Qarabağdan Ermənistana gələnlərə görə Aİ-dən yardım paketi istəyib. O bildirib ki, "100 min" erməni "Dağlıq Qarabağ"dan Ermənistana qaçıb. İlk növbədə, Paşinyanın irəli sürdüyü bu rəqəmlər tamamilə şişirdilib. Bundan başqa, onların "qaçqın" adlandırılması isə absurd məsələdir. Çünki qaçqın sözünün lüğətdəki qarşılığı bir sıra statuslarla yanaşı, müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu deyilənlərin heç biri öz xoşları ilə ərazini tərk edən erməni əsilli vətəndaşlara aid deyil. Azərbaycan Respublikası onlara bölgədə qalıb, firavanlıq içində yaşamağı dəfələrlə təklif edib, lakin onlar qəbul etməyiblər. Bundan başqa, Qarabağdakı erməni sakinlər evlərindən zorla, məcburən çıxarılmayıblar. Əslində, istər dünya, istərsə də yerli medianın birbaşa yayımladığı görüntülərə diqqət yetirilsə, Nikol Paşinyanın dediyi bütün ifadələrin mifdən ibarət olduğu aydın formada görünər.

Paşinyanın mina xəritələrini təhvil verəcəklərini deməsi isə hər mənada gülüncdür. Burada sual olunur ki, əgər niyyətiniz sülhdürsə, niyə 3 ildir Azərbaycanın dəfələrlə tələb etməsinə baxmayaraq, həqiqi mina xəritələrini ortaya çıxarmamısınız? Yüzlərlə insan həlak olmasına və ya xəsarət almasına səbəb olmusunuz?  Görünür, Paşinyan bu yalanları söyləyərkən parlamentarilər heç onu dinləməyib, ya da artıq yalana öyrəşiblər.

Paşinyan bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. İqtisadi və siyasi kollapsın dalana sıxışdırdığı Ermənistanı yalnız sülh və sabitlik xilas edə bilər. Ermənistan özü də bunun fərqindədir. Zəngəzur dəhlizindən kənarda qalması onu yeni və tutulmayan sözlər verməyə vadar edib. Belə ki, Paşinyanın sözlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırdırlar. Ermənistan iqtisadiyyatını dirçəltmək üçün atdığı bu addımlar sülh və sabitliyə köklənərsə, o zaman xeyir götürə bilər. Əks təqdirdə, vəziyyət onlar üçün heç də ürəkaçan olmayacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".