Ermənistan və Fransa nəinki fırtına, heç dalğa da yarada bilmədi
Siyasət

Ermənistan və Fransa nəinki fırtına, heç dalğa da yarada bilmədi

Ermənistanın tərəfdaşları  ilə birlikdə BMT Təhlükəsizlik Şurasında (TŞ) "humanitar fəlakət" adlı qondarma məsələni gündəliyə gətirməklə ölkəmizin əleyhinə qətnamə qəbul etdirmək istəyi bu dəfə də puç oldu. Müzakirələrdə TŞ-nin daimi və müvəqqəti üzvləri, BMT nümayəndələri, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təmsilçiləri çıxış ediblər. BMT TŞ-də müzakirələr Ermənistan diplomatiyasının tam iflası ilə nəticələndi və bir daha Azərbaycanın beynəlxalq hüquqazidd addım atmadığı sübut olundu. Beləcə, diplomatiyamız bu sınaqdan da üzüağ çıxdı.

Siyasi şərhçi Qabil Hüseynli BMT TŞ-də müzakirə olunan məsələni şərh edib:

"Ermənilərin uydurma Laçın yolu problemi - Qarabağın ermənilər yaşayan ərazisində "humanitar böhranın",  "humanitar fəlakətin" olması haqqında qaldırdığı hay-küyün Fransa tərəfindən də körüklənərək Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müzakirəsinə verilməsi sözün əsl mənasında biabırçılıq idi. Dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin qarantı yollarından biri olan BMT Təhlükəsizlik Şurasının belə barmaqdan sorulmaq faktlara əsaslanaraq müzakirələr açması həm qeyri-təbii, həm də BMT əsasnaməsinə uyğun deyildi. Fransa burada da  dəridən-qabıqdan çıxdı və məsələnin Təhlükəsizlik Şurasının gündəliyinə salınmasına nail oldu. Beləliklə, məsələ müzakirə edildi. Amma müzakirənin nəticələrində Ermənistanın xeyrinə nə konkret bir qərar, nə də qətnamə öz əksini tapmadı və nəticə etibarilə yalnız bəzi tövsiyələrlə başa çatdı. Bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edən ölkələr içərisində birinci yerdə Türkiyənin adını çəkmək lazım gəlir. Türkiyənin BMT-dəki daimi nümayəndəsi həm bölgədə ermənilərin vəziyyəti mürəkkəbləşdirən hərəkətlərindən, həm də Laçın yolu ilə bağlı uydurmaların əsassızlığından danışdı və onu da əlavə etdi ki, Azərbaycan tərəfi vəziyyətin nizama salınması üçün konkret addımlar atır, konstruktiv təkliflər verir. Həmin təkliflərdən biri də Laçın yoluna alternativ olan Ağdam-Xankəndi yolunun istifadəyə verilməsidir", - deyə siyasi şərhçi bildirib.

Qabil Hüseynli iclasda iştirak edən ölkələrin tutduğu mövqeyə də fikir bildirib:

"Çox gözlənilməz  hadisələrdən biri o oldu ki, Rusiya da Ağdam-Xankəndi yolunun məqbulluğunu müdafiə etdi və Azərbaycan tərəfindən bunun təklif edilməsini müsbət addım kimi dəyərləndirdi. Albaniya tərəfi də ciddi surətdə ermənilərin uydurmalarını kəskin tənqid etdi və bildirdi ki, belə məsələləri Azərbaycan və Ermənistan bir yerdə müzakirə edib müəyyən qərara gəlməlidirlər. Amma əleyhimizə olanlar çox dərin subyektivizmə vardılar və əsli olmayan faktlar səsləndirdilər. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi sözün əsl mənasında hiddət doğurur. Bu, ərəb ölkəsi ermənilərin mövqeyini müdafiə etdi və "humanitar böhran"dan danışdı.  "Humanitar böhran" nəticəsində burada yaşayan ermənilərə ciddi ziyan dəyməsi barədə yalan  faktlar irəli sürdü və nəticə etibarilə açıq ermənipərəst mövqe nümayiş etdirdi. Malta nümayəndəsi də böyük yalanlara yol verdi. O da "humanitar böhran"ın hər gün dərinləşdiyindən, Azərbaycanın Laçın yolunu "blokladığından", ölkəmizi  bu yoldan çəkindirmək üçün təcili addımlar atılmasının zəruriliyindən danışdı. Amma onun dediklərində  həqiqəti əks etdirən bir dənə də fakt yox idi.

Ermənistanın xarici işlər naziri orada çıxış etməklə özünü büsbütün biabır etdi. O, daha uzağa gedərək bu ərazilərdə erməni milli azlığına qarşı "soyqırımı siyasəti"nin həyata keçirilməsindən danışdı və bildirdi ki, Azərbaycan tərəfinin əsas niyyəti bölgədə yaşayan erməniləri "etnik təmizləmə"yə məruz qoymaqdır və guya artıq bu cür "etnik təmizləmə"yə məruz qoymanın ilkin nəticələri ortadadır və sairə. Amma fakt göstərə bilmədi. Bu "etnik təmizləmə"yə məruz qalan insanlardan birinin adı çəkilmədi. Fransa da Ermənistanın söylədiyi fikirləri başqa formada təkrar etdi, Azərbaycanın ünvanına kəskin tənqidlər səsləndirdi və bildirdi ki, dünya ictimaiyyəti bu "humanitar fəlakətin" qarşısını almaq üçün dərhal hərəkətə keçməli və burada vəziyyətin normallaşmasına nail olmalıdır. Amma onu da demək lazımdır ki, sadiq müttəfiqlərimizdən olan Böyük Britaniya və digər dövlətlər bizi müdafiə etdilər. Çin müttəfiq olmasa da sadəcə, həmişə Azərbaycanın mövqeyinə obyektiv yanaşıb və bu dəfə də biz onlardan bunu gördük. Beləcə, bir stəkan suda Fransa və Ermənistan fırtına törətməyə çalışdılar. Amma fırtına alınmadı. Heç suyu da dalğalandıra bilmədilər və nəticə etibarilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəslik Şurasının bu toplantısı bəzi sönük tövsiyələrlə işini başa vurdu".

Musa BAĞIRLI,

"Respublika".