Erməni vandalizmi davam edir
Digər xəbərlər

Erməni vandalizmi davam edir

Mədəni irsin qorunmasına xidmət edən beynəlxalq qurumlar bu məsələyə münasibətdə yenə də seyrçi mövqelərində qalmaqda davam edirlər

"Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib". 2021-ci il yanvarın 19-da Türk Dövlətləri Təşkilatı Şurasının baş katibi Bağdad Amreyevi  videoformatda qəbul edərkən bu fikirləri bildirən Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin bütün dünyanın gözü qarşısında etdikləri əməllərin barbarlıq olduğunu, ona başqa bir ad verməyin qeyri-mümkünlüyünü diqqətə çatdırmışdır.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən Mədəniyyət Nazirliyinin nümayəndələri tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərə başladılar. Dağıdılmış tarixi-mədəni abidələrin, mədəniyyət müəssisələrinin sayı, onların vəziyyəti isə erməni vandalizmini bir daha açıqlığı ilə ortaya qoydu.

Belə ki, təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonundakı Azıx mağarası, Ağdam rayonundakı Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar qanunsuz qazıntı işləri aparmış, eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidində "bərpa" adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu qədim tikilinin fars məscidi olmasını iddia etmişdir.

Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərir. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalmış, Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülmüş, Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə də zərər dəymişdir.

Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı, bağ-park, monumental və xatirə abidələri, o cümlədən Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən məqbərəsi, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi və s. dağıdılmışdır. Vandalizmin qurbanı olan belə nümunələr isə çoxdur...

Son günlər Laçın və Zabux, Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilərin vandallığını əks etdirən görüntülərin yayılması insanları bir daha hiddətləndirdi. Ermənilər öz ənənələrinə sadiq qalaraq Kəlbəcərdə etdikləri kimi, Laçında da bu ərazini tərk edərkən vəhşiliklər törətdilər, əraziləri dağıtdılar.

Ermənilərin öz xislətlərinə uyğun şəkildə davranacaqları gözlənilən idi. Tarix boyu belə olublar. Hələ o əraziləri tərk etməmişdən əvvəl Laçında meşələrin, evlərin yandırılması özü əslində təxribat idi, yəni ermənilər provakasiyaya başlamışdılar. Onlar beləliklə, həm vəhşiliklərini növbəti dəfə ortaya qoyur, həm də torpaqların tarixi sahibi olmadıqlarını göstərirdilər: insan öz evini necə yandıra bilər? Bəlkə də, Ermənistan hakimiyyəti bunda maraqlıdır, amma separatçılar Laçını tərk etmək istəmirdilər. Elə ona görə də evləri yandırır, "Mənim olmayacaqsa, azərbaycanlıların da olmamalı" düşüncəsi ilə hərəkət edirdilər.

Ermənilər Laçın meşələrinə od vurmaqla heç bir beynəlxalq hüquqa, ümumbəşəri prinsiplərə əhəmiyyət vermədiklərini göstərmiş oldular. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Tarixən özgə torpaqlarında məskunlaşmış ermənilər üçün bəlkə də, terrorizmdən, vandallıqdan daha asan bir iş yoxdur.

Əslində, Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkəti artıq adi hal alıb. Onlar 44 günlük Vətən müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurdular. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini məhv etməklə kifayətlənməyən ermənilər bu dəfə də Xocalı və Laçın ərazisindəki meşəlikləri yandıraraq ətraf mühitə qəsdən zərər vurmuş, eyni zamanda bu yerlərin onlara məxsus olmadığını bir daha təsdiqləmişdilər.

Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı çoxəsrlik yaşı olan meşələri yandırıb ekoloji terror törətdilər. İşğal dövründə Topxana meşələrindən başlayaraq ətraf rayonların meşələrini yandıran, üçtərəfli Bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv edən ermənilər indi də Laçın ərazisində vəhşilik etdilər.

Laçın və ətraf ərazilərdə meşələrin yandırılması onu göstərir ki, ermənilər öz patoloji nifrətlərini  müxtəlif yollarla ifadə edirlər. Hətta o yerlərə yeni istehsal edilən minalar da basdırılmışdı. Kiçik bir ərazidə minə yaxın mina aşkarlanıb. Ən maraqlısı odur ki, bütün bunlar 44 günlük Vətən müharibəsindən sonra baş verib. Həm də dünyanın gözü qarşısında. Çox təəssüf ki, beynəlxalq təşkilatlar yenə də susurlar.

1992-ci ildə Ermənistanın işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. İndi isə ermənilər Zabux kəndində 30 il işğal altında saxladıqları evləri yandırdılar. Bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir. 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etməli olduqları ərazilərdə hər şeyi məhv edib getdilər.

Belə bir sual olunur: Dünya mədəniyyəti nümunələrinin məhv edilməsi görəsən, bu sivil dünyanı narahat etməlidirmi? Cavab aydındır: Bəli! Çünki Ermənistan hakimiyyətinin törətdikləri siyasi və hüquqi məsuliyyət yaradır və beynəlxalq konvensiyaları pozan Ermənistanın siyasəti tarixi-memarlıq irsə qarşı vəhşiliyin nümunəsi olduğundan siyasi və hüquqi qiymətini də almalıdır. Bəs, gerçəklik necədir? Azərbaycan xalqının tarixi irsi UNESCO-nun gözü qarşısında dağıdılır, o isə susur. Vandallıq, vəhşilik törədilir, beynəlxalq qurumlar yenə də seyrçi mövqelərində qalmaqda davam edirlər. Bəlkə də kimsəyə dərs vermək üçün mənəvi haqlarını itiriblər. Əslində, ermənilərin dağıtdığı abidələrə, təbiətə vurduqları ziyana biganə qaldıqca həmin nüfuzlu təşkilatlar özlərini mədəni dünyanın gözündən salır, yaşamaq haqlarını itirirlər...

Zümrüd QURBANQIZI,

"Respublika".