Avstraliyalı iş adamları aqrar sektora investisiya yatırmağa dəvət edilib
İqtisadiyyat

Avstraliyalı iş adamları aqrar sektora investisiya yatırmağa dəvət edilib

Avstraliyalı iş adamları Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırılıb.

“Respublika” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri Rik Uilson ilə keçirilmiş görüşdə deyib.

E.Zeynalov ölkədə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, eləcə də kənd təsərrüfatının inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə verdiyi böyük önəmin və ekoloji təhdidlərə qarşı birgə mübarizə sahəsində müasir çağırışlara və tendensiyalara dəstəyin təzahürüdür. Vurğulanıb ki, yaşıl enerji zonası elan edilən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, bu ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi və ekosistemin bərpa olunması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

O, ölkədə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, avstraliyalı iş adamlarını bu sərgidə fəal iştiraka çağırıb.

R. Uilson isə ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Tərəflər Azərbaycanla Avstraliya arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.