Erməni təxribatının növbəti hədəfi “Gənclər şəhəri
Tarix

Erməni təxribatının növbəti hədəfi “Gənclər şəhəri" seçilmişdi...

Sumqayıt hadisələrindən 36 il ötür. Həmin günü bir sumqayıtlı kimi yada salmaq istəyirəm. Mən Sumqayıt hadisələrindən düz 13 il sonra dünyaya göz açmışam. Amma ailəm həmin dövrdə şəhərdə olub. Nənəm, babam, atam və bibilərim elə 1988-ci ildə bura köçüblər. Anam isə əvvəlcədən Sumqayıtda yaşayıb. İndi yazacaqlarım da ailəmlə söhbətim zamanı mənə dedikləridir.

Əvvəlcə onu qeyd edək ki, "Gənclər şəhəri" Sumqayıt təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılan 41 mindən artıq azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəbli idilər. Ona görə də burada genişmiqyaslı iğtişaşlar törətmək mümkün oldu.

Fevralın 28-də baş verəcəklərə isə əslində bir gün əvvəl zəmin yaradılıbmış. Nənəm deyir ki, ayın 27-də bazar tərəfdə (alış-veriş mərkəzləri olduğu üçün bazar adlanan ərazi) qarışıqlıq var idi. Fevralın son günlərində bir qrup şəxs Ermənistandan qaçıb canlarını qurtardıqlarını deyir, nifrət nitqləri səsləndirirdilər. 100 nəfərə yaxın gənc isə "ermənilərə ölüm!" şüarları ilə şəhərdə gəzirdilər. Növbəti gün qarışıqlıq daha geniş miqyas aldı. Ermənistanda divan tutulmuş azərbaycanlıların qisasını almaq üçün buradakı erməniləri öldürməyə çağırırdılar. Başda isə iki dəfə məhkum olunan "Paşa" ləqəbli Eduard Qriqoryan gedirdi. Sonra bəzi evlərə hücumlar edildi. Şəhərin 2-ci mikrorayonundakı bir binanın 5-ci mərtəbəsindən yaşlı bir ermənini aşağı atdılar. O vaxt 3-cü mikrorayonda yaşayırdıq. Bizim binanın yaxınlığında ermənilər yaşayan evlərə də girdilər. Sonradan məlum oldu ki, həmin ünvanlarda "Krunk" üçün ianə verməyən ermənilər yaşayırmış (1965-ci ildən etibarən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan kimi, digər sənaye mərkəzlərində kök salmış erməni daşnaklar "Krunk", "Artsax" və digər gizli erməni təşkilatlarına vəsait toplayır, gizli vərəqələr yaymaqla məşğul olurdular). Əslində, bu hadisə bir çox gizli məqamlara işıq salır, amma daha ətraflı anlamaq üçün faktlara nəzər salaq:

"Sülh" küçəsi boyunca rus zirehli transportyorları şütüyürdü. Hüquq-mühafizə orqanları isə sanki iflic olmuşdu. İş-işdən keçəndən sonra Sumqayıtda fövqəladə vəziyyət elan edildi və komendant saatı tətbiq olundu. Məlumat verildi ki, həmin günlərdə şəhərdə 26-sı erməni olmaqla, 32 nəfər həyatını itirib. Çoxsaylı maşın yandırılıb, mağazalar, mənzillər talan edilib. İğtişaşların təşkilatçıları quldur dəstəsini əvvəlcədən Boruyayma zavodunda erməni ustaların hazırladığı şiş uclu dəmir parçaları ilə "silahlandırıb", spirtli içki və narkotiklərlə təmin edib. Hadisələrə rəhbərlik edən "Paşa" ləqəbli şəxs 1988-ci ilin əvvəllərində Xankəndidə Serj Sarkisyan, həmçinin erməni katolikos I Vazgenin xeyir-dua verdiyi "Krunk"un fəalları ilə görüş keçirib. Vəzifə sahibi olan ermənilərin Sumqayıtdan gələn sadə insanla nə işi ola bilərdi? Deməli, o, Qarabağın ilhaqı məsələsində "Sumqayıt kartı"ndan istifadə etmək üçün təlimatlandırılan, Azərbaycan dilini təmiz bilən bir cinayətkar olub. Görüşdüyü şəxslərdən tapşırıq alandan sonra Sumqayıta qayıdıb aranı qızışdırıb. Dünya ictimaiyyətinə azərbaycanlıları başkəsən şovinistlər kimi qələmə verməyə çalışıb. Aydın olur ki, Sumqayıt hadisələri həm də Serj Sarkisyan və o vaxtlar "Krunk"un ideoloji bölməsinin rəhbəri olan Robert Köçəryanın planı olub. Daha sonra Moskvadakı müzakirələrdə Mixail Qorbaçovun ermənilərə loyal münasibət göstərməsi, hadisələrin milli zəmində baş vermədiyi fikrini ortaya atması da onu göstərir ki, 1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi.

SSRİ Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı cinayət işi açıldı, istintaq aparıldı və iğtişaşların icraçıları və onlarla əlbir olan şəxslər müəyyən edildi. Hadisələrə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplandı. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən "Paşa" ləqəbli şəxs cəzasını çəkmək üçün Ermənistana verildi, daha sonra isə azadlığa buraxıldı. Halbuki Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadına isə təcavüz etmişdi. Amma erməni təşkilatları bu cür cinayətlər törətmiş şəxsi ağır cəzadan qurtardılar.

Doğrudur, erməni dairələri tərəfindən Sumqayıt hadisələrindən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin humanizmi sayəsində hadisələr təxribat planına uyğun olaraq geniş miqyas almadı. Milliyyətcə erməni şahidlərin ifadələrindən də göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.

Daha sonralar ermənilərin Sumqayıtla bağlı yalanları ifşa edildi. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin, onların havadarlarının əli ilə törədilməsi sübuta yetirildi. Bununla da tarixi həqiqət gec də olsa, öz yerini tapdı. Məlum oldu ki, Sumqayıt hadisələri heç də erməniləri məhv etmək məqsədilə törədilməmişdi. Bu təxribat Azərbaycan torpaqlarının ermənilər tərəfindən gələcək işğalına dünya ictimaiyyəti tərəfindən haqq qazandırmaq məqsədi güdürdü.

Jalə QASIMZADƏ,

"Respublika".